Azərbaycanın cənub-qərbində, dağların qoynunda yerləşən Sobu kəndi – Zəngilan rayonunun təbiəti və tarixi ilə seçilən unikal yaşayış məskənlərindən biridir. Bu kəndi görənlər deyir ki, Sobuya bir dəfə yolun düşsə, geri qayıtmaq istəmirsən. Dağların əhatəsində, sərin bulaqların, yaşıl meşələrin qoynunda yerləşən kənd həm də insanları ilə fərqlənirdi – təmiz, saf həyat tərzi, uzunömürlülüyü, dərin köklərə malik adət-ənənələrilə...
Modern.az saytı Sobu kəndi ilə bağlı maraqlı xatirələri öyrənmək üçün onun sakinləri ilə həmsöhbət olub. Onlar ötən günlərə boylanaraq, həm təbiətin gözəlliyindən, həm də kəndin özünəməxsus adət-ənənələrindən danışıblar.
Sobulu riyaziyyat müəllimi Elbrus Hüseynov deyir ki, kənddə demək olar ki, təbiətin hər bir gözəlliyi mövcuddur:
“Kəndimiz bulaqları, zəngin flora və faunası, sıx meşələri, qoz ağacları, münbit zəmiləri ilə sanki canlı təbiət muzeyini xatırladır. 30 təsərrüfatdan ibarət olan kənddə illərlə formalaşmış bir həyat tərzi vardı: sağlam qidalanma, təmiz hava və ən əsası isə siqaret və spirtli içkilərin adı belə çəkilməzdi”.
Elbrus müəllimin sözlərinə görə, 1980-ci illərə qədər Sobuda nə siqaret çəkən, nə də içki içən olub.
“Ağsaqqalların dediyinə görə, bu zərərli vərdişlər haçansa kəndə qonaq gəlmiş iki gəncin təsiri ilə daxil olub. Onların gətirdiyi siqaret və içki bəzi gənclər tərəfindən qəbul edilsə də, kəndin əsas kütləsi bu cür vərdişlərdən uzaq yaşayıb”.
Həmsöhbətimizin sözlərinə görə, Sobu kəndini fərqləndirən özəl cəhətlərdən biri də kişilərin “eşmə bığ” saxlaması olub:
“Bu, sadəcə xarici görünüş deyil, bir qürur simvolu, kişilik nümunəsi sayılırdı. Kəndin ağsaqqalları, hətta 80-90 yaşlı kişiləri belə ata minərək meşəyə gedər, 30-40 dəqiqə keçməmiş yüklü geri qayıdardılar. Əhali belə bir sağlam təbiətdə, sağlam mühitdə həyat tərzi keçirərdi”,- E.Hüseynov əlavə edib.
Toxunmuş tarix – xalçaların dili
Xalçalar – bir dövrün, bir xalqın, bir kəndin yaddaşını özündə yaşadan sənət nümunələridir.
Fotoreportajımızın əsas məğzini də elə ötən əsrdə Zəngilanın Sobu kəndində toxunan əl əməyi xalça nümunələri təşkil edir.
Fotolarda gördüyümüz xalçalar, toxuculuq nümunələri Sobu kənd sakini Ördək Həsənova tərəfindən hazırlanıb.
Onun qızı Mədinə Cümşüdova xalçaların tarixi, anasının vəsiyyəti barədə təəssüratlarını bizimlə bölüşüb.
Müsahibimizin sözlərinə görə, təqdim olunan xalçalar 20-ci əsrin 50-ci illərinə, eləcə də 1965 və 1982-ci illərə aiddir. Anasının göz nuru ilə toxuduğu bu xalçalar, əl işləri olan corablar ona vəsiyyət olaraq əmanət qalıb.
“Anam vəfat etməzdən öncə demişdi ki, Zəngilan azad olunarsa, bu xalçalar doğma yurda qaytarılsın və muzeyə verilsin. Məndən elimə, obama, xalqıma millətimə yadigar olsun”,- deyə o bildirib.
Mədinə xanım, bu xalçaların təkcə ev əşyası deyil, həm də müəyyən məna və motiv daşıdığını da dilə gətirib:
“Anamın toxuduğu xalçalar üzərindəki ceyran naxışı ilə tanınır və yalnız Zəngilan rayonunun Sobu kəndində toxunmuş xalçalarda bu elementə rast gəlinir. Onlar “Əsli və Kərəm” motivli xalçalar hesab olunur və bu naxışlar öz növbəsində bölgənin mədəni kimliyinin simvoluna çevrilib”.
1993-cü ildə Zəngilanın Ermənistan silahlı birləşmələri tərəfindən işğalı zamanı evdən çıxarkən götürülən ən son əşyalar da məhz bu xalçalar olub:
“Mən sevinirəm ki, anamın əl əməyi, göz nuru olan bu xalçalar çölə, zibilə atılmır. Mən onu dövlətimizə təhvil verirəm”, - deyə o göz yaşlarıyla deyib.