Modern.az

Bakının eks-merləri - Ramiz Mehdiyev kimin düşməni, kimin dostu olub?

Bakının eks-merləri - Ramiz Mehdiyev kimin düşməni, kimin dostu olub?

Reportaj

21 Oktyabr 2025, 15:36

“Ramiz Mehdiyev olayı” ətrafındakı müzakirələr bitmək bilmir. Uzun illər Prezident Administrasiyasına rəhbərlik etmiş 87 yaşlı akademik barəsində irəli sürülmüş ittihamlar (“dövlətə xəyanət”, “hakimiyyəti zorla ələ keçirmə” və “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması”) ölkə gündəminə bomba kimi düşüb.

Ramiz Mehdiyevin uzun illər siyasi‑inzibati sistemdəki rolu nəzərə alınanda, onun Bakı şəhərinin idarə edilməsi proseslərinə təsirini də qeyd etməmək olmaz.

Mehdiyevin fəaliyyət illərində paytaxt idarəçiliyində - yəni Bakının keçmiş meri və şəhər İcra Hakimiyyəti sistemində rol alan şəxslərlə münasibətləri necə olub?

Ramiz Mehdiyevin mərkəzli idarəçilikdə uzun müddət (1995‑2019 illər arasında Prezident Aadministrasiyasının rəhbəri) nüfuz sahibi olması onun yerli idarəetmə sisteminə təsir gücünü artırırdı.

Paytaxt meri və ya şəhər İcra Hakimiyyətinin başçısı funksiyası Bakı üçün xüsusi önəm daşıyır. Təbii ki, merin fəaliyyətinə mərkəzi hakimiyyətindən verilən göstərişlər, nüfuzlu məmurlarla münasibətlər təsirsiz ötüşmür.
Mehdiyev kimi mərkəzdə təsiri olan bir şəxs üçün Bakı merləri ilə əməkdaşlıq, hesabatlıq, bəzən də çəkişmə istisna hal sayılmamalıdır.


Beləliklə, Mehdiyevin adı gündəmə gələndə Bakı merləri də yada düşür. Bəs müstəqillikdən sonra Bakı Şəhər İcra Hakimiyyətinə kimlər rəhbərlik edib?


Modern.az saytı Bakının keçmiş merlərini qısaca olaraq oxuculara xatırladır:

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Bakı Şəhər İcra Hakimiyyətinin ilk başçısı Ağasəlim Bağırov olub. O, 1992-ci ilin aprel ayının 15-dən iyul ayının 4-nə qədər bu vəzifədə çalışıb.

A.Bağırov Azərbaycan SSR Ət və Süd Sənayesi Nazirliyində iqtisadçı-mühəndis vəzifəsində işləyib. Sonra 13 il ərzində ərzində Azərbaycan SSR Ticarət Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışıb, "Azərittifaq"ın universal topdansatış bazasının direktoru, Azərbaycan SSR Dövlət Plan Komitəsinin şöbə müdiri olub.

1985-ci ildə Azərbaycan İstehlak Kooperasiyasının XVI qurultayında "Azərittifaq"ın idarə heyəti sədrinin müavini seçilib. 1988-ci ildən Azərbaycan SSR Dövlət Plan Komitəsinin ticarət və ictimai iaşə şöbəsinin rəisi vəzifəsində işləyib, 1989-cu ilin aprel ayında Azərbaycan SSR ticarət naziri təyin edilib. Nazifr vəzifəsində 1992-ci ilin aprel ayınadək işləyib, həmin ilin aprel–iyul aylarında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olub. Onun 80 yaşında vəfat etdiyi bildirilir.

Daha sonra paytaxtın idarəçiliyi Rauf Gülməmmədova tapşırılıb. O, 1992-ci ilin 4 iyul tarixindən 1993-cü ilin 3 iyul tarixinə qədər Bakıya rəhbərlik edib.

R.Gülməmmədov 1980–1982-ci illərdə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsinin rəisi, 1982–1984-cü illərdə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin İxtisaslaşdırılmış Təmir-Tikinti Trestinin müdiri, 1984–1989-cu illərdə Bakı Baş Mənzil İstehsalat İdarəsinin rəisi, 1989–1991-ci illərdə Bakı Baş Tikinti İdarəsinin rəisi vəzifəsində çalışıb.

