Modern.az

Trampın arzusunu puç edən qadın: ABŞ prezidenti ondan necə QİSAS ALDI...

Trampın arzusunu puç edən qadın: ABŞ prezidenti ondan necə QİSAS ALDI...

Reportaj

6 Yanvar 2026, 18:20

Yeraltı sərvətlərinə (neft, qızıl) görə dünyanın ən zəngin ölkələrindən biri olan Venesuela hazırda həm daxili böhranları, həm də geosiyasi əhəmiyyəti baxımından dünyanın diqqət mərkəzindədir.

Venesuela təxminən 304 milyard barel neft ehtiyatı ilə dünya lideridir. Ölkənin təxminən 53 ton qızıl ehtiyatı var. Təsadüfi deyil ki, Venesuela sərvətlərinə görə Latın Amerikasının incisi sayılır.

ABŞ, Rusiya, Çin və regional güclərin Venesueladakı təsir uğrunda mübarizəsi son vaxtlar bu ölkəni beynəlxalq siyasətdə ön plana çıxarıb.

Yanvarın 3-də ABŞ-ın Venesuelada hərbi əməliyyatla prezident Nikolás Maduronu ələ keçirməsi beynəlxalq aləmdə böyük şok effekti yaradıb.

Nikolas Maduronun yerinə vitse-prezident Delsi Rodrigez müvəqqəti prezident elan olunub. Bu sürətli siyasi dəyişiklik daxildə və xaricdə müzakirə olunmaqdadır.

Çoxları gözləyirdi ki, Nikolas Maduronu devirən ABŞ onun yerinə müxalifət lideri Mariya Korina Maçadonu gətirəcək. Amma Donald Tramp bunu etmədi və vitse-prezident Delsi Rodrigezin üstündə dayandı.

Modern.az-ın məlumatına görə, Trampın Venesuela müxalifətinin lideri Maçadonu prezident postunda görmək istəməməsi ikincinin ötən il Nobel Sülh mükafatını alması ilə əlaqələndirilir.

Bu barədə “Vaşinqton Post" qəzeti Ağ Evə yaxın mənbələrə istinadən yazıb. Mənbə qəzetə bildirib ki, Mariya Maçado Nobel Sülh mükafatını qəbul etməklə Trampa qarşı “böyük günah” işlədib:

“Əgər o, vaxtında mükafatdan imtina edib desəydi ki, “mən bunu qəbul edə bilmərəm, çünki bu, Donald Trampa məxsusdur”, Maçado bu gün Venesuelanın prezidenti olardı”.

57 yaşlı Mariya Maçado Nobel Sülh mükafatına 2025-ci ilin oktyanrında layiq görülüb. Nobel Komitəsi hesab edib ki, siyasətçi qadın “Venesuela xalqının hüquqları və demokratiya uğrunda yorulmaz mübarizəsi, eləcə də ölkəsinin diktaturadan demokratiyaya ədalətli və dinc keçidinə nail olmaq cəhdlərinə” görə bu mükafata layiqdir. 


Xatırladaq ki, 2025-ci il üzrə Nobel Sülh mükafatına potensial namizədlərdən biri ABŞ Prezidenti Donald Tramp idi. Buna əsas olaraq ABŞ liderinin ikinci prezidentliyi dövründə bəzi ölkələr arasında bir neçə münaqişəyə son qoyması göstərilirdi. Tramp əvvəllər də bir neçə dəfə Nobel Sülh mükafatına namizəd olub, lakin heç vaxt onu qazana bilməyib. Mərbuata açıqlamaları göstəırirdi ki, onun özü bu mükafatı almağı çox istəyir.

Trampın Nobel Sülh mükafatına layiq görülməməsi Amerikanın siyasi dairələrində tənqidlərə səbəb oldu. ABŞ Prezidentinin özü də mətbuata açıqlamalarında “Nobel” ala bilməməsinə görə narazılığını gizlətmədi.

Maduro həbs ediləndən sonra Maçado Venesuelada hakimiyyəti ələ almağa hazır olduğunu bəyan etsə də, Tramp bunun əleyhinə çıxdı.

ABŞ-ın Venesuelada keçirdiyi 3 yanvar tarixli hərbi əməliyyatdan sonra Donald Tramp jurnalistlərə açıqlamasında Mariya Maçadonun ölkəni idarə etmək üçün xalqın dəstəyi və hörmətinə malik olmadığını deyib. Xarici KİV-in məlumatına görə, ABŞ prezidentinin bu açıqlaması venesuelalı siyasətçi üçün tamamilə gözlənilməz olub.


Mariya Korina Maçado 7 oktyabr 1967-ci ildə Venesuelanın paytaxtı Karakasda doğulub.

O, siyasətə 2002-ci ildə gəlib. Maşado 2011–2014-cü illərdə Venesuela Milli Assambleyasının üzvü kimi fəaliyyət göstərib.

O, Vente Venesuela siyasi partiyasının milli koordinatorudur. 2012-ci ildə müxalifətin prezidentliyə ilkin namizədi olsa da, rəqibi Henrike Kaprilesə uduzub. 2014-cü ildə Venesueladakı etirazlar zamanı o, prezident Nikolas Maduro hökumətinə qarşı nümayişlər təşkil edən aparıcı fiqur olub.

2023-cü ildə Maçado müxalifətin ilkin seçkilərində qalib gəlib və 2024-cü il üçün Venesuelada keçiriləcək prezident seçkilərində əsas namizəd olub. Lakin o, 2023-cü ilin iyununda Venesuela Baş Müfəttişliyi tərəfindən dövlət vəzifəsində işləməkdən diskvalifikasiya edildiyinə görə, 2024-cü il seçkilərində iştirak edə bilməyib. Çünki Venesuela Ali Ədliyyə Məhkəməsi sözügedən qərarı 2024-cü il üçün də qüvvədə saxlamışdı. 

2024-cü ildə Maçado Nikolas Maduro hökumətinin təzyiqlərindən qorxaraq bir müddət gizlənməyə məcbur olub.

Mariya Maçado fəallığına görə beynəlxalq səviyyədə tanınıb. O, 2018-ci ildə BBC-nin seçimi ilə 100 qadından biri olub və 2025-ci ildə “Time” jurnalının "100 ən nüfuzlu insan"ı arasında yer alıb.

Venesuela müxalifətinin lideri Mariya Maçado 3 yanvar əməliyyatından – Nikolas Maduronun devrilməsindən sonra Nobel Sülh mükafatını ABŞ Prezidenti Donald Trampa təqdim etməyə hazır olduğunu bəyan edib. O deyib ki, Trampa minnətdarlıq əlaməti olaraq mükafatı bölüşməyə hazırdır.

Lakin Maçadonun “Foks Nyus”a verdiyi bu açıqlama ABŞ Prezidenti Donald Trampı yumşaltmayıb.

Yanvarın 3-də Venesuela prezidenti postundan devrilən Nikolas Maduro və həyat yoldaşı isə hazırda ABŞ-ın Bruklin təcridxanasında saxlanılırlar. Onlar Nyu-York məhkəməsində müxtəlif cinayətlərdə təqsirləndirilirlər. 

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır