Bu gün Bakının mərkəzi küçələri bir daha tarixə şahidlik etdi. 5 il əvvəl, 2020-ci ilin 8 noyabrında qazanılan şanlı Zəfərin ildönümündə keçirilən hərbi parad ölkəmizin hər yerindən, 7-dən 70-ə insanları bir araya gətirdi. Səhər saatlarından etibarən paytaxtın mərkəzində müşahidə olunan izdiham, sanki 5 il əvvəlki o coşqunu, o qürur anlarını yenidən yaşatdı.
Parada baxmağa gələn insanların simasında eyni duyğu vardı - fəxr, minnətdarlıq və sevinc. Gənclər üçrəngli bayraqları çiyinlərində dalğalandırır, uşaqlar “Qarabağ Azərbaycandır!” şüarlarını səsləndirir, yaşlılar isə qələbəni görməyin fəxarətini yaşayırdılar. Ailələr bu paradla həm azadlığı qazandıran əsgərlərə ehtiramlarını bildirmək, həm də gənc nəslə qürur dolu tarixi canlı şəkildə göstərmək üçün övladları ilə birlikdə gəlmişdilər.
Hərbi texnikanın səhnəyə çıxması, Zəfər yürüşünün musiqiləri, vətənpərvərlik mahnıları sanki hər kəsin ürəyindəki qələbə sevincini yenidən alovlandırdı. 5 il əvvəl cəbhədən gələn zəfər xəbəri xalqı necə ayağa qaldırmışdısa, bu dəfə də parad meydanında eyni enerji, eyni ruh hökm sürürdü.
Paradı izləməyə gələn vətəndaşlar bu tarixi günlə bağlı fikirlərini Modern.az-la paylaşdılar.