Azərbaycan Respublikasının sabiq baş naziri Artur Rasizadə bu gün növbəti doğum tarixini qeyd edir.
Modern.az-ın məlumatına görə, onun 91 yaşı tamam olub.
Artur Rasizadə düz 22 il Azərbaycanın Baş naziri postunda çalışıb.
Artur Tahir oğlu Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində müəllim ailəsində anadan olub. Əslən Naxçıvan Muxtar Respublikasındandır. O, kənd təsərrüfatı mütəxəssisi, şair Tahir Rasizadənin oğludur. A.Rasizadənin anası milliyətçə rus olub.
Onlar ailədə iki övlad olublar – Artur və bacısı Tamella...
Artur Rasizadə dahi Azərbaycan ədibi Hüseyn Cavidin qardaşı nəvəsidir.
O, 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib.

Əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması zavodunda mühəndis vəzifəsində başlayıb, sonradan böyük mühəndis, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində işləyib.
1973–1975-ci illərdə “Azneftsənayemaş” birliyində baş mühəndis, 1975–1977-ci illərdə "İttifaqneftmaş" EİB rəisinin birinci müavini-baş mühəndis, 1977–1978-ci illərdə “AzİNMAŞ” Neft maşınqayırması ETİ-nin direktoru olub.
1978–1981-ci illərdə Azərbaycan SSRİ Dövlət Plan Komitəsi sədrinin müavini, 1981–1986-cı illərdə AKPMK-də maşınqayırma şöbəsinin müdiri, 1986–1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin birinci müavini (sonradan Azərbaycan Respublikası Baş nazirinin birinci müavini) vəzifələrində çalışıb.
1992–1994-cü illərdə İqtisadi İslahatlar Fondunda məsləhətçi, 1994-cü ildə “DEKA-B” şirkətində məsləhətçi, 1994–1996-cı illərdə İqtisadi İslahatlar Fondunda məsləhətçi vəzifəsində işləyıb.
1996-cı ilin 15 fevralında Azərbaycan Prezidenti Heydər Əliyevin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib, 25 noyabr 1996 tarixinədək bu vəzifədə çalışıb.

1996-cı ilin may ayından Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, 1996–2003-cü illərdə Azərbaycan Respublikasının Baş naziri, 2003-cü ilin avqust–noyabr aylarında Azərbaycan Respublikası Baş nazirinın birinci müavini vəzifələrində işləyib.
2003-cü ilin noyabr ayından 2018-ci il aprelin 21-dək yenidən Azərbaycan Respublikasının Baş naziri olub.
Prezident İlham Əliyev 2005-ci ildə Artur Rasizadəyə “İstiqlal” ordeni, 2010-cu ildə 75 yaşının tamam olması münasibətilə “Şərəf” ordeni verib.
2015-ci ildə Artur Rasizadə 80 illik yubileyilə bağlı ölkə başçısı tərəfindən “Şöhrət” ordeni ilə təltif olunub.
Artur Rasizadə 2018-ci il aprelin 21-də yeni Nazirlər Kabinetin formalaşması ilə əlaqədar təqaüdə yola salınıb.
2025-ci il fevralın 20-də “Heydər Əliyev” ordeninə layiq görülüb.
Uzun müddətdir Nazirlər Kabinetində çalışan sektor müdiri Qurban Sadıqov Artur Rasizadəni belə xarakterizə edib:

“Artur Rasizadə alicənab, olduqca sadə, sədaqətli, təvazökar, mədəni, savadlı və peşəkar insandır. Ölkəsini, millətini, dövlətini qəlbən sevən, dəqiqliyi və konkretliliyi sevən, yüksək idarəetmə qabiliyyətinə malik, operativ qərarlar qəbul etməyi bacaran dövlət xadimi olub. Kadrların seçilməsi zamanı onların dövlətçiliyə sədaqətinə, biliyinə, peşəkarlığına və təcrübəsinə üstünlük verərdi. Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatında çox münbit və sağlam mühit yarada bilmişdi...
...Tapşırmışdı ki, bir qayda olaraq, beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri ilə keçirilən bütün görüşlərdə Xocalı soyqırımını və xalqımıza qarşı erməni vandalizmini, erməni vəhşiliklərini əks etdirən fotoşəkillər, videoyazılar və mümkün olan bütün sübutlar onlara nümayiş etdirilsin, təqdim olunsun.
... Qətiyyətlə bildirirdi ki, sülh danışıqları heç bir nəticə verməyəcək. Biz iqtisadi gücümüzü və ölkəmizin müdafiə potensialını gücləndirməklə öz torpaqlarımızı hərbi yolla işğaldan azad edəcək, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa edəcəyik.
Belə də oldu. 2016-cı ildə başlayan Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi və 2023-cü ildə bir günlük antiterror əməliyyatları nəticəsində Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında bütün torpaqlarımız işğaldan azad olundu....
...Nə yaxşı ki, 90 illik yubileyi ərəfəsində bu hadisələrin şahidi oldu.
Artur Rasizadə 26 fevral doğum günündə Xocalı faciəsinə görə heç kimə onu həmin gün təbrik etməyə icazə verməzdi, Nazilər Kabineti Aparatının rəhbərliyi isə yalnız bir buket güllə onu təbrik edərdi...
...Artur Rasizadənin mənim irəli çəkilməyimdə xüsusi əməyi olmuş, onun rəhbərliyi altında Nazirlər Kabineti Aparatında ümumilikdə 17 ili şöbə müdiri vəzifəsində çalışmışam.
Artur Rasizadə həm də çox gözəl ailə başçısıdır. Yeganə qızı olan Nailə xanımı, kürəkəni - ziyalı ailəsində böyümüş, bir çox yüksək vəzifələrdə çalışmış Kamal Babayevi, nəvələrini tanıyanlar onların necə səmimi, sadə, mehriban insan olduqlarını yaxşı bilirlər”.

Qeyd edək ki, Artur Rasizadənin həyat yoldaşı – mərhum Aida xanımın atası azərbaycanlı, anası isə rus olub. Aida xanım 2017-ci ildə vəfat edib.
Sabiq baş nazirin yeganə övladı - qızı Nailə Rasizadə 1961-ci ildə Bakıda doğulub. İlk orta təhsilini Bakıdakı 1 saylı məktəbdə alıb. Nailə Rasizadə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (keçmiş Neft və Kimya İnstitutu) bitirib.
N.Rasizadə evlidir, Tahir və Rəna adlı iki övladı var.
A.Qorxmaz