25 ildən artıqdır ki, Rusiyaya rəhbərlik edən Vladimir Putin dünən 73 yaşını qeyd etdi.
Araşdırmalara görə, Putin hazırda dünyada ən güclü şəkildə qorunan liderlərindən biridir. Onun təhlükəsizliyinə məsul olan şəxslər - yəni şəxsi cangüdənləri yalnız fiziki güc baxımından deyil, həm də peşəkarlıq, sədaqət və yüksək hazırlıq səviyyəsi ilə seçilirlər. Bəs bu adamlar kimlərdir və Putin necə qorunur?
Modern.az bir neçə gün öncə Prezidentin Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksey Rubejnoydan bəhs edən araşdırma yazısı təqdim etmişdi. Həmin yazının davamı olaraq Putinin cangüdənləri haqda növbəti materialı diqqətinizə çatdırırıq.
Vladimir Putini qoruyan əsas qurum - Federal Mühafizə Xidməti (FMX) - Rusiyanın ən qapalı və sirli təşkilatlarından biridir. 1996-cı ildə yaradılan bu xidmətin əsas vəzifəsi prezidentin, yüksək vəzifəli dövlət rəsmilərinin, strateji obyektlərin və rəsmi tədbirlərin təhlükəsizliyini təmin etməkdir. Xidmət keçmiş SSRİ dövründən miras qalan və “KQB”nin elit strukturuna əsaslanan ciddi seleksiya prosesi ilə formalaşır.
Putinin şəxsi mühafizəçiləri təsadüfi insanlar deyil. Onlar Federal Mühafizə Xidməti daxilində fəaliyyət göstərən "Prezidentin Təhlükəsizlik Xidməti" adlı xüsusi bölmədən seçilirlər. Buraya düşmək üçün namizədlər aşağıdakı meyarlardan keçməlidirlər:
Yaş: 35-dən yuxarı olmamalıdır;
Boy: 180 sm-dən aşağı olmamalıdır;
Fiziki hazırlıq: Yüksək səviyyədə dözümlülük, döyüş bacarıqları;
Psixoloji testlər: Qərarvermə qabiliyyəti, təzyiq altında sakit qalmaq bacarığı;
Təhlükəsizlik araşdırması: Ailəsi daxil olmaqla bütün keçmişi araşdırılır;
Loyalite testləri: Dövlətə və şəxsən prezidentə sadiqlik.
Prezidentlərin cangüdənləri dövlət sirlərinin daşıyıcısıdırlar – Onlar dövlət başçılarının şəxsi rejimi, planları, hətta sağlamlıq vəziyyəti barədə məlumatlı olurlar. Rusiya qanunlarına görə, cangüdənlər prezident haqqında məlumatları açıqlamağa ömürlük qadağa altındadırlar.
Araşdırmalara görə, Vladimir Putinin yanında görünən cangüdənlər sadəcə “vitrin”dir. Görünməyən təhlükəsizlik əməkdaşları, snayperlər, müşahidəçilər, kəşfiyyat dronları və xüsusi rabitə ilə təmin olunanlar da var. Hər rəsmi səfərdən əvvəl prezidentin gedəcəyi məkan günlərlə yoxlanılır.
Putinin mühafizəçilərinin orta yaşı hazırda 36-dır. Onlar əsasən, müxtəlif döyüş sənətlərində atletik dərəcələri və ya titulları olan şəxslərdir.
Putinin səfərləri, yerli vaxt və tarix açıqlanmadan bir neçə gün öncə Federal Mühafizə Xidməti tərəfindən təhlükəsizlik məqsədilə gizli planlaşdırılır.
Vaxtilə Putinin ətrafında olmuş keçmiş cangüdənlərdən bir neçəsi sonradan mətbuatda görünərək müəyyən açıqlamalar veriblər. Məsələn, keçmiş cangüdən Qleb Karakulov 2023-cü ildə Qərbə qaçaraq bir sıra sensasion açıqlamalar vermişdi. O, Putinlə bağlı bəzi “qapalı həyat tərzi” detallarını bölüşmüşdü - məsələn, prezidentin heç vaxt mobil telefon istifadə etməməsi, xüsusi qatarla səyahət etməsi və iz buraxmamaq üçün müəyyən protokollara riayət etməsi kimi...
Qərb mətbuatındakı araşdırmalarda etiraf olunur ki, Vladimir Putinin təhlükəsizliyi hərbi və texnoloji cəhətdən ən yüksək səviyyədə qorunur. Onun cangüdənləri təkcə fiziki deyil, həm də siyasi və informasiya təhlükəsizliyini təmin edən elit kadrlardır. Onlar Rusiya dövlətinin ən sirli və etibarlı şəxsləri hesab olunurlar. Putinin cangüdənləri yüksək vəzifələrə can atmırlar, dövlət başçısına sadiqdirlər və prezident uğrunda təkcə öldürmyə deyil, ölməyə də hazırdırlar. Amma Putin istəyəndə, onları müxtəlif vəzifələrə təyin edir və belə faktlar kifayət qədərdir.
“Dosye” Mərkəzi Rusiya Prezidentin hücumlardan, zəhərlənmələrdən və telefon dinləmələrindən necə qorunduğunu araşdırıb. Bu araşdırma zamanı 2021-ci ildə çəkilmiş "Bizim xidmət" filmindən istifadə edilib. Sözügedən film ictimaiyyətə açıq olmadığından və televiziyada yayımlanmadığından, çox güman ki, Federal Mühafizə Xidmətinə bağlı şəxslərin məhdud auditoriyası üçün nəzərdə tutulub.
Araşdırmalara görə, 2018-ci ildə Putinin şəxsi mühafizəçilərinin maaşı təxminən 80 min rubl olub. İndi isə bu məbləğin 180.000 ilə 226.000 rubl arasında dəyişdiyi bildirilir.
Putinin mühafizəçiləri onu bütün daxili və xarici səfərlərində müşayiət edir və təyyarədə prezidentlə birlikdə uçurlar. Mühafizəçilər Putinin bütün iqamətgahlarına, mənzillərinə nəzarət edirlər.
Rusiya prezidentinin səfərləri zamanı müşayiət heyəti iki hissəyə bölünür: bəziləri birbaşa Putinlə gedir, digərləri isə təyinat yerinə əvvəlcədən çatırlar. Federal Mühafizə Xidməti bütün nəqliyyatı - həm avtomobilləri, həm də zirehli qatarları təmin edir və döyüş təyyarələri uçuşlar zamanı prezidentin təyyarəsini müşayiət edir.
Prezidenti xaricə səfərləri zamanı eskort qrupu müşayiət edir. Qrup üzvlərinin sayının 100-ə yaxın olduğu ehtimal edilir.