“Ramiz Mehdiyev işi” üzrə axtarışa verilən daha bir ad məlum oldu: Abbas Abbasov.
Vaxtilə Azərbaycan Baş nazirinin birinci müavini olmuş Abbas Abbasov da dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlərdə ittiham olunur.
Modern.az-ın məlumatına görə, Abbas Abbasov uzun illər ərzində Azərbaycanın siyasi səhnəsində güc sahibi olmuş sabiq məmurlardandır. O, 1992-ci ildən 2006-cı ilə qədər Baş nazirin birinci müavini vəzifəsində çalışıb və bu postda 14 il qalıb.
Abbas Aydın oğlu Abbasov 1949-cu il avqustun 4-də Gəncə şəhərində anadan olub. 1971-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. Həmin il respublika Baytarlıq Laboratoriyasında baytar həkim kimi əmək fəaliyyətinə başlayıb. 1972-1973-cü illərdə hərbi xidmətdə olub.
1973-cü ildən Abşeron rayonunun quşçuluq sənayesi sahəsində baytar həkim, sex rəisi, 1979-1982-ci illərdə Bakı Broyler Fabrikinin direktoru, 1982-ci ildən Özbəkistan Respublikasının quşçuluq təsərrüfatlarında direktor müavini, 1983-1989-cu illərdə Özbəkistan SSR Dövlət Quşçuluq Sənayesi Komitəsi sədrinin müavini, 1989-cu ildən Abşeron Quşçuluq Aqrar-İstehsalat firmasının baş direktoru, 1990-1991-ci illərdə Abşeron Rayon Partiya Komitəsinin birinci katibi, rayon Xalaq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Azərbaycanın dövlət müşaviri, vəzifələrində işləyib.
1990-1995-ci ildən Azərbaycan Respublikasının xalq deputatı olub.
1992-ci ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Bu dövr ərzində bir neçə dövlət komissiyasının sədri olub. 2006-cı ildə tutduğu vəzifədən azad edilib.
19 may 2006-cı il tarixində "İstiqlal" ordeni ilə təltif edilib.
2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiya Federasiyasında yaşamağa başlayıb. Orada "AST Şirkətlər Qrupu" nun vitse-prezidenti və Müstəqil Dövlətlər Birliyi (MDB) Dinlərarası Şurasının Qəyyumlar Komitəsinin həmsədri işləyib.
Rusiya Federasiyasında Azərbaycan diaspor strukturlarını ələ keçirib təsir altına salmaq istiqamətində pozucu fəaliyyət aparıb. Abbas Abbasov Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti “AzərRos”un Ağsaqqallar Şurasının sədri kimi də fəaliyyət göstərib.
2012-ci ildə yaradılmış qalmaqallı “Milyarderlər İttifaqı” adı ilə tanınmış Rusiya Azərbaycan Təşkilatları İttifaqının təsisçisi və rəhbəri olub. Bu təşkilatın Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Azərbaycandakı siyasi proseslərə - 2013-cü il prezident seçkilərinə birbaşa müdaxilə etmək məqsədilə yaradıldığı istisna olunmurdu.
Bu qurumda Rusiyadakı Azərbaycan əsilli milyarderlər - “İSR” şirkətlər qrupunun prezidenti İsgəndər Xəlilov, “LUKoyl”un rəhbəri Vahid Ələkbərov, AST Şirkətlər Qrupunun sahibi Telman İsmayılov və digərləri yer alırdı. Sözsüz ki, proses onların şəxsi təşəbbüsü deyildi - onlar bu işə cəlb olunmuşdular.
“Milyarderlər İttifaqı” Rusiyadan maliyyələşdirilir və istiqamətləndirilirdi.
O zaman Abbas Abbasov dolayısı yollarla Azərbaycan hakimiyyətini təhdid edən bəyanatlar səsləndirirdi.
Lakin “Milyarderlər İttifaqı” Azərbaycanda keçirilən 2013-cü il prezident seçkilərinə müdaxilə edə bilməyərək iflasa uğradı.
2015-ci ildə “Milyarderlər ittifaqı” adını alan Rusiya Azərbaycan Təşkilatları İttifaqının təsisçiləri təşkilatın rəsmən buraxılmasına dair qərar qəbul etdilər. Həmin qərarı mətbuata ittifaqın sədri Abbas Abbasov açıqlayıb.
Rusiya KİV-lərinə dərc olunan xəbərlərdən belə məlum olur ki, Abbas Abbasov hazırda da bu ölkədə yaşayır.
O, Rusiyada Beynəlxalq Güləş Federasiyasının Büro üzvü kimi fəaliyyət göstərir. Eyni zamanda bu ölkədə böyük biznes şəbəkəsinə malikdir.
Abbas Abbasov təkcə keçmiş dövlət rəsmisi deyil - həm də öz reputasiyası ilə uzun müddət “qaranlıq persona” kimi yadda qalmış bir eks-məmurdur. Onun Rusiyadakı Azərbaycan disaporunu parçaladığı iddia olunur. Siyasi dairələrdə A.Abbasovun fəaliyyətləri Azərbaycan dövlət maraqları ilə uzlaşmayan təsirlər kimi qiymətləndirilir.
Ramiz Mehdiyevin ətrafında aparılan istintaq işində — burada dövlət hakimiyyətini zorla ələ keçirmə, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması kimi xüsusilə ağır ittihamlar irəli sürülüb — Abbas Abbasovun da adı hallanmağa başladı. Bu gözlənilər idi.
A.Abbasov artıq istintaqa cəlb olunub, lakin hazırda ölkə hüdudlarından kənarda olduğuna görə barəsində axtarış elan edilib.
İndi hamıya maraqlıdır: Rusiya Abbas Abbasovu Azərbaycana təhvil verəcəkmi?!
A.Qorxmaz