Modern.az

Şəhidlərdən qalan əmanət: Uşaq evində böyüyən Səbuhinin heç nəyi olmayıb

Şəhidlərdən qalan əmanət: Uşaq evində böyüyən Səbuhinin heç nəyi olmayıb

Reportaj

14 Oktyabr 2025, 11:30

Hər şəhidin arxasında bir xatirə, bir əmanət var. Kiminsə saatı, kiminsə yazdığı məktub, kiminsə övladlarına, ata-anasına aldığı ilk və ya son hədiyyəsi əmanət qalıb. Amma bəzən bir şəhidin ardından sadəcə onun dəfnində çəkilən son vidanın fotoları qalır. Uşaqlar evində böyüyən şəhid Səbuhi Əhmədov kimi. 

Artıq bir müddətdir ki, Modern.az olaraq “Şəhidlərdən qalan əmanət” rubrikası vasitəsilə şəhidlərimizin xatirəsini yaşatmağa çalışırıq. İndiyədək həmsöhbət olduğumuz hər şəhid ailəsində bir əmanət vardı. O əmanətləri torpağa verilən canın, geridə qalan ruhun maddi bir izi adlandırmaq da olar. Bu rubrikaya yazılar hazırlayarkən hər dəfə sənə bir vaxtlar ən doğma olan insanın yerinə əşyalardan təskinlik tapmaq qədər çarəsizliyin olmadığını düşünürdüm. Səbuhi Əhmədovun qardaşı Sənan bəylə danışana qədər..

1469366

"Hərəmizin öz otağı, öz şəxsi əşyası deyə, bir şey olmayıb"

“Bilirsiniz, belə deyim, bizim evdə qardaşımın şəxsi əşyası deyilən çox şey olmayıb. “Onun”, yaxud "mənim" deyə aramızda nəyisə bölməmişik. Bir köynək, ya bir şalvar olurdu, ikimiz də geyinərdik, bədən ölçülərimiz də eyni idi. Mən özümə nəsə alardımsa, o da geyinərdi” – Sənan bəy sözlərinə bu cür başlayanda, bu dəfə hər şeyin daha fərqli olacağını anlamaq çətin olmur. 

"O yetim ildə 30 gün istirahətə gələrdi, onun üçün də özünə heç nə aldırmazdı. Gəldiyi gündən gedəcəyi günəcən yalnız oturub kinolara baxardı, bir də yanında 2 litrlik kolası, siqareti olardı. Mən arada deyirdim, dur bir şəhərə çıxaq, həyətə düşək. Ağız-burnunu əyə-əyə birtəhər razı salardım. Gedib kinoya-filan baxardıq. 

Nə verirdimsə, onu geyinərdi, zövqüm yaxşı olduğu üçün paltarlarını adətən mən seçərdim. Ən çox sevdiyi yeməkləri bilirdim: “McDonalds” və tabaka. Şəhərə çıxanda restorana gedəcəkdiksə, həmin yeməkləri yeyə biləcəyimiz yerlərə gedirdik. 

Evdə sakit səslə deyərdi: "Nə yaxşı ki varsan, qaqa". Xoşu gəldiyini bildiyim halda həmişə yenə də sual verərdim: "Xoşun gəldi?" Heç bir zaman narazı olmazdı, həmişə gözləri gülərdi. 

Onunla bağlı buna görə də şəxsi əşya göstərə bilmərəm, çünki biz standart ailələr kimi olmamışıq. Hərəmizin öz otağı, öz şəxsi əşyası deyə, bir şey olmayıb. Bizim yaşadığımız çətin şərait bizə onu öyrədib ki, həyatda bir şeyin varsa, istər yemək, istər məişət əşyası - o, sevdiklərinlə sənindir. Yəni "sənin-mənim" yox, "bizimdir". Nəyimiz varsa. Bircə şəxsi telefonlarımız var idi, onların da kodunu bilirdik. Mən böyüyəm, mənim telefonuma baxmazdı, amma mən onunkuna baxardım, ondan istifadə etməsinlər, incitməsinlər deyə. 

Yenə də deyirəm, bu gün sizə onunla bağlı hər hansı bir şəxsi əşya göstərə bilmərəm. Onun çəkmələri, hərbi geyimi var, onlar da qanın içindədir... 

Yoldaşıma cehizlik üçün hədiyyə almışdı. Yəni ikimiz birləşib almışdıq. Evimiz olmadığı üçün rayondakı evə qoymuşduq. Mənim uşağım dünyaya gələndə həkimin 1000 manat əməliyyat pulunu vermişdi. Bilirsiniz, mənim yoldaşım da elə bahalı şeylərdən xoşu gələn biri deyil. Qardaşım yoldaşıma telefon almışdı, yaxud şokolad, nə bilim, qışda alça… Belə şeylər. 

Bizim ən gözəl sərmayəmiz keçirdiyimiz gözəl günlər idi. Pulumuzu gəzməyə, yeməyə, içməyə xərcləyirdik, xatirələr yaradırdıq. Dəyərsiz dünya malını yığmazdıq heç bir zaman. Bizim varlığımız, sağlamlığımız bir-birimizə hədiyyə idi. Bir-birimizdən də nəsə ummazdıq. Ad günlərində belə pul verərdik bir-birimizə. Ondan geriyə qalan xatirələrimiz - forması, telefonu, mesajları və 3 gilə siqaretidir”.

1469365

Sənan bəyə heç bir müdaxilə edə bilmədim, ona verə biləcəyim bir təskinlik də yox idi. Bir az danışdıqdan sonra Səbuhinin öz şəkillərini istədim. Sənan bəydə Səbuhinin əsasən uşaqlıq şəkilləri var idi. Ondan bizə qalan da məhz bu idi – uşaqlar evində və dəfnində çəkilən şəkillər.

Bəzən elə olur ki, həyat insanı sınamaq üçün ona heç nə vermir. Amma elə insanlar da olur ki, bu heç nədən özlərini yaradırlar. Səbuhi də onlardandı. Hər kəsin taleyi bir evdən, bir ailədən başlanır, onun taleyi isə uşaqlar evində başladı, vətənin qəhrəmanına çevrildi. 

Səbuhi 27 yaşında Kəlbəcərdə şəhid oldu. Həyat ona nə ata, nə ana vermişdi, o isə vətənin “oğlu” oldu. 
Bu gün onun adı dövlətin ən yüksək mükafatlarında yaşayır. Səbuhi Əhmədov ölümündən sonra  “Cəsur döyüşçü”, “Azərbaycan Bayrağı”, “Vətən uğrunda” medalları ilə təltif olundu. O, şəhidliyi ilə hamımızın qardaşına çevrildi, hamımızın evinin adamı oldu. Tale elə gətirdi ki, Səbuhi ailəsini bir süfrə başına yığa bilmədi, amma bu ölkəni birləşdirdi. Ruhun şad olsun, hamımızın qardaşı. 

 

1469367

1469369

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putinə barmaq silkələdilər - Rusiya məhv ediləcək!