Sabiq nazir Oqtay Şirəliyev uzun illər Azərbaycan səhiyyəsinin idarə olunmasında əsas fiqurlardan biri olub. Onun vəfatı ilə bağlı qəfil xəbər sosial şəbəkələrdə ictimai müzakirələr yaradıb. Kimi onun nazir olduğu dövrdəki fəaliyyəti müsbət qiymətləndirib, kimi də O.Şirəliyevin Azərbaycan səhiyyəsini bataqlığa yuvarlatdığını bildirib. Qeyd edək ki, mərhum Şirəliyev Azərbaycanın səhiyyə tarixində bu vəzifədə ən uzun müddət çalışmış eks-nazirdir.
Keçmiş nazirin həyatdan köçməsi ilə yanaşı, ailə üzvləri də – xüsusulə övladları – medianın və ictimaiyyətin diqqətinə düşüb. Oqtay Şirəliyevin övladları kimdir? Onlar nə işlə məşğuldur?
Xatırladaq ki, Oqtay Şirəliyev 20 oktyabr 2005-ci ildə səhiyyə naziri təyin edilmiş, 23 aprel 2021-ci ildə səhiyyə naziri vəzifəsindən azad olunmuşdu. O bu yaxınlaradak Respublika Diaqnostika Mərkəzinə rəhbərlik edirdi.
Modern.az xəbər verir ki, mərhum eks-nazirin üç övladı haqqında məlumat var: iki oğlu, bir qızı.
Məlumatlara görə, Oqtay Şirəliyevin ilk həyat yoldaşı 1994-cü illərdə vəfat edib.
Sabiq nazirin 1974-cü il təvəllüdlü qızı Nərmin Şirəliyeva Bakıdakı 27 nömrəli ingilisdilli təmayüllü orta məktəbi bitirib. 1991-1996-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Beynəlxalq jurnalistika fakültəsində kulturologiya üzrə ali təhsil alıb. 1996-cı ildə "Kultura" qəzetində beynəlxalq icmalçı kimi əmək fəaliyyətinə başlayıb. "Kultura" ilə yanaşı, o, Moskvada nəşr olunan digər populyar qəzet və jurnallarda da icmallar, esselər, tanınmış mədəniyyət xadimləri ilə müsahibələr dərc etdirib.
Daha sonra N.Şirəliyevanın yolu televiziya sahəsinə yönəlib. Belə ki, o, 1998-ci ildə Rusiyanın dövlət telekanalı olan “Kultura”da müxbir təyin olunub. Sonralar “Kultura” telekanalında şef-redaktor, icmalçı, "Mədəniyyət yenilikləri" proqramının aparıcısı işləyib.
2001-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aspiranturasına daxil olub, 2004-cü ildə isə "Rusiya və Fransanın mədəni əlaqələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi alıb.
Nərmin Şirəliyeva 1997-ci ildə Rusiyanın məşhur televiziya və kino rejissoru, ssenarist Yevgeni Ginsburqla ailə həyatı qurub.
1999-cu ildə ailədə oğlan uşağı dünyaya gəlib və ona Aleksandr adı verilib.
Kinorejissorun azərbaycanlı xanımla evliliyi 14 il sürüb. 2012-ci ilin yanvarında Yevgeni Ginsburq insultdan vəfat edib.
Nərmin Şirəliyeva 2011-ci ilin martından hakim Vahid Rusiya Partiyasının üzvüdür. 2013-cü ilin fevralında o, Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri postuna təyinat alıb. N.Şirəliyeva 2018-2020-ci illərdə Moskva vilayətinin mədəniyyət naziri vəzifəsində işləyib.
Hazırda o, Rusiya XİN-in strukturlarından biri olan “Rossotrudniçestva” rəhbərinin müşaviri postunu tutur.
Bununla yanaşı o, 2018-ci ilin fevral ayından MDBMİ-nin Beynəlxalq Jurnalistika kafedrasınıda dərs deyir, professordur.
Sabiq naziri böyük oğlu - 1978-ci il təvəllüdlü Murad Şirəliyev Azərbaycan İnşaat Mühəndisləri Universitetində (1994-1998) bakalavr təhsili alıb. Ardınca bu universitetdə "İqtisadiyyat və idarəetmə" ixtisası üzrə magistr dərəcəsinə yiyələnib alıb. Murad Şirəliyev 2005-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, iqtisad elmləri namizədi elmi dərəcəsi alıb.
M.Şirəliyev 2001-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. 2000-ci ildən həm də bank sektorunda işə düzəlib, 2005-ci ildə "Kapital Bank" ASC-nin İdarə Heyətinə seçilib.
Daha sonra 2015-ci ilin iyul ayından 2018-ci ilin dekabr ayına qədər “Azərbaycan Beynəlxalq Bank" ASC-də İdarə Heyətinin sədr müavini vəzifəsini tutub.
Murad Şirəliyevin Beynəlxalq Bankdan gedəndən sonra Almaniya şirkəti olan "Solaris GmbH”də rəhbər vəzifədə çalışdığı bildirlir. Ardınca o, "Azərsığorta” şirkətində sədrin müşaviri olub və 2022-ci ildə buradan da istefa verib.
Oqtay Şirəliyevin digər oğlu Kazım Şirəliyevin özəl sektorda çalışdığı barədə məlumatlar var. 2017-ci ildə K.Şirəliyevə “Bilgah Beach Hotel”də dəbdəbəli toy mərasimi keçirldiyi və onun biznesmen ailəsinin qızı ilə evləndiyi barədə məlumat yayılmışdı.
O.Şirəliyevin digər övladları barqədə məlumat əldə etmək mümkün olmayıb.
A.Qorxmaz