Bu gün - fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
Liderlər Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli əsasda inkişaf etdirmək, ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək, etimad quruculuğu tədbirlərinin davam etdirmək barədə razılığa gəliblər.
Bəs Əbu-Dabi danışıqları liderlərin neçənci görüşüdür?
Modern.az saytı 2020-ci ildə baş vermiş 44 günlük müharibədən sonra İlham Əliyevlə Nikol Paşinyan arasında keçirilən görüşlərin xronologiyasını xatırladır.
11 yanvar 2021
Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.
Görüşün məqsədi 2020-ci il noyabrın 10-da Qarabağa dair imzalanmış üçtərəfli Bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək olub.
Bu liderlər arasında keçirilən ilk birbaşa danışıq olub.
26 noyabr 2021
Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü Soçidə keçirilib. Görüşə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin vasitəçilik edib.
Tərəflər 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın, həmçinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası haqqında 2021-ci il 11 yanvar tarixli Bəyanatın yerinə yetirilməsinin gedişini müzakirə ediblər.
14 dekabr 2021
Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə nahar əsnasında birgə görüşü keçirilib. Tərəflər arasında sərhədin delimitasiyası və sülh müqaviləsi müzakirə edilib.
15 dekabr 2021-ci il
Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında qeyri-formal görüş keçirilib.
4 fevral 2022
Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib.
Görüşdə Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr aparılıb. İki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparılıb.
6 aprel 2022
Brüsseldə İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla işçi nahar formasında görüşü olub.
22 may 2022-ci il
Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.
31 avqust 2022-ci il
Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.
6 oktyabr 2022-ci il
Praqada İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü baş tutub.
31 oktyabr 2022-ci il
Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü olub.
18 fevral 2023-cü il
Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub.
14 may 2023-cü il
Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü baş tutub.
25 may 2023-cü il
Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə üçtərəfli Zirvə görüşü olub.
1 iyun 2023-cü il
Kişineuda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında qeyri-rəsmi görüş olub.

3 iyun 2023-cü il
Ankaradakı Prezident Sarayında Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Ermənistan Baş naziri Nikol Paşinyan da yer alıb. Onlar mərasimdən sonra şam yeməyinə gedərkən qeyri-rəsmi formada görüşüblər.
15 iyul 2023-cü il
Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü olub.
Söhbət zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh prosesi üzrə danışıqların davam etdirilməsi, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, Ermənistanın hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması və qanunsuz hərbi birləşmələrin tərksilah edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
17 fevral 2024-cü il
Münxendə Almaniya Federativ Respublikasının kansleri Olaf Şoltsun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyan ilə görüşü baş tutub.
Görüşdə ikitərəfli əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb.
Almaniya tərəfi Ermənistanla Azərbaycan arasında sülh gündəliyinə öz dəstəyini göstərməyə və xoşməramlı əsasda Almaniyada bu istiqamətdə müvafiq görüşlərin keçirilməsinə dəstək verməyə hazır olduğunu bildirib. Olaf Şolts qeyd edib ki, COP29 əsnasında Ermənistanla Azərbaycan arasında əldə olunan kompromislər, COP29-un Azərbaycanda keçirilməsi sülh gündəliyinin də irəli aparılması üçün əlverişli imkanlar və şərait yaradır.
24 oktyabr 2024-cü il
Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.
16 may 2025-ci il
Prezident İlham Əliyevin Albaniyanın paytaxtı Tiranada Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü baş tutub. Görüş "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısı çərçivəsində olub.
10 iyul 2025-ci il
İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü keçirilib. Görüşdə sülh gündəliyinin mühüm istiqamətləri - sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı müzakirələr aparılıb. Bu danışıqların müxtəlif işçi qrupları formatında və daha yüksək səviyyələrdə davam etdirilməsi üçün ümumi razılıqlar əldə olunub.

8 avqust 2025-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Vaşinqton şəhərində görüşərək Birgə Bəyannamə imzalayıblar.
Bu görüşdə "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanıb.
Eyni zamanda, ATƏT-ın Minsk qrupundan imtina barədə razılığa gəlinib.
Bundan başqa, Ermənistandan keçən "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) (Zəngəzur dəhlizi) tikintisi barədə qərar qəbul edilib.
1 sentyabr 2025-ci il
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşüb.
Liderlər Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edərək, konstruktiv dialoqun, qarşılıqlı etimadın və regional sabitliyin əhəmiyyətini vurğulayıblar. Hər iki lider sülhün və normallaşma prosesinin irəlilədilməsinə dair beynəlxalq dəstəyi bir daha təsdiqləyən son Vaşinqton Sammiti zamanı əldə edilən müsbət dinamikanı qeyd ediblər.
2 oktyabr 2025-ci il
Danimarkanın paytaxtı Kopenhagendə Avropa Siyasi Birliyinin (ASB) 7-ci Zirvə Toplantısı keçirilib. Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla da görüşüb. Görüşdə tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıblar. Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər.
Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri regionda nəqliyyat kommunikasiyalarının faydalarını vurğulayıb, Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı cari işlərin gedişatı və Ermənistan ərazisində TRIPP layihəsini müzakirə edib, Vaşinqton Bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər bu xüsusda ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların ləğv olunması ilə bağlı yekdilliklə qəbul edilmiş qərarı alqışlayıblar. Görüşdə tərəflər etimad quruculuğu tədbirlərinin bundan sonra da həyata keçirilməsinin vacibliyini vurğulayıb və təmasları davam etdirmək barədə razılığa gəliblər.
10 oktyabr 2025-ci il
Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev MDB-nin Düşənbədə keçirilən sammiti çərçivəsində sülhə doğru irəliləyişi müzakirə ediblər.
4 fevral 2025-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşüb. Tərəflər ABŞ Prezidenti Donald Trampın ev sahibliyi və şahidliyi ilə baş tutan Vaşinqton Sülh Sammitinin nəticələrinin həyata keçirilməsi istiqamətində əldə olunan irəliləyişi alqışlayıblar. Onlar Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli əsasda irəlilədilməsində müsbət dinamikanın qorunub saxlanmasının vacibliyini vurğulayıblar.
Tərəflər hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduqlarını qeyd ediblər. Onlar ikitərəfli ticarətin başlamasından və Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsindən, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsindən məmnun olduqlarını bildiriblər. Tərəflər ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağı davam etmək barədə razılığa gəliblər.
Onlar, həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini alqışlayıb və etimad quruculuğu tədbirlərinin genişləndirilməsinin zəruriliyi barədə razılığa gəliblər.
Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan TRIPP və digər bağlantı layihələrinin həyata keçirilməsini müzakirə ediblər.
Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri iki ölkə arasında sülhün və sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində səyləri davam etdirməyə hazır olduqlarını bir daha təsdiqləyib, ikitərəfli normallaşma prosesinə dəstək məqsədilə təmasları davam etdirmək barədə razılığa gəliblər.
A.Qorxmaz