Bu gün ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımından 34 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri insanlıq tarixinin ən faciəli səhifələrindən birinə çevrildi. Qarlı, şaxtalı bir gecədə dinc əhali amansız hücuma məruz qaldı. Silahsız insanlar - qadınlar, qocalar, körpələr - yalnız azərbaycanlı olduqları üçün hədəfə alındılar.
Qaçmağa çalışan ailələr qaranlıqda, soyuq qarın içində gülləbaran edildi. Analar övladlarını qorumağa çalışarkən həyatlarını itirdilər. Uşaqlar isə hələ həyatın nə olduğunu anlamadan onun ən qəddar üzünü gördülər.
Bir gecənin içində yüzlərlə insan həyatını itirdi, talelər yarımçıq qaldı. Sağ qalanların yaddaşında isə ömürlük sağalmayan yaralar açıldı.
Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 63 uşaq vəhşicəsinə öldürülüb.
Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu şəkil iki məsum körpə qızın dəhşətli hekayəsidir...
Zaman 1992-ci ilin fevralı... Məkan Bakıdakı Təzəpir məscidi... Xocalıdan gətirilən meyitlərin tükürpədən görüntüləri... Onların arasında iki balaca qız da var...
Bu şəkli o zaman nəşr olunan “Səhər” qəzetinin fotoqrafı Şahin Abasəliyev çəkib. O, bu görüntünü lentə alandan sonra uzun müddət özünə gələ bilməyərək sarsıntı keçirib... Fotoqraf həmin təsirli anları belə xatırlayır:
“Xocalı faciəsi baş verəndən sonra ilk günlər idi. O vaxt çalışdığım “Səhər” qəzeti redaksiyasından məni Təzəpir məscidində Xocalıdan gətirilən meyitlərin şəklini çəkməyə göndərdilər. İndiki kimi yadımdadır, məscidin giriş pilləkənlərinin qarşısında yerə dama-dama naxışlı şal salınmışdı və onun üstündə iki məsum körpə uşaq meyiti var idi. Onlardan birinin dizində güllə yarasının yeri aşkar görünürdü, o birisinin başının arxa hissəsi yox idi. Uşaqların üz-gözü dəhşətli dərəcədə tanınmaz vəziyyətə salınmışdı. Mən həmin hadisəyə qədər, o gündən sonra da xeyli şəhid, yaralı əsgər şəkil çəkmişəm. Lakin indiyə qədər mənə o cür dəhşətli heç bir səhnə təsir etməyib.
Şəkli çəkib işə getdim. İşə çatıb çəkdiyim plyonkanı eyni redaksiyada çalışdığım tanınmış fotoqraf Rauf Umuda verib onları aşkarlayıb çap etməyi xahiş etdim. Özüm isə uzun müddət sarsıntı keçirdim...
...Sonradan öyrəndim ki, Xocalıda qəddarcasına öldürülən bu qızcığazları mərhum telejurnalist Çingiz Mustafayev vertolyotla Bakıya gətirib. Həmin şəkildəki qızın biri Gülmirə Xocalının müdafiəçilərindən olan Murad Mehdiyevin qızıdır. Onun 5 yaşı olub, atasını və iki bacısını erməni quldurları qətlə yetiriblər, anası Nanəni isə əsir götürüblər. Fevralın 26-cı gecəsi şəhərin 70-ə yaxın sakini ilə birlikdə Qaraqayada düşmən güllələrindən yayınmaq istəsələr də, bu, mümkün olmayıb. Həmin dəstədən yalnız 4 nəfər -Gülmirənin anası, qardaşı Arzu, bir də şəhər sakini Şahnaz və qızı salamat qalıb, qalanlarının hamısını erməni hərbçiləri amansızcasına qətlə yetiriblər.
Digər qızcığazın isə kimliyini müəyyən edə bilmədiklərindən ona Nişanə adı verilib. Fevralın 27-də Təzəpir məscidində yuyulub kəfənlənəndən sonra onları Şəhidlər xiyabanında dəfn ediblər.
Həmin hadisə mənim 35 ilə yaxın fotoqraflıq həyatımın ən ağır və dəhşətli səhnəsidir. Belə bir səhnəni heç kimə arzulamıram - nə həmin faciəni yaşamağı, nə də onu əbədiləşdirməyi...”
Şahin Abasəliyev çəkdiyi bu şəkil sonralar Azərbaycan, rus və ingilis dillərində çap olunan soyqırımından bəhs edən “Xocalı sonuncu gün” jurnalının üz qabığında dərc olunub. Daha sonralar isə müxtəlif qəzet və jurnallarda işıq üzü görüb...

A.Qorxmaz