ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkov bu yaxınlarda Moskvada Vladimir Putinlə görüşərkən Rusiya liderinin tərcüməçinin işindən razılıq edib. O, Putinin sinxron tərcüməçisi Aleksey Sadıkovu çətin işin öhdəsindən məharətlə gələn bacarıqlı fenomen adlanırıb.
Putinin şəxsi tərcüməçilərinin adları çox nadir hallarda mediada çəkilir. Onlar mediaya müsahibə verməkdən demək olar ki, tamamilə uzaq tutulurlar.
Bu da səbəbəsiz deyil. Axı tərcüməçilər beynəlxalq siyasətin arxa səhnəsində mühüm rol oynayan diplomatlar hesab olunurlar. Tərcüməçilər olmadan liderlər arasında səmərəli və məhsuldar dialoq mümkünsüz olardı.
Putinin tərcüməçiləri təkcə siyasi danışıqları deyil, bəzən qapalı görüşləri, fövqəladə zəngləri, hətta emosional çıxışları da tərcümə edirlər. Yəni dövlət başçısının əsəbi, ironiyası, hədəsi və ya yumoru da onların səsi ilə qarşı tərəfə çatdırılır.
Prezidentlə ən məxfi danışıqlarda iştirak edən tərcüməçiləri bəzən “sirr daşıyıcıları” da adlandırırlar.
Adətən prezidentlərin yanında ya sinxron (eyni anda tərcümə edən), ya da ardıcıl (danışıqdan sonra tərcümə edən) tərcüməçilər olur. Hər iki iş yüksək dil bilikləri, diplomatik terminologiya, beynəlxalq hüquq və protokol qaydaları, eləcə də psixoloji dözümlülük tələb edir.

Modern.az saytı Stiv Uitkovun tərifini nəzərə alaraq, Putinin tərcüməçilərini – xüsusilə də Aleksey Sadıkovu araşdırmağa çalışıb.
Prezident Putinin bütün tərcüməçiləri Rusiya Xarici İşlər Nazirliyinin diplomatlardır.
Rusiya mənbələrindəki açıq məlumatlara görə, Vladimir Putin yalnız beş-altı tərcüməçi ilə işləyir. Onlardan ən məşhurları Aleksey Sadıkov, Natalya Krasavina və Sergey Çudinovdur.
Rusiya Prezidenti Vladimir Putin ana dili ilə yanaşı, iki xarici dil bilir: alman və ingilis dillərini.
Rusiya lideri alman dilini yaxşı səviyyədə bilir. Axı o, vaxtilə “KQB” zabiti kimi bir müddət Şərqi Almaniyada xidmət edib.
Məlumatlara görə, Putin prezident olduqdan sonra ingilis dilini də öyrənib. Lakin Rusiya liderinin bu dili yüksək səviyyədə deyil, danışıq səviyyəsində bildiyi qeyd olunur. Putin çox nadir hallarda publika qarşısında ingilis dilində danışır. Diplomatik görüşlər zamanı isə ümumiyyətlə ingiliscədən istifadə etmir, yalnız rus dilində danışır.
15 avqust 2025-ci ildə Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında Alyaskanın Ankoriç şəhərində tarixi görüş keçirilərkən bir məqam diqqətdən qaçmamışdı. Prezidentlər hava limanındakı qırmızı xalçanın üzərində əl-ələ görüşmüş və ayaqüstü qısa söhbət etmişdilər. Bu söhbət zamanı liderlərin yanında tərcüməçi olmamışdı. Həmin vaxt bir-birilə tərcüməçisiz dialoq quran prezidentlər ingilis dilində danışmışdılar.
Rusiya mediası yazır ki, Putin bir dəfə almanlarla görüşdə tərcüməçilik etməli olub. Belə ki, alman biznes nümayəndələri ilə görüşdə texniki sistem sıradan çıxdıqda tərcüməçilər eşidilməyib və Putin onların rolunu öz üzərinə götürməklə qonaqlarla birbaşa alman dilində danışıb.
Müşahidəçilər deyirlər ki, Putinlə işləyən tərcüməçilərin işi çox çətindir. Onlar tərcüməçilik edərkən öz ifadələrində Rusiya liderinin hər bir mesajının intonasiyasını, onun əhval-ruhiyyəsini dəqiq şəkildə çatdırmalıdırlar.
Putin dəfələrlə tərcüməçilərə irad tutub. Bu da onun səsləndirdiyi çətin ifadələrin tərcüməsiylə bağlı olub.
Məsələn, Putinin tərcüməçisi Natalya Krasavina çıxışlarının birində Prezidentin səsləndirdiyi "ayaqlarımızı açıb dayana bilmərik" və ya "Donbas əliboş maşın sürmür" ifadələrini nümunə gətirib.
Bu cür ifadələri hətta yazılı tərcümədə belə uyğunlaşdırmaq çətindir və onları dərhal sinxron olaraq düzgün tərcümə etmək həqiqətən də böyük məharət tələb edir.
Prezidentin çıxışını dəyişdirmək qəti olmaz. Misir lideri ilə görüş zamanı Putin "Necəsiniz?" sualına "Əla" cavabını verib. Tərcüməçi bu cavabı "Hər şey yaxşıdır" kimi tərcümə edəndə bu, Vladimir Vladimiroviçin iradına səbəb olub. Putin üçün tərcümədə incəliklər və nüanslar çox vacibdir.
Prezidentin tərcüməçiləri iddia edirlər ki, yeganə problem mürəkkəb lüğət və məcazi nitqdir. Əks halda, Vladimir Vladimiroviç əla iş şəraiti yaradır: o, aydın və səlist danışır, tərcümə üçün fasilələrə icazə verir ki, sözlərin başa düşülməsi asan olsun.
Lakin heç kim 100% qüsursuz ola bilməz, o cümlədən də tərcüməçilər. Prezident Putinin tərcüməçiləri çox vaxt çox yüksək tempdə işləyirlər, onlar dövlət başçısının və yüksək vəzifəli qonaqların sözlərinin arxasınca “qaçmalı”, mürəkkəb lüğət və aksentləri araşdırmalı olurlar.
Siyasi ekspertlər deyirlər ki, Putinin tərcüməçisi kimi işləmək daimi stress altında yaşamaq deməkdir və bunu anlamaq çox vacibdir.
Dövlət başçısının tərcüməçilərinə dövlət sirlərinə giriş üçün təhlükəsizlik icazəsi verilir ki, bu da onların daim basqı və məhdudiyyətlər altında olmasını şərtləndirir.
Prezidentin daimi tərcüməçilərinin - Xarici İşlər Nazirliyinin işçilərinin maaşları barədə ictimaiyyətə açıq məlumat yoxdur, çünki bu məlumat məxfidir.
Yuxarıda açı çəkilən sinxron tərcüməçi Aleksey Sadıkov dəfələrlə Rusiya prezidentini mühüm danışıqlar zamanı müşayiət edib.

O, 2018-ci ildə Helsinkidə Vladimir Putinlə Donald Tramp arasında keçirilən ilk görüşdə tərcüməçi olub.
A.Sadıkov 15 avqust 2025-ci ildə Alyaskada keçirilmiş Tramp-Putin görüşündə də Rusiyanın tərcüməçisi kimi iştirak edib.
A.Sadıkov 2015-ci ildə Con Kerri (o zaman ABŞ Dövlət katibi) və 2012-ci ildə London Olimpiada oyunlarının açılış mərasimində də Putinə tərcümə xidmətləri göstərib.
Aleksey Sadıkov "Rossiya 1" televiziya kanalının "Moskva. Kreml. Putin" proqramına verdiyi müsahibədə bildirib ki, Rusiya prezidenti öz çıxışının tərcüməsini diqqətlə izləyir və istədiyi zaman sözlərinin xarici dil versiyasını dəqiqləşdirməli ola bilər.
Aleksey Sadıkov Rusiya Xarici İşlər Nazirliyinin Dil Dəstəyi Departamentinin müşaviri vəzifəsində işləyir.

Sadıkovun sözlərinə görə, o, bir dəfə təsadüfən çaşqınlıq içində olub və yorğunluq üzündən tərcümədə xırda səhvə yol verib... Və bu səhv Putinin diqqətindən qaçmayıb, Prezident hirslənib: "O [Putin] mənə tərəf döndü və sərt şəkildə dedi: "Məni diqqətlə dinlə!"”.
A.Sadıkov əlavə edib ki, bəzi söhbətlər "tam məxfi" kimi təsnif edilir, ona görə də tərcüməçilər hər danışığın məzmununu ən yaxın dostları ilə də bölüşmürlər.
Putinin digər tərcüməçisi - Rusiya Xarici İşlər Nazirliyinin Dil Dəstəyi Departamentinin üçüncü katibi Natalya Krasavina qeyd edib ki, prezidentlərin söhbətlərini tərcümə etmək "tibbi məxfiliklə müqayisə edilə bilər".
"Bizim peşəmiz əsasən məxfilikdən, onu qorumaq və hörmət etmək qabiliyyətimizdən asılıdır", - Krasavina deyib.
Rusiya mənbələrində Putinin sevimli tərcüməçisi Aleksey Sadıkovun milliyyəti, doğum tarixi və ailəsi barədə açıq məlumatlar yoxdur.
Məlum olan budur ki, o, 2003-2008-ci illərdə Moskva Dövlət Linqvistika Universitetinin (MDLU) Humanitar və tətbiqi elmlər fakültəsində təhsil alıb.
Aleksey Sadıkov daha sonra Davamlı Təhsil İnstitutunda əlavə yenidənhazırlıq proqramını uğurla başa vuraraq tərcüməçi ixtisasına yiyələnib.
Sadıkov 2009-2010-cu illərdə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında sinxron tərcümə üzrə mütəxəssis kursunu da başa vurub.

Aleksey hazırda Rusiya Xarici İşlər Nazirliyində Dil dəstəyi şöbəsində baş məsləhətçi vəzifəsində çalışır. O, həmçinin Moskva Dövlət Linqvistika Universitetinin tədbirlərində qonaq mühazirəçi kimi çıxış edir və BMT Tərcüməçi Kursunun tələbələri üçün ustad dərsləri keçir.
Aleksey Sergeyeviç Sadıkovun bacarığı və peşəkarlığı dəfələrlə qeyd edilib.
O, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin Xarici Dillər və Mədəniyyətlərarası Ünsiyyət kafedrasının da dosentidir.
“Biz kafedramızda yalnız təhsilə deyil, həm də dünya tarixinə töhfə verən Aleksey Sadıkov kimi görkəmli mütəxəssislərin çalışması ilə fəxr edirik”, - deyə Maliyyə Universitetinin Xarici Dillər və Mədəniyyətlərarası Ünsiyyət kafedrasının onunla bağlı açıqlamasında bildirilib.
Ə.Qafarlı