Modern.az

Gəncə terrorunun 5-ci ili - Balaca şahidlər Modern.az-a nələr DANIŞDILAR...

Gəncə terrorunun 5-ci ili - Balaca şahidlər Modern.az-a nələr DANIŞDILAR...

Reportaj

11 Oktyabr 2025, 13:31

2020-ci ilin payızında, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri cəbhə bölgəsindən uzaqda yerləşən şəhər və rayonlarımıza da raket hücumları edib. Bu hücumlar nəticəsində bir çox mülki şəxs həyatını itirdi, yüzlərlə insan yaralandı və yaşayış evləri dağıldı. Hədəf alınan əsas şəhərlərdən biri isə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə idi.

Gəncənin cəbhə xəttindən aralıda yerləşməsinə baxmayaraq, şəhər 4, 5, 11 və 17 oktyabr 2020-ci il tarixlərində ardıcıl olaraq “Skad” ("Elbrus") tipli ballistik raketlərlə vuruldu. Raket zərbələri əsasən gecə saatlarında – insanların yatdığı zaman atılmışdı. Nəticədə 26 nəfər həlak oldu, 130-dan çox mülki şəxs yaralandı. Onlarla ev və fərdi təsərrüfat tamamilə dağıldb və ciddi ziyan gördü.

Bu hücumlar beynəlxalq hüquq baxımından mülki əhalinin və yaşayış məntəqələrinin hədəfə alınması kimi qiymətləndirilib və BMT, Avropa İttifaqı, Türkiyə də daxil olmaqla bir çox beynəlxalq aktorlar tərəfindən pislənilib.

Gəncə terroru Azərbaycanın mülki əhalisinin müharibə şəraitində belə beynəlxalq hüququn qoruması altında olmadığını bir daha göstərdi. Bu hadisə həm də uşaqların və dinc sakinlərin müharibənin birbaşa hədəfinə çevrildiyini ortaya qoydu.

Modern.az saytı Gəncə terrorunun canlı şahidləri olan uşaqlar – Bəxtiyar, Xədicə Nilayla həmsöhbət olub. Onların hər biri bu ağır günləri uşaq gözü ilə yaşamaqla yanaşı, yaddaşlarında iz buraxan faciəli anları hələ də unutmurlar.

Bəxtiyar: “Bacımın ayağı tutulmuşdu, mən onu qucaqlayıb qorxma dedim”


Bəxtiyar saytımıza danışan zaman Gəncə terroru zamanı baş verənləri yaxşı xatırladığını deyib:

“Çox çətin anlar idi. Həmin gecə evimizə ermənilər tərəfindən bomba atılmışdı. Evdən çıxa bilmirdik. Dayım bizə köməyə gəldi, bizi təcili yardım maşınına yerləşdirdi. O vaxt bacımın ayağı tutulmuşdu. Mən bacımı qucaqlayıb dedim: "Qorxma, mən sənin yanındayam”.

Bəxtiyar deyir ki, təcili yardım maşınına yerləşdiriləndən sonra çəkiliş kamerası gəlib və onları lentə alıb:

“Birdən kameranı gördüm, gülümsəməyə başladım. Amma əslində çox çətin idi. Dayım elə bildi ki, mən huşumu itirmişəm, suallar verdi. Mən isə hamısına düzgün cavab verdim. Yəni huşum yerində idi. Təxminən 15-20 dəqiqə dağıntılar altında qaldıq. Hər yer qaranlıq idi. Çölə çıxanda hər yer, başımın üstü insanlarla dolu idi. Qolumdan xəsarət almışdım, başım yarılmışdı, çənəm qanayırdı, dodağım deşilmişdi. Bədənimin hər yeri qan içində idi”.

Bəxtiyar terror aktının ildönümü ərəfəsində Gəncə Memorial Kompleksini ziyarət etdiyini də söyləyib:

“Mənim qanlı balışım və köynəyim orada sərgilənir. Mən böyüyəndə Polad Həşimov kimi qəhrəman olmaq istəyirəm”.

Uşaqlığını yarımçıq qoyan dəhşətli anlar Bəxtiyardan çox şey alıb. O deyir ki, dağıntılar altında qalan bircə oyuncağı – qarpız formalı yumşaq oyuncağı qalıb:

“İndi onunla yatır, onu qucaqlayıram”.

Bəxtiyar eyni zamanda Nilayla tanışlığı, onunla olan uşaqlıq xatirələrindən də danışıb:

“Biz qonşu idik, bir yerdə oyun oynayırdıq. Hadisələr baş verəndə onun 2, mənim isə 5 yaşım var idi”.


Xədicə: “Anamın üstünə taxta sürüşdü, bacım isə taxtaların altında qalmışdı”


“Mən o vaxt nənəmgildə idim. Atam işdən gələndə dedi ki, evə gedək. Nənəm istəməsə də, getdik. Gecə evdə idik, hazırlaşırdıq ki, yataq. Anam və mən çöldə idik, bacımı yatızdırmışdıq. Birdən bomba düşdü. Anamın üstünə taxta sürüşdü, bacım da yatdığı otaqda taxtaların altında qalmışdı”, - deyə Xədicə söyləyib.

O, hadisə baş verəndə cəmi 4 yaşında olduğunu bildirir:

“Gözümə torpaq dolmuşdu, heç nə görə bilmirdim. Məni torpağın altından bir əsgər çıxardı. Həmin vaxt ən sevdiyim dovşan və ayı oyuncaqlarımı da itirdim və bir daha tapa bilmədim”.

Xədicə bu gün 3-cü sinifdə oxuyur. Sevimli fənləri ingilis dili, riyaziyyat, rəqs, idman və texnologiyadır.

“Böyüyəndə uşaq həkimi olmaq istəyirəm”,- o söyləyib.
 

Nilay: “Ata məni torpağın üstünə qoydu, evimizdən heç nə qalmamışdı”


“Bizim evə ermənilər bomba atdı. Ata məni torpağın üstünə qoydu. Evimiz tamamilə dağılmışdı, heç nə qalmamışdı. Nənəm gəldi, təcili tibbi yardıma zəng etdi, məni xəstəxanaya apardılar”, – deyə Nilay həmin anları xatırlayıb.

O bildirir ki, hadisə zamanı böyük ayı oyuncağını itirib:

“Hətta onu televiziyada da göstərmişdilər”.

Nilay valideynləri ilə bağlı xatirələrini də bölüşüb:

“Anamla oynayırdım, o mənə kitab oxuyurdu, şəkilləri tanıdırdı. Mənim kiçik bir çadırım vardı, biz onun içində gizlənqaç oynayırdıq. Atam da mənimlə gülə-gülə oyun oynayırdı”.

Nilay da gələcəklə bağlı arzularından danışıb:

“Böyüyəndə həkim, ya da polis olmaq istəyirəm. Amma ən çox həkim olmaq istəyirəm”,- o bildirib.


 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin Paşinyanla mübahisə etdi