İran İslam Respublikasında baş verən son hadisələr - etiraz dalğaları Azərbaycanda xüsusi diqqətlə izlənilir. Bu, bir neçə mühüm amillə izah oluna bilər. Coğrafi yaxınlıq, tarixi-mədəni bağlar, etnik faktor, regional təhlükəsizlik və iqtisadi münasibətlər İran daxilindəki proseslərin Azərbaycan üçün əhəmiyyətini artıran əsas səbəblərdir.
İranda milyonlarla azərbaycanlının yaşaması da bizim üçün ən həssas və emosional məsələlərdən biridir.
Güney Azərbaycanda yaşayan soydaşlarımızın sosial vəziyyəti, mədəni hüquqları və ictimai proseslərdə iştirakı Azərbaycan mətbuatı üçün daim müzakirə mövzusu olub. İranda baş verən etirazlar, islahat çağırışları və ya mərkəzi hakimiyyətin siyasətindəki dəyişikliklər birbaşa olaraq oradakı Azərbaycan türklərinin durumuna təsir edə bilər. Bu isə Azərbaycan cəmiyyətində təbii maraq və narahatlıq doğurur.
İrandakı rejiminin fars millətçiliyi üzərində durması və Azərbaycan Respublikasına yumşaq desək, dost olmayan siyasət yürütməsi də xüsusi qeyd olunmalıdır. İran-Azərbaycan münasibətlərində zaman-zaman yaşanan gərginliklər iki ölkə arasındakı diplomatik əlaqələrdə də həmişə özünü qabarıq şəkildə biruzə verib.
Modern.az-ın məlumatına görə, müstəqil Azərbaycanın İranla diplomatik münasibətləri hələ 1918-ci ildən qurulmağa başlayıb. Belə ki, o dövrdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 1918-ci ilin sentyabrında özünün İrana ilk diplomatını - işlər vəkilini təyin etməyi qərara alıb.
Lakin İran tərəfi ilk vaxtlar AXC ilə diplomatik əlaqələr qurmaqdan imtina edib. O zaman İran Azərbaycan adlı müstəqil dövləti tanımaq istəmirdi.
Nəhayət 1919-cu ilin martında Azərbaycan Xalq Cümhuriyyəti Tehrana fövqəladə missiya göndərməyə nail olub. İsmayıl xan Ziyadxanovun başçılıq etdiyi bu missiya İrandakı şah hökuməti ilə Azərbaycan arasında diplomatik nümayəndəliklər açmaq təklifini müzakirə edib.
Nəticədə 1919-cu ilin iyulun 16-da AXC hökuməti İranda diplomatik nümayəndəlik açmaq barədə qərar qəbul edib.

Azərbaycan hökumətinin 1 avqust 1919-cu il tarixli qərarına əsasən, Azərbaycanın Tehranda diplomatik nümayəndəliyi təsis edildi və xarici işlər nazirinin müavini Adil xan Ziyadxanov Azərbaycan Xalq Cümhuriyyətinin İrandakı ilk diplomatik nümayəndəsi təyin olundu.
1920-ci il, fevralın 4-də Ənzəlidə Azərbaycanın vitse-konsulluğu yaradıldı. 1920-ci ilin aprelin 1-də isə Azərbaycan dövlətinin Təbrizdə baş konsulluğu, Rəştdə konsulluğu, Məşhəddə vitse-konsulluğu, Əhər və Xoy şəhərlərində isə konsul agentlikləri təsis edildi.
Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci il aprelin 28-də bolşeviklər tərəfindən işğal edilməsi Şərqin bu müstəqil dövlətinin süqutu ilə nəticələndi. Cümhuriyyətin xarici dövlətlərdə, o cümlədən İranda açdığı səfirlik və nümayəndəliklər fəaliyyətlərini dayandırdı.
Nəhayət 70 ildən sonra müstəqilliyini bərpa edən Azərbaycan Respublikası yenidən xarici ölkələrdə, eləcə də İranda diplomatik nümayəndəlik təsis etdi.

1992-ci ildə Azərbaycan Respublikasının İranda ilk səfiri təyin edildi. Bu, tarix elmləri doktoru Nəsib Nəsibli idi.
N.Nəsibli 1992–1994-cü illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfiri vəzifəsində çalışıb.
Keçmiş səfir İrandakı son hadisələrin “iğtişaş” adlandırılmasını doğru hesab etmir. Onun sözlərinə görə, İranda insanlar öz haqları üçün meydanlara çıxıblar, məişət problemlərindən tutmuş ideoloji məsələlərə qədər ciddi narazılıqlar mövcuddur. N.Nəsiblinin sözlərinə görə, 47 ildir hakimiyyətdə olan molla rejimi İran əhalisini ağır vəziyyətə salıb, İranda yaşamaq çətinləşib.

1994-cü ildə Tehrandakı diplomatik nümayəndəliyə rəhbərlik professor Əliyar Səfərliyə tapşırılmışdı. Mərhum Əliyar Səfərli (2017-də vəfat edib-red.) 1994–1998-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
1998-ci ildə də Azərbaycanla İran arasında diplomatik qalmaqal yaşanmışdı. Həmin vaxt Azərbaycanın İrandakı səfiri Əliyar Səfərlinin Güney Azərbaycanlılarla bağlı bəzi açıq çıxışları rəsmi Tehranın sərt etirazı ilə qarşılanmışdı. Nəticədə Ə.Səfərli qeyri-rəsmi olaraq İranda “persona-non-qrata” elan edildiyindən onun səfirlik fəaliyyətnə son qoyulmuşdu...

Ə.Səfərlidən sonra Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri postu Abbasəli Həsənova həvalə olunub. O, həmin vəzifədə 11 ildən çox müddətdə işləyib. A.Həsənovun səfir fəaliyyəti 1998-2009-cu illəri əhatə edir.
Keçmiş səfir deyir ki, Azərbaycan türklərini İrandakı milli azlıq kimi qələmə verənlər səhv edirlər: "Yəni o ölkədə Azərbaycan türkləri milli çoxluq təşkil edir. Və gerçəklikdə İran İslam Respublikası əhalisinin 52 faizi, yəni yarıdan çoxu Azərbaycan türkləridir. Bu faktı İranın rəsmi şəxsləri də etiraf edir".

2009-cu ildə Azərbaycan Respublikası İrana yeni səfir təyin etdi. Bu vəzifəyə Cavanşir Axundov təyinat aldı. Yeni səfir 7 il İranda çalışdı. 2016-cı ildə ölkə başçısının sərəncamı ilə Cavanşir Axundov Tehrandan geri çağırıldı.

Həmin ilin aprelində Bünyad Hüseynov Azərbaycanın İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrinə təyinat aldı. O bu vəzifədə 7 avqust 2021-ci il tarixinə kimi işlədi.

2021-ci ildə Azərbaycan Respublikasının İrandakı səfir dəyişdi. Prezidentin sərəncamı ilə 1978-ci il təvəllüdlü Əli Əlizadə Azərbaycanın İrandakı yeni səfiri təyin olundu.
Bu təyinatadək Ə.Əlizadə Azərbaycan Xarici İşlər Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışıb. Daha sonra Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu, Pakistanda isə fövqəladə və səlahiyyətli səfiri vəzifələrində işləyib.
Ə.Qafarlı