Qloballaşmanın fırtınalı axınında özünü qorumağı bacaran millətlər, tarixə söykənən güclər ayaqda qala bilir.
Məhz belə bir zamanda Türk Dövlətləri Təşkilatının (TDT) yaranması müasir dövrün vacib çağırışıdır.
Bu əməkdaşlıq platforması getdikcə daha ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Bu gün dünya böyük güclərin maraq meydanına çevrilib. Yeni münaqişə ocaqları, iqtisadi çöküşlər, mədəni assimilyasiya təhlükəsi - bunlar Türk dünyasını da əhatə edən çağırışlardır. Belə bir dövrdə TDT-nin güclənməsi və əməkdaşlığın dərinləşməsi yaşamaqla yaşatmaq arasındakı sərhəddir.
Türk Dövlətləri Təşkilatının sıraları genişlənir. Bu birlik artıq mədəni sahəni aşaraq iqtisadi, hərbi və strateji əməkdaşlığa doğru gedir. Ortaq iqtisadi zonalar, vahid nəqliyyat dəhlizləri, türk universitetləri, ortaq media layihələri, ortaq əlifba - bunlar gələcəyin körpüləridir.
Məhrum eks-prezident Əbülfəz Elçibəy Turan ideyasının ən səmimi və idealist daşıyıcılarından biri idi.
Əbülfəz Elçibəy üçün Turan yalnız siyasi birlik deyil, mənəvi oyanış, milli kimliyin bərpası və Türk dünyasının bir ruhda yaşaması idi. O bu ideyanı romantik bir xəyaldan çıxarıb, real siyasi hədəfə çevirmək istəyirdi. Elçibəyin çıxışlarında, yazılarında və fəaliyyətində bu ideya dəfələrlə təkrarlanırdı.
Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu foto tarixi və simvolik dəyəri çox yüksək olan bir görüşü əks etdirir. Müstəqilliyini yeni qazanmış türk dövlətləri liderlərinin bir araya gəldiyi ilk tədbirlərdən biri...
Zaman – 30 oktyabr 1992-ci il, məkan – Ankara şəhəri... Türk cümhuriyyətlərinin başçıları Türkiyə prezidenti Turqut Özalın rəhbərliyində Türkiyədə yığışıblar.
Soldan sağa: Qırğızıstan lideri Əsgər Akayev, Özbəkistan prezidenti İslam Kərimov, Türkiyə prezidenti Turqut Özal, Türkmənistan prezidenti Saparmurad Niyazov, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Azərbaycan prezidenti Əblüfəz Elçibəy.
Fotoda diqqət çəkən bir məqam var: Əbülfəz Elçibəy liderlərdən bir az aralıda dayanıb. Bunun səbəbi nə idi?
Fotoşəkli təqdim edən Elçibəyin özəl mətbuat katibi Ədalət Tahirzadə bunu belə izah edib:
“Əbülfəz bəy Orta Asiya prezidentlərini demokrat saymadığına görə onlarla qol-qola girməyib, aralı dayanıb. Səbəbini mənə özü demişdi”.
Yuxarıdakı tablo bir zamanlar bölünmüş, fərqli imperiyalar içində yaşamış türk xalqlarının yenidən bir araya gəlməsi ümidinin fotoşəkildəki təcəssümüdür. Əbülfəz Elçibəy üçün bu cür görüşlər sadəcə diplomatik səfərlər deyildi – ona görə bu, Türk dünyasının oyanışı və birliyi üçün atılmış tarixi addımlar idi.
Elçibəy bu cür toplantılarda Turan ideyasını açıq şəkildə müdafiə edən liderlərdən idi.
Bu şəkil Türk Dövlətləri Təşkilatının təməlini qoyan ilk təşəbbüslərdən birinin şahididir. O zamanlar bu görüşlər sadəcə niyyət bəyanatları səviyyəsində olsa da, bu gün həmin ideyanın Türk Dövlətləri Təşkilatı kimi strukturlaşmış forması fəaliyyət göstərir.
Ə.Qafarlı