Çankırının dolanbac dağ yolları bizi geniş bir duz dünyasına aparır. 150 metr dərinliyə enən bu mağara sakitliyi, sərin havası və duz kristallarının parıltısı ilə insanı ilk andan təəccübləndirsə də, buranı gəzdikcə bir azərbaycanlı üçün hər şey qəribə dərəcədə tanış gəlir.
Çünki duz dağı anlayışı bizim üçün yeni deyil. Naxçıvandakı Duzdağı görənlər burada da oxşar bir yeraltı sakitliyi dərhal hiss edir.
Bu duz mağarasının hər tərəfində oyulmuş heyvan fiqurları, qədim daş abidələr və uzunqulaq qalıqları məkanın ab-havasına xüsusi rəng qatır.
Duzlu mağaranın əsas özəlliyi isə havasıdır. Quru və duzlu hava tənəffüsü yüngülləşdirir və insana qəribə bir rahatlıq verir. İrəlilədikəc artıq damağımızdan duzun dadı da gəlməyə başlayır.
Duz dağına ən çox müalicə və ya sadəcə dincəlmək üçün gedirlər. Dərin nəfəs alanda sinənin açıldığını dərhal hiss edirsən.
Bu yeraltı duz dünyası barədə məlumat verən tur rəhbəri bildirir ki, mağara araşdırılarkən mühəndislərin və mütəxəssislərin diqqət yetirdiyi mənbələrdən biri də Naxçıvan Duzdağında toplanmış təcrübə olub. Oradakı praktiki biliklər, yeraltı mühitin təşkili və təhlükəsizlik məsələləri Çankırıda da nəzərə alınıb. Ona görə burada gəzərkən insan yalnız bir mağara deyil, həm də bölgəmizin uzun illərə dayanan duz mədəniyyətinin davamını görür.
Bu gün Çankırı mağarasının çox sayda ziyarətçi cəlb etməsi təsadüfi deyil. Bu, həm zəngin təbiətin, həm də öyrənilmiş təcrübələrin nəticəsidir.
Modern.az Türkiyənin Çankırı şəhərində yerləşən duz mağarasından reportağı təqdim edir:


