1990-cı il seçkilərində 20 saylı seçki dairəsindən XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

Rauf Gülməmmədov 1991–1992-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini daşıyıb.

O, 23 aprel 1992-ci ildə ölkə Prezidentinin səlahiyyətini həyata keçirən Ali Sovetin o vaxtkı sədri Yaqub Məmmədovun qərarına əsasən, Baş nazirin müavini vəzifəsinə təyin olunub. R.Gülməmmədov 18 may 1992-ci ildə Prezidentin səlahiyyətini hicra edən Ali Sovetin sədri İsa Qəmbərin fərmanı ilə bu vəzifəyə yenidən təyinat alıb. Rauf Gülməmmədov 4 iyul 1992-ci il tarixində Prezident Əbülfəz Elçibəyin 31 nömrəli fərmanı ilə vəzifəsindən azad edilib. Elə həmin gün Prezident Ə.Elçibəy Rauf Gülməmmədovu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edib O, 3 iyul 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini icra edən Ali Sovetin sədri Heydər Əliyevin  fərmanına əsasən, Bakının meri vəzifəsindən azad edilib.
 
Paytaxt meri postundan azad ediləndən sonra - 1993-cü ildən 1997-ci ilədək Rauf Gülməmmədov Bakı Baş Tikinti İdarəsinin rəisi vəzifəsində çalışıb. O, 21 iyun 1999-cu il tarixində Bakıda vəfat edib.

Yuxarıda adları çəkilən eks-merlər Ramiz Mehdiyev Prezident Administrasiyasına rəhbər gələnə qədər işlədiklərindən, onların yolları kəsişməyib.


Müstəqillik illərində paytaxtın üçüncü icra başçısı Rəfael Allahverdiyev olub. O, 1993-cü il iyulun 3-dən 2000-ci il oktyabrın 16-na qədər bu vəzifədə çalışıb.

R.Allahverdiyevin Bakı meri vəzifəsində işlədiyi dövr Ramiz Mehdiyevin Prezident Administrasiyasına rəhbərlik etdiyi zamanla üzt-üstə düşüb. Bu iki məmur həmişə konfliktdə olublar.

R.Allahverdiyev 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda iqtidar uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atan “91-lər”dən biri olub, Yeni Azərbaycan Partiyasının (YAP) qurulmasında fəal iştirak edib.

Məhz bu istiqamətdəki fəaliyyətinin nəticəsi olaraq, Heydər Əliyev hakimiyyətə qayıdan kimi hələ 70-ci illərdən tanıdığı Rafael Allahverdiyevi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimi mühüm vəzifəyə gətirib (1993-cü ilin 3 iyulunda).

O, həm də 1993-cü ildən YAP-ın sədr müavini postunu tuturdu. Və bu postda 2001-ci ilə qədər qaldı.

Bakı meri vəzifəsinə gələndən iki il sonra Rafael Allahverdiyev deputat mandatına da sahibləndi. Belə ki, 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikası I çağırış Milli Məclisinə 25 saylı Nərimanov ikinci seçki dairəsindən deputat seçildi.

Rafael Allahverdiyevə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimi birmənalı münasibət yox idi. Məsələn, onun dövründə paytaxtda xırda ticarət, küçə alveri geniş vüsət almışdı. Küçə alverinə, xırda ticarətə geniş imkan yaradılması isə şəhərin çirklənməsinə, xoşagəlməz mənzərələrin hökm sürməsinə səbəb olmuşdu. Küçə ticarətinə imkan yaradılmasını insanların dolanışığı baxımından təqdir edən çox idi, amma şəhərin görünüşünə önəm verənlər bunun əleyhinə idilər.

2000-ci ilin oktyabr ayının sonunda Rafael Allahverdiyev Bakı meri vəzifəsindən istefa verdi. Deyilənə görə, onun "vurulmasında" Ramiz Mehdiyevin xüsusi rolu olub. Həmin ilin noyabr ayında Allahverdiyev yenidən Milli Məclisə deputat seçildi. O,  Milli Məclisidə hakim Yeni Azərbaycan Partiyasını təmsil edirdi.

Hələ gənc yaşlarından Heydər Əliyevlə işləməyə başlayan R.Allahverdiyev mərhum dövlət başçısının ən yaxın və sadiq silahdaşlarından hesab olunurdu.

Amma Heydər Əliyevin vəfatından sonra hakimiyyət daxilindəki rəqiblərinin R.Allahverdiyevə təzyiqləri artdı. Bu təzyiqlərin arxasında isə “Boz kardinal”ın dayandığı iddia olunurdu.

Daha sonra hüquq-mühafizə orqanları onu narahat etməyə başladılar.

2004-cü ilin iyulunda isə Rəfael Allahverdiyev deputat olmasına baxmayaraq, dindirilmək üçün Respublika Prokurorluğuna çağırıldı. Onun Baş Prokurorluğa çağırılması bir sıra müstəqil və müxalufət mətbuatında iqtidardakı bəzi məmurları tənqid edən musahibələr verməsindən sonraya təsadüf edirdi.

"Mən parlamentin deputatıyam, Heydər Əliyev dövründə ölkənin siyasi rəhbərliyində təmsil olunmuşam. Buna görə də özümə qarşı belə bir rəftarı qəbul etmir və bunu pisləyirəm. Bu səbəbdən vəkilimi Baş Prokurorluğa göndərdim",-deyə R.Allahverdiyev o zaman bildirmişdi.

Bəs uzun müddət yüksək vəzifələrdə çalışmış, Milli Məclisin deputatı olmuş, YAP-ın qurulmasında yaxından iştirak etmiş R.Allahverdiyevin hakimiyyətin qəzəbinə tuş gəlməsinin səbəbləri nə idi?

O zaman bu barədə müxtəlif fikirlər səsləndirilsə də, R.Allahverdiyevin özü təzyiqlərin arxasında həmin vaxt Prezident Administrasiyasının rəhbəri olan Ramiz Mehdiyevin adını çəkirdi.

Məsələn, R.Allahverdiyev “Exo” qəzetinə verdiyi 21 iyul 2004-cü il tarixli açıqlamasında R.Mehdiyevə təzyiqləri dayandırması üçün xəbərdarlıq ünvanlamışdı:
"...müstəqil və ya müxalif mətbuata müsahibə verməkdə pis bir şey görmürəm... Bir daha demək istəyirəm - əgər Ramiz Mehdiyev əməllərini dayandırmasa, onda ona qarşı ciddi ittiham xarakterli materiallar dərc edəcəyəm".

Amma Rafael Allahverdiyevə qarşı təzyiqlər dayanmadı. Və bu hadisələrin fonunda Rafael Allahvberdiyev 2004-cü ilin dekabrında deputatlıqdan da imtina etməli oldu. Bu azmış kimi, onu hətta YAP-dan da çıxardılar.

Azərbaycanda həbs olunacağından ehtiyatlanan Rafael Allahverdiyev ölkəni tərk edib İsveçrəyə mühacirətə getməyə məcbur oldu. Rafael Allahverdiyev Azərbaycana qayıtmaq üçün çox çalışdı. Amma sağ-salamat dönə bilmədi. 

Çünki sağalmaz xətsəliyə - beyin xərçənginə mübtəla olan keçmiş deputatın vəziyyəti getdikcə pisləşir və onun başı öz müalicəsinə qarışırdı. Rafael Allahverdiyev 2004-cü ilin sonlarından 2009-cu ilin əvvəlinə kimi İsveçrədə mühacir həyatı yaşamağa məcbur oldu.

2008-ci ilin dekabr ayında keçmiş merin həyat yoldaşı Zakirə Allahverdiyeva ərinin həyatının son günlərində Bakıya qayıtmasına şərait yaradılması üçün Azərbaycan hakimiyyətinə müraciət etdi. Və dekabrın sonlarında R.Allahverdiyevin ölkəyə qayıdışına razılıq verildi.

Ailəsi R.Allahverdiyevi yalnız 2009-cu il yanvarın əvvəlində çox ağır vəziyyətdə Bakıya çatdıra bildi. Və o, doğulduğu şəhərə çatdıqdan cəmi bir neçə saat sonra - yanvarın 11-də dünyasını dəyişdi.


R.Allahverdiyevdən sonra paytaxtın İcra Hakimiyyətinə rəhbərlik etmək Hacıbala Abutalıbova tapşırılıb.

Hacıbala Abutalıbov 1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı işləyib.

2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər Baş nazirin müavini vəzifəsində çalışıb.

2001-ci ilin yanvar ayında Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı təyin edilib.

Düz 18 il Bakı Şəhəri İcra Hakimiyyətinə rəhbərlik edən Abutalıbov 21 aprel 2018-ci il tarixndə bu vəzifədən azad edilib. Elə həmin gündə Prezidentin sərəncamı ilə Baş nazirin  müavini təyin edilib. 

21 oktyabr 2019-cu ildə Hacıbala Abutalıbov Baş nazirin müavini vəzifəsindən də azad edilərək təqaüdə göndərilib. 

2021-ci il martın 5-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında Hacıbala Abutalıbov qurumun İdarə Heyətindən kənarlaşdırılıb.

Onu əvvəlcə YAP-ın Veteranlar Şurasına da daxil etməyiblər. Yalnız 6 aydan sonra Hacıbala Abutalıbovun könlünü almaq üçün adını YAP-ın Veteranlar Şurasının siyahısına əlavə ediblər.

Bakı Şəhəri İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov həmişə media üçün maraq kəsb edən persona olub. Lakin Hacıbala müəllim tutuğu vəzifələrdən uzaqlaşdırılandan sonra onun səs-sorağı da kəsilib.

Adətən səs-küylü hadisələrə özünəməxsus tərzdə münasibət bildirən Hacıbala Abutalıbov 5 ildir ki, mətbuatdan “gizlənir”. Media sonuncu dəfə onun Ramiz Mehdiyev haqqında məqaləsini yayımlayıb, özünü isə görməyib...

Yeri gəlmişkən, Hacıbala Abutalıbov 2022-ci ilin fevralında Ramiz Mehdiyev haqqında qələmə aldığı həmin məqalədə yazmışdı:

"...bəzi yüksək rütbəli məmurlar, o cümlədən Azərbaycan Respublikası Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev tutduqları vəzifələrdən sui-istifadə edərək, qanunların aliliyinə məhəl qoymur, onları istədikləri kimi tapdalayır və pozurlar. Buna misal olaraq Ramiz Mehdiyevin karantin qaydalarına zidd olaraq dəbdəbəli və təmtəraqlı şəraitdə bir çox vəzifəli, eləcə də vəzifədən uzaqlaşdırılmış keçmiş məmurların iştirakı ilə nəvəsinə toy etməsi hadisəsinə münasibət bildirməyimizi bir vətəndaş olaraq özümüzə borc bilirik. Açığı, kütləvi informasiya vasitələrində bu xoşagəlməz hadisənin işıqlandırılması Azərbaycan vətəndaşlarının əksər təbəqələrində Ramiz Mehdiyevə qarşı dərin nifrət və ikrah hissini oyatmış, xalqın böyük əksəriyyətinin qəzəbinə səbəb olmuşdur...
...Təəssüf hissi ilə də olsa, qeyd etməliyik ki, Ramiz Mehdiyevin və onun ətrafının bu qanuna zidd olan hərəkətləri nəinki milli həmrəyliyin, insanlar arasındakı sosial bərabərliyin möhkəmlənməsinə xidmət etmir, əksinə, hakimiyyət iyerarxiyasında təmsil olunan məmurların özbaşınalığı, xalqdan ayrı düşməsi kimi mənfi təsəvvürlər yaradır".

Bu məqaləyədək H.Abutalıbovla R.Mehdiyevin münasibətlərinin düşmənçilik səviyyəsində olduğu barədə məlumat yayılmamışdı. Ehtimal ki, H.Abutalıbov 2022-ci ildə artıq vəzifədən getmiş Mehdiyev barəsində axına qoşularaq belə yazı qələmə almışdı.

Ə.Qafarlı

Whatsapp
Bizə yazın!
Keçid et
Mehdiyevçilər "VURULUR" - Siyahıda kimlər var?