Modern.az

“Şərqin dörd incisi” - REPORTAJ

“Şərqin dörd incisi” - REPORTAJ

Reportaj

31 Oktyabr 2025, 12:53

Turizm, sadəcə gəzinti deyil - bir bölgənin ürəyini dinləmək, onun hekayəsini anlatmaqdır

Turizm harasa başqa ölkəyə səfər etmək, getdiyin ölkənin tarixi, mədəniyyəti, təbiəti, mətbəxi insanları ilə tanış olmaqdır. Demək ki, turizm sadəcə bir gəzinti deyil, getdiyin bölgənin ürəyinin səsinə qulaq asmaq, onun hekayəsini başqalarına anlatmaqdır. Hekayəni isə biz insanlar yazırıq. Kimi ömür səhifəsinin hekayəsini, kimi gələcək nəsillərə qalacaq tarixi, kimi isə gəzib gördüyünün hekayəsini yazır… Hekayələr də tarixdir və yazılmaq üçündür. Yazılır ki, yaddaşlarda və tarixdə qalsın.

Dünya turizminin mərkəzlərindən biri -Türkiyə

Türkiyə turizmi bütün dünyada məşhurdur. Bu gün Türkiyənin dünya turizminin mərkəzinə çevrilməsi heç kimə sirr deyil. 

İlin fəsillərindən asılı olmayaraq, qardaş ölkənin hər hansı bölgəsinə üz tutsan, orada mütləq yeni bir təbiət möcüzəsi ilə qarşılaşarsan. Sanki Tanrı Türkiyəni bir cənnət olaraq Yer üzünə bəxş edib. Ölkənin bir sıra tarixi məkanları UNESCO-nun Dünya İrsinin Əsas Siyahısına daxil edilib.

Qardaş ölkə Antalya, Dalaman, Uludağ, Rize, Konya, Mardin, Pamukqala, Kapadokiya, Efes, Berqama, Diyarbəkir, Sinop, Afrodisyas kimi gözəl məkanları, “Kız Kulesi” (İstanbul), Mardin Evleri (Mardin), Tekirova (Antalya), Fethiye (Muğla), ‍Salda gölü (Burdur), Nemrut dağı (Adıyaman), Göbeklitepe (Şanlıurfa), Batman (Hasankeyf-antik kənd) kimi möcüzələri ilə diqqət çəkir. Doğrudan da atalar düz deyiblər: “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”.


Tarixi və mədəniyyəti ilə diqqət çəkən Şərqi Anadolunun 4 incisi

Şərqi Anadolunun Bitlis, Siirt, Muş və Batman bölgələri füsunkarlığı və özünəməxsusluğu ilə insanı valeh etməklə bərabər, tarixi və mədəniyyətilə də diqqət çəkir. Ana təbiət bu yerləri gözəllikdən məhrum buraxmayıb. Adət-ənənələri, yaşam tərzi, təbiəti ilə müəyyən qədər fərqlilik nümayiş etdirən bu bölgə tarixin sınaqlarından çıxaraq günümüzə gəlib çatıb.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti və nazirlik nəzdində fəaliyyət göstərən Turizm Tanıtım və İnkişaf Agentliyinin (TGA) təşkilatçılığı ilə qardaş ölkəyə baş tutan səfərimizdə Muş, Bitlis, Batman və Siirt gözəllikləri ilə daha yaxından tanış olmaq imkanı əldə etdik.   

Muş - türklərin Səlcuqilər dövründə Anadoluda ilk ayaq basdıqları yer

Muş bölgəsi qədim tarixi abidələri, muzeyləri və kənd təsərrüfatı ilə seçilir. “Gizli incilər” kateqoriyasından olan bu regionda əsas görməli yerlər Muş muzeyi, Ulu Cami məscidi, Yıldızlı Xan karvansarayı, Tarixi Murad körpüsü, digər tarixi məkanlar və təbiət mənzərələridir.

Ölkənin Şərqi Anadolu bölgəsində yerləşən, 6 rayonu birləşdirən və təxminən 413 min əhalinin məskəninə çevrilən Muş şəhəri zəngin tarixə malikdir. Hətta Muşun türklərin səlcuqilər dövründə Anadoluda ilk ayaq basdıqları ərazilərdən biri olduğu deyilir. Şəhərin mərkəzində Arp Aslanın heykəli ucalır. Əhali maldarlıq və əkinçiliklə məşğul olur. Vilayət həmçinin nəhəng şəkər zavodu ilə tanınır.

Muşun tarixi-mədəni məscidi - Ulu Cami 

Ulu Cami şəhərdə baş çəkdiyimiz ilk məkan oldu. Rəvayətə görə, türklər tarixən fəth etdikləri bütün şəhərlərdə məscidlər inşa etdirib və o məscidlərdən ən böyüyünü Ulu Cami adlandırıblar.

Muşda həmçinin XVII əsr memarlığına aid Hacı Şərəf məscidi və XVIII əsrdə inşa edilən Alaaddin məscidi də vardır.


Tarixi Murad Körpüsü

Tarixi Murad Körpüsü Muş vilayətində Murad çayı üzərində, Muş şəhər mərkəzindən cənubda 12 km məsafədə yerləşir. XIII əsrdə Səlcuqlular dövründə inşa edilən Tarixi Murad Körpüsünün ilk tikilmə tarixi haqqında dəqiq məlumat yoxdur. Körpünün üzərində tapılan mərmər üzərində yazılmış 1871-ci il tarixli kitabədən körpünün Osmanlı dövründə bərpa olunduğu müəyyən edilib.

Türkiyənin Muş şəhər bələdiyyəsinin turizm üzrə əməkdaşı Serdar Solmaz Murat körpüsü ilə bağlı fikirlərini bizimlə bölüşdü. Onun sözlərinə görə, Murat çayı öz axarını Vandan başlayıb Muşa, ordan da Ərzruma istiqamət götürür və sonra Fərat çayı ilə birləşərək Mesopatomiyaya axır.

"Uzunluğu 143 metr olan körpünün eni 5 metrdir. Murad körpüsü bu gün də fəal şəkildə istifadə olunur. Dəyərlərimizə sahib çıxmaq, atalarımızdan bizə miras qalan tarixi abidələrimizi qorumaq borcumuzdur", -deyə Serdar Solmaz bildirib.

Cənnət Bitlis - füsunkar təbiət, sirli tarix 

Qədim zamanlardan üzü bəri Türkiyəyə üz tutan hər bir əcnəbi bu ərazi ilə bağlı o qədər xoş sözlər yazıb ki, bu fikirlər indi də öz aktuallığını qoruyub saxlayır. Hər daşı bir tarix olan Türkiyəni dünən olduğu kimi, bu gün də həmin səyyahların nəvə və nəticələrinə sevdirən cənnətməkan bölgələrdən biri Bitlisdir.

Qrupumuz Muşdan sonra Bitlisə yol aldı. Yolboyu Şərqi Anadolunun təbiət gözəlliklərindən, vadilərindən ilham alaraq məkana vardıq. Bitlis təbii və tarixi gözəllikləri ilə yanaşı, hələ də kəşf edilməyən yerləri ilə diqqət çəkir.

Bitlis vilayətin paytaxtıdır. Mərkəzi rayona bağlı üç rayon var. Şərqi Anadolu bölgəsində yerləşən Bitlis cənubdan Siirt, qərbdən Muş, şimaldan Ağrı dağı və şərqdən Van gölü ilə əhatə olunub.

Bitlis qalaları və İslam abidələri ilə əhəmiyyətli bir yerdir. Rəsmi rəqəmlərə görə, bu qədim sivilisasiyanın olduğu şəhərdə indi 70 mindən artıq əhali yaşayır.  


Makedoniyalı İskəndərin tuta bilmədiyi Bitlis qalası 

Şəhərin ən məşhur tarixi abidələrindən olan bu qalanın hekayəsi kifayət qədər maraqlıdır. Hekayəyə görə, Makedoniyalı İskəndər ordusu ilə Bitlisdə səfərə çıxmağa hazırlaşarkən komandiri Bedlisdən özünün belə fəth edə bilmədiyi bir qala tikdirməsini xahiş edir.

Bedlis böyük səylərdən sonra qaya blokunun üzərində fəth edilməsi çox çətin olan bir qalanı tamamlayır. Makedoniyalı İskəndər yürüşdən qayıdan kimi qalanı fəth etmək üçün çox səy göstərir, lakin istədiyinə nail ola bilməyir və qalanı Komandir Bedlisə buraxır…

Makedoniyalı İskəndərin ala bilmədiyi Bitlis qalası bu gün də ayaqdadır və bütün əzəməti ilə ziyarətçilərini gözləyir.

Bitlisdə qalalar, mədrəsələr, körpülər, karvansaraylar minillik tarixi irsin ən konkret nümunələridir. Tarixi qədər təbii gözəllikləri də cazibədar olan bu şəhər insanı heyran edir. Şərqi Anadolunun ən qədim şəhərlərindən biri olan Bitlis sizi füsunkar tarix və təbiət ab-havası ilə gözləyir.

Bitlis həm də çox zəngin yemək mədəniyyətinə malikdir. Büryan kababı, çorti aşı, içli köfte kimi damağınızda qalıcı dad qoyacaq bir çox yeməklər var. Öyrənməyənlər üçün bir az ağır mətbəx olsa da, Bitlisdə təkrarolunmaz dadları kəşf edəcəyinə zəmanət verilir.

Səlcuq qəbiristanlığı

Dünyanın ən böyük türk-islam qəbiristanlığı kimi tanınan Səlcuq qəbiristanlığı da məhz Bitlisdədir. Dövrünün Rey, İsfahan, Xarəzm, Xivə kimi strateji əhəməyyətli İslam şəhərlərindən biri olan Ahlat şəhərində yerləşən məzarlıq açıq səma altında muzey kimidir və burada ulularımız uyuyurlar. Burada Urartulardan başlayaraq bir çox sivilizasiyanın izlərini tapmaq mümkündür. Səlcuq məzarlığında 9 min məzar daşı aşkar edilib. Daşlardakı heyrətamiz relyeflər və bəzəklər turistlərin diqqətini cəlb edir.

Bizans imperiyası ilə Səlcuqlu imperiyası arasında 1071-ci ildə baş vermiş Malazgirt döyüşü də məhz burada olub.


Tatvan - Bitlis bölgəsi

Səma altında açıq muzeyi, daha doğrusu Səlcuq məzarlığını qəribə təəssüratlarla tərk etdik. Nə etsək də, tariximiz hər zaman bizimlədir və ondan qaça bilmərik.

Tarixin, tarixiliyin təsiri altında Bitlisin gözəl məkanlarından biri olan Tatvana doğru yol alırıq. 

Tatvan Van gölünün cənub sahilindəki böyük qəsəbə-limandır. Göl üzərindəki nəqliyyat və Nemrut vulkanı rayonuna çıxış üçün baza rolunu oynayır.

Əsas görməli yerləri Tatvan sahili, göl ferryləri, Nemrut vulkanı və Ahlata gedən marşrutdur.

Tatvana qatar və ya avtobusla gəlmək mümkündür. Gölə feribot bağlantıları da var.

Bölgənin ən əhəmiyyətli turistik yerlərindən biri olan Tatvanda görməli yerlər çoxdur. Bunlardan biri də Nemrut krater gölüdür. Özü də təbiət möcüzəsi olan bu göl Türkiyənin ən böyük, dünyanın isə ikinci ən böyük krater gölüdür. Tatvan qış aylarında da Nemrut Kayak Mərkəzi ilə qonaqlarını qarşılaya bilər. Hər anın ən doyumsuz keçəcəyi Tatvan səyahətiniz zamanı Van Gölü mənzərəsi ilə Günəşin doğuşunu qarşılayıb, batışını yola salaraq unudulmaz anlar yaşamaq, bu anıları yaddaşa qazımaq mümkündür.

Bir müdrikin dediyi kimi "Ölüm döşəyində 2 şeydən peşman olacaqsınız: az sevdiyiniz və az səyahət etdiyiniz üçün".

Siirt - Mesopotamiyanın kənarında gizli şəhər

Tatvandan sonra yolumuz Siirt bölgəsinə oldu. 

Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsində, sivilizasiyaların beşiyi olan Mesopotamiyanın kənarındadır bu bölgə. Buranın mərkəzi şəhəri olan Siirt əsrarəngizliyi ilə ruh oxşayır. Şəhər təkcə coğrafi mövqeyinə görə deyil, həm də minillik tarixinə və zəngin mədəni irsinə görə canlı muzeyi xatırladır. Təəssüf ki, tarixiliyini qoruyan Siirtin sirləri hələ də tam açılmayıb. Gəlin, bu sirr sandığını birlikdə açaq və kəşf olunmağı gözləyən Siirtin naməlum xəzinələrini kəşf edək.

Siirt təbiət və regional mədəniyyət baxımından çox maraqlı məkandır. Botan çayı və ətraf təbiət parkları macəra turizmi kimi tanınır.

Əsas görməli yerləri Botan Milli Parkı, yerli muzeylər və bazarlarıdır.

Siirtin mərkəzində ilk baş çəkdiyimiz məkan müqəddəs yer oldu. İsmail Fehrullah və İbrahimhakkı həzrətləri türbəsi yerli sakinlərin, ətraf şəhər və kəndlərdən gələnlərin sıx-sıx gəzdiyi ziyarətgahdır.

Siirt Universitetinin müəllimi Ehsan Gül türbənin tarixi haqda danışaraq, onun əsasının müəllim və şagirdi tərəfindən qoyulduğunu dedi.


Tarixin izləri və ya keçmişin səssiz şahidləri  

Siirtin tarixi neolit ​​dövrünə gedib çıxır. Müxtəlif sivilizasiyalara ev sahibliyi etmək şəhəri əsl tarix laboratoriyasına çevirib. Bəs bu zəngin tarixin izlərini harada görmək mümkündür?

Siirt zamana meydan oxuyan tarixi körpüləri, qalaları, kurqanları, dini abidələri, gözəl və sirli təbiəti ilə diqqət çəkir. 

Siirt Dəclə çayının iki sahilini birləşdirən tarixi körpüləri ilə məşhurdur. Xüsusilə Malabadi körpüsü dünyanın ən böyük daş tağ körpüsü adını daşıyır. O, təkcə mühəndislik möcüzəsi deyil, həm də rayonun sosial-mədəni həyatında mühüm yer tutur. Digər mühüm körpü Botan körpüsüdür. Bu körpülər nəinki nəqliyyatı asanlaşdırdı, həm də müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqəsini asanlaşdırdı. 

Keçmişin səssiz şahidləri olan qala və kurqanlar bu bölgə üçün çox xarakterikdir. Rasıl Hacar kurqan, Kayıktəpə kurqan və Başur kurqan kimi mühüm arxeoloji obyektlər bölgənin tarixdən əvvəlki dövrlərinə işıq salır. Bu kurqanlarda aparılan qazıntılar bölgədə məskunlaşmış sivilizasiyaların həyat tərzi, inancları və texnoloji tərəqqiləri haqqında qiymətli məlumatlar verir. Qalalar isə keçmişdə bölgəni qorumaq üçün tikilmiş və bu gün də ayaqda duran mühüm tikililərdir. Eruh qalası və Şirvan qalası bölgənin strateji əhəmiyyətini nümayiş etdirir. 

Siirt həmişə müxtəlif dinlərin bir arada yaşadığı bir şəhər olmuşdur. Bu, şəhər daxilində dini strukturların müxtəlifliyində özünü göstərir. Ulu Məscid Siirtin ən mühüm tarixi tikililərindən biridir. Səlcuqlu memarlığının izlərini daşıyan məscid əsrlər boyu ibadətə açıqdır.

Siirt Ulu camisi 2012-ci ildə bərpa edilib. 1 minarəsi, 3 böyük qübbəsi, 5 mehrabı vardır. Camidə Səlcuqlular dövrünə aid memarlıq inciləri mövcuddur.

Bundan başqa, İbrahim Hakkı Həzrətləri türbəsi və Veysəl Karani türbəsi kimi mühüm dini yerlər Siirtin mənəvi atmosferinə əsaslə töhfə verir. Bu tikililər təkcə dini məkanlar deyil, həm də mədəni irsin mühüm tərkib hissəsidir.

Dəclə çayı

Dəclə çayı Siirtin can damarıdır. Çay bölgəyə nəfəs verir və onun təbii gözəlliyinə öz töhfəsini verir. Dəclə çayı sahillərində gəzinti, piknik və balıq ovu Siirt sakinlərinin və turistlərin zövq aldığı fəaliyyətlər sırasındadır.

Botan vadisi-gizli cənnət

Siirt təkcə tarixi və mədəni irsi ilə deyil, həm də təbii gözəlliyi ilə füsunkar bir şəhərdir. Dəclə çayı, Botan Vadisi və dağlar Siirtin təbii gözəlliyinin mühüm komponentləridir.

Botan Vadisi Siirtin ən əhəmiyyətli təbiət möcüzələrindən biridir. Yamyaşıl bitki örtüyü, şəlalələri və təbii qaya birləşmələri ilə dərə valehedici mənzərə təqdim edir. Təbiətdə gəzinti, düşərgə və fotoqrafiya üçün ideal yerdir. 

Qrupumuzu böyük hörmətlə qarşılayan Siit bələdiyyəsinin turizm şöbəsinin müdiri Mehmet  İsan Mamiş Siirti kəşf etmək üçün ən münasib vaxtın bahar və payız olduğunu dedi. Çünki onun sözlərinə görə, bu aylarda temperatur daha mülayim və təbiət daha canlı olur.

Macəra axtaranlar üçün Siirtin dağları münasibdir. Dağlarda trekking, alpinizm və yamac paraşütü Siirtdə mövcud fəaliyyətlər arasındadır. Siirtə hava və avtomobil yolu ilə çata bilərsiniz. Siirt hava limanına birbaşa uçuşlar var. Siirtə avtobusla da gələ bilərsiniz. Siirt yaşayış üçün geniş çeşiddə otel və qonaq evləri təklif edir. Şəhərin mərkəzində və turizm bölgələrində müxtəlif büdcələrə uyğun yaşayış yerləri tapa bilərsiniz. 

Malabadi körpüsü - Yaxın Şərqdəki daş körpülər arasında ən geniş tağı olan körpü

Nə gizlədim, bu bölgədə ən çox diqqəmi cəlb edən Botan vadisindən sonra qədim və vaxtilə strateji əhəmiyyətə malik Batman ilinə bağlı Malabadi körpüsü oldu. İpək yolunun üzərində yerləşən Malabadi körpüsü 1147-ci ildə Artuqlu bəyliyi dövründə Timurtaş Bin-i İlqazi tərəfindən inşa edilib. 7 metr enində və 150 metr uzunluğunda bir körpüdür. Hündürlüyü su səviyyəsindən təməl daşına qədər 19 metrdir. Rəngli daşlarla tikilib və təmirlə günümüzə gəlib çatıb. Körpü 1989-cu ildə Silvan Bələdiyyəsi tərəfindən bərpa edilib.

Malabadi körpüsü Türkiyədəki və Yaxın Şərqdəki daş körpülər arasında ən geniş tağı olan körpüdür. Körpü Diyarbəkir şəhərinin sərhədləri içərisindədir. Tağın hər iki tərəfində, xüsusilə qışın sərt günlərində karvan və sərnişinlərin sığınacağı kimi istifadə olunan iki otaq var. Körpü mühafizəçilərinin də istifadə etdiyi bu otaqların əvvəllər dəhlizlərə və yolun dibinə birləşdirildiyi deyilir və bu dəhlizlərdən daha uzaqlaşdıqda gələn karvanların ayaq səsləri eşidilirdi.

Övliya Çələbi və Albert Qabriel Malabadi körpüsünün möhtəşəmliyini ifadə etmək üçün Ayasofya günbəzinin asanlıqla körpünün altına girə biləcəyini deyiblər.

Qardaş Türkiyədə Azərbaycanda olduğu kimi, multikultural dəyərlərə üstünlük verilir. Ölkədə məscidlər oıduğu kimi, tarixin izi olan monastırlar da vardır və onlar dövlət tərəfindən yüksək səviyyədə bərpa edilib. Həmin monastırlardan biri də Batvan bölgəsinin  Beşirli rayonunun Ayrançı kəndində yerləşən Mor Kiryakus monastırıdır. 5-ci yüzildə inşa edildiyi ehtimal olunan monastır 2023-cü ildə əsaslı şəkildə bərpa edilib.


Həsənkeyf muzeyi

Şərqi Anadoluda son dayanacağımız Həsənkeyf arxeoloji muzeyi oldu.

O, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir və şəhərdəki yeganə muzeydir.

Muzeyin tikintisi 2010-cu ildə başlayıb və 2015-ci ildə ziyarətçilərin üzünə açılıb.  Muzeyin kolleksiyası paleolit və neolit dövrlərinə aid tapıntılar və İlısu və Həsənkeyf bölgələrindən çıxarılan əsərlərdən ibarətdir. Üç böyük sərgi salonunda 500-ə yaxın əsər nümayiş etdirilir.

İlisu bəndi istifadəyə verildikdən sonra 2020-ci ildə baş vermiş daşqınlar nəticəsində su altında qalan bölgələrdə ümumilikdə 7 xilasetmə qazıntısı aparılıb və müsadirə edilən əşyalar muzey rəhbərliyinin mühafizəsinə götürülüb. Bu qazıntılar zamanı aşkar edilən ən mühüm tarixi əsərlər oyun parçaları və tunc qəbir hədiyyələri, Qusir Höyükdə aşkar edilən obelisk qırıntıları və Həsənkeyfdə tapılan "Tanrı Bes"in fiqurudur.

Muzeydə həmçinin təxminən 300 yaxın yaxşı qorunmuş amorf bürünc artefaktlar, Nineviya mədəniyyətindən bir neçə nümunə də daxil olmaqla çoxlu rənglənmiş və rənglənməmiş saxsı əşyalar var.

Muzeydə Batman və Siirt bölgələrində aparılan qazıntılar haqqında sənədli filmlərin nümayiş olunduğu proyeksiya otağı, kitabxana və eksponatların bərpa olunduğu laboratoriya var.

Həsənkeyfdə yerləşən Zeynal bəy türbəsi isə Ağqoyunlulardan bizə miras qalan yeğanə tarixi əsərdir.

"Türk dünyasının getdikcə güclənməsi məmnunluq doğurur"

Bələdçilərin həyatımızda rolu, əhəmiyyəti çox böyükdür. Çünki onlar insana doğru yolu tutmaq üçün istiqamət verirlər. Doğru istiqamət isə insanı yolundan azdırmır, “niyə, nə üçün” suallarına asan cavab tapa bilirsən. 

Səyahətboyu fərqli yollarda, fərqli məkanlarda bizə doğru istiqamət verən bələdçilərimizə təşəkkür edirik.

20 ildən çox turizm işi ilə məşğul olduğunu deyən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı, peşəkar bələdçi Mustafa Yalçınkaya təcrübəsi, peşəsi ilə bağlı fikirlərini bizimlə bölüşdü:

"Müxtəlif insanlarla işləmək ünsiyyət, diqqət və peşəkarlıq tələb edir, turistlərin suallarını cavablandırmaq üçün kifayət qədər bilgili olmalısan. Çalışıram ki, işimin öhdəsindən gəlim və buna nail oluram. İngilis və rus dilində sərbəst danışıram. Çünki bu, bizim işdə mütləqdir".

Qədim tarixə, mədəniyyətə malik Türk dünyasının getdikcə güclənməsindən məmnunluğunu ifadə edən M.Yalçınkaya Türkiyə turizminin şöhrətinin dünyanı aşdığını da bildirdi. Onun sözlərinə görə, beynəlxalq statiskaya əsasən, Türkiyə turizmi dünyada 5-ci yeri tutur. Bələdçimiz turist axınının səbəbini ölkəsində sabit, təhlükəsiz şəraitin mövcudluğu ilə izah etdi.

Şərqi Anadolu bölgəsinin özüməməxsusluğu, gözəl təbiəti, dağları, tarixiliyi ilə seçildiyini deyən Mustafa Yalçınkaya bu bölgənim Fərat və Dəclə çayları ilə xüsusiliyini qeyd etdi.

Ölkəmizə, onun insanlarına, tarixinə çox bağlı olan bələdçimiz deyir:

"Müstəqil Azərbaycan Qarabağ Zəfərindən sonra yeni inkişaf yolunda inamla irəliləyir. Türkiyə-Azərbaycan dostluğu bir nümunədir və qardaşlığın bənzəri yoxdur.

Bu yaxınlarda Azərbaycana gedib mütləq Qarabağı da ziyarət edəcəyəm".

Digər bələdçimiz Muş şəhər bələdiyyəsinin turizm əməkdaşı Serdar Solmaz isə öz işini çox sevdiyini və 8 ildir turizm işi məşğul olduğunu deyir. Batmandan olan bələdçimiz ölkəsini, onun tarixini çox sevdiyini söylədi.


Şərqi Anadolu təkcə keçmişin izləri ilə yaşamır

Səfərimiz zamanı Anadolu insanının qəlbindəki səmimiyyət, gözlərindəki işıq, qonaqpərvərlik bizi valeh etdi. Belə isti münasibət bu yerlərə bir də gəlmək istəyi oyadır...

Səfərimiz burada başa çatır. Qrupumuz Türkiyənin Şərqi Anadolu bölgəsindən xoş təəssüratlarla ayrılır. Həsənkeyfə gəlmək və qayıq turuna çıxmamaq günah olardı. Təbii ki, gözəl hisslər yaşayırsan, maraqlı faktlarla qarşılaşırsan, bunları qaçırmamaq lazımdır.

Gəlib görməyə dəyər

Bu səfər bizə göstərdi ki, Şərqi Anadolu təkcə keçmişin izləri ilə yaşamır.

Burada gölün sükutu da, dağın nəfəsi də, kənd insanının təbəssümü də gələcəyə açılan bir dəvətdir. Ən böyük turizm sərvəti elə bu səmimiyyətdir… Dağların qoynunda, göllərin sakit sularında əks olunan, Anadolu insanının gözlərində yaşayan səmimiyyət.

Tatvanın dağlarında, sıldırım yollarında, Muşun düzündə, sadəliyində, Siirtin dərələrində, Batmanın əsilliyində biz bir hekayə tapdıq... Bur yerlərdə insan özünü və zamanın axarını tapır.

Biz bu səfərdə gördük ki, Türkiyə torpaqları hələ çox söz deməyib.

Hər daşında bir tarix, hər nəfəsində bir ümid var. Və keçmişin izi, gələcəyin ümidi insana yaşamaq, yaratmaq ümidi verir.

P.S. Deyirlər təsadüflər yoxdur. Batman turizm şirkətinin rəhbəri Emin Ramanlı əcdadlarının Bakının Ramana qəsəbəsindən olduğunu dedir. Maraqlıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?