Qarabağ elə bir yurd yeridir ki, orada torpağın özü danışır. Hər rayonu, hər kəndi bir xüsusiyyəti ilə seçilib. Biri müəllimləri ilə ad çıxarıb, biri muğam ustaları ilə, digəri xalçaçı qadınların ilmə-ilmə toxuduğu sənətlə. 1992-ci ilin fevralına qədər Xocalı da belə idi - hərbçiləri, zəhmətkeş və gülərüz insanları, vüqarlı Əsgəran qalası, coşqun Qarqar çayı, savadlı müəllimləri ilə tanınırdı. Bir də badam ağacları ilə…
Badam ağacı baharı hamıdan tez qarşılayan ağacdır. Sanki qışın sərtliyinə dözməyib ilk o sevinir Günəşə. Xocalıda da badamlar tez çiçək açardı. Ağappaq ləçəklər hələ torpaq tam isinməmiş budaqlara qonardı. Kəndin toyları, bayramları da elə o çiçəklər kimi şən, işıqlı keçərdi. Hər evdən səs gələrdi, hər həyət bir ocaq kimi yanardı.

İnsan bəzən yaşadığı anın sonuncu olduğunu bilmir. 1992-ci il fevralın 26-sı xocalılılar üçün belə bir gün oldu... O gün atasını son dəfə qucaqlayan körpələr, yoldaşını sonuncu dəfə işə yola salan qadınlar, övladının alnından son dəfə öpən atalar vardı. 70-80 illik ömründə çox şey görmüş nənə-babalar həmin gün son dəfə Xocalının soyuq, təmiz havasını içinə çəkdilər. Həyətində son dəfə oynayan uşaqlar, süfrə başında son dəfə rahat oturan ailələr vardı.
Həmin gecədən sonra Xocalının adı artıq əvvəlki kimi çəkilmədi. Həmin gün doğulmamış körpələrin taleyi yarımçıq qaldı. Meşədə gizlənərkən ayaqları don vuran uşaqların ahı, əsir düşən ana-bacıların baxışları, vəhşicəsinə öldürülən əsgərlərin qanı, evindən çıxmağa taqəti çatmadığına görə, odun içində qalan qoca nənə-babaların kölgəsi Xocalının adında qaldı.
Əsgəran qalası artıq əzəməti ilə deyil, faciəyə şahidliyi ilə xatırlandı. Qarqar çayı isə uşaq xatirələrinin çayı olmadı daha. O çaydan keçənlərin ayaqları suya yox, buz kimi ağrıya batdı.
Xocalı artıq başqa cür tanındı. Şəhidlər xiyabanında uyuyan beş yaşlı bir uşaqla, meşədə qaçarkən donan Rəfxanın taleyi ilə, əsir düşməsin deyə anasının sinəsinə sıxıb nəfəsini kəsdiyi səkkiz aylıq Salatının acısı ilə tanındı.

Əsir düşməmək üçün övladını boğan, meşədə köməksiz qalan Müşgünaz Əhmədova bu barədə Modern.az-a danışıb.
Müşgünaz Əhmədova şəhid Yelmar Əhmədovun həyat yoldaşıdır. O, müharibədən qısa müddət əvvəl Xocalıya gəlin köçübmüş:
“Mən Xocalıya Laçından gəlin getmişdim. Cavan idim, bilmədiyim yerə getmək o vaxt üçün çətin idi. Amma xocalılılar hələ ilk gündən mənə qol-budaq oldular. Həyat yoldaşım Yelmar, onun ailəsi... Mən bilməzdim ki, bu xoşbəxtlik çox çəkməyəcək. İki qızımız dünyaya gəldi. Böyüyün adı Vüsalə, kiçiyin adı Əfsanə idi. Yelmar istəyirdi ki, ikisi də müəllim olsun. Yoldaşım 1990-cı ildən təyyarə limanında polis əməkdaşı işləyirdi. Əlif Hacıyev, Tofiq Hüseynov, Füzuli Rüstəmov onun ən yaxın dostları idi.
Müharibə şəraitində yaşasaq da, həyat yoldaşım həmişə gələcəyə yaxşı baxırdı. Heç vaxt düşünməzdik ki, başımıza belə müsibət gələr. İndi onu belə düşündüyü üçün qınayıram. 34 ildir fikirləşirəm ki, hər şey başqa cür ola bilərdi. Amma Yelmarı heç vaxt yaşlı təsəvvür edə bilmirəm. Mənim qismətimdə onunla birlikdə qocalmaq, övlad saxlamaq, nəvə böyütmək olmadı. Xocalı kimi müsibətdən sonra övladlarımın bütün yükünü tək çəkdim...
1991-ci ildə üçüncü övladımız doğuldu. O vaxt Xocalıdan Laçına gedəndə Salatın Əsgərova Yelmardan uşaqlarını, ailəsini soruşub. O da demişdi ki, 2 qızı var, biri də olacaq. Salatın Əsgərova da deyib ki, qız olsa Salatın, oğlan olsa adını Ceyhun qoyarsan. Qızımız oldu, Yelmar adını Salatın qoydu. Amma o, qızın nə məktəbə getdiyini, nə də necə böyüdüyünü görə bilmədi”.

"Xocalı həmin gündən sonra mənə qəfəs kimi gəlirdi"
“Yelmar 1988-ci ildən, hadisələr alovlanandan sonra bütün günü işdə olurdu. Bütün xocalılılar kimi vətənini övladlarından, ailəsindən üstün bildi. Düşünmürdü ki, mənim qızlarım var. Yelmar 1991-ci ilin dekabrında atışmalar zamanı vəfat etmişdi. Salatın onda 5 aylıq idi, bilmirdim nə edəm. İllərdir yaşadığım Xocalı mənə həmin gündən qəfəs, həbsxana kimi gəlirdi. Anamgil həmin gündən sonra uşaqları götürmək üçün yanımıza gəldilər. Bilirdilər ki, Xocalıda vəziyyət çox pisdir. Qayınanam övladını orada qoyub getmək istəmədi, mən də onu tək qoya bilmədim. Böyük qızlarımı anamla Bərdəyə göndərdim, mən, Salatın və qayınanam Xocalıda qaldıq. Ürəyim gəlmədi yaşlı qadını orada tək qoyum. Amma həmin gün qayınanam, üç qaynım, üç eltim, qaynımın bir oğlu, qaynımın nəvəsi, həyat yoldaşımın dayısı oğlu, mənim dayım qızı şəhid oldular. Onların nə ölüsü, nə dirisi var”.

"8 aylıq körpəmi əsir düşməməkdən ötrü boğdum"
"25-dən 26-na keçən gecə anladıq ki, Xocalıda qalsaq, hamımız öləcəyik. Qonşularımız, kəndçilərimiz kimi məcbur olub meşəyə qaçdıq. Həmin vaxt Ağdama getmək üçün tək meşə yolu qalmışdı. Digər bütün yolları ermənilər bağlamışdı. Mən qucağımda 8 aylıq körpəm ilə əli-ayağı açıq meşə ilə Ağdama getməyə çalışırdım. Meşəyə düşəndə Salatın ağlayırdı. Qorxdum ki, əsir düşərik. Həmin vaxt yanımızda 30-dan çox adam var idi. Yoldaşımın dayısı oğlunun qaynatası Aydın kişinin əlində silah var idi. Dedim məni də, uşağı da öldür. Ürəyimdə nə özümün, nə də digər qız-gəlinin əsir düşməyinə razı idim. O da dedi ki, mən Allahın verdiyi canı ala bilmərəm. Əlimlə uşağı sinəmə sıxdım, daha ağlamadı, nəfəsi kəsilmişdi. Birinci düşündüm ki, uşağı meşədə qoyum, amma ürəyim gəlmədi. Adını yoldaşım Yelmar, Salatın Əsgərovaya görə qoymuşdu. Onun mənə sonuncu əmanəti idi, dedim nə olsa da, ölüsünü də özümlə aparacam. Mahirə ana var idi, dedim bu uşağı kürəyimə bağla. Ürəyim yanırdı, qarın içində idim, amma elə bilirdim bədənim od-tutub yanır, ağlaya bilmirdim, boğazım düyünlənirdi, nəfəs ala bilmirdim. O vaxt əlimlə toxuduğum şal var idi, Salatını həmin şala bükdüm".

Şəkil: Müşgünaz Əhmədovanın qızı Salatını boğandan sonra bükdüyü toxuma şal və üst geyimləri
"Ermənilər dedi ki, sizi aparırıq, amma güllə atsanız, hamınızı öldürəcəyik"
"Dəhraz kəndini enib, təzədən yuxarı qalxanda ermənilər bizi gördülər. Dedilər "sizi aparacağıq". Onda atışma düşdü. Bizimkilər yaralandı. Bizi tövlə kimi yerə apardılar. Əsirlikdə Mahirə ana mənə dedi ki, uşaq tərpənir. Sevindiyimdən bilmədim nə edim, həqiqətən də tərpənirdi. Bir gün buz kimi tövlədə qaldıq, gəzə bilmirdim. Taqətim yox idi ki, uşağı götürüm. Kəndçimiz dedi ki, uşağı ver mən aparım. Dedim ki, o ölüb-dirilib, yanımdan kənara qoymaram. Qolumdan tutub məni də, körpə Salatını da yanı ilə apardı. Ermənilər uşağın kim olduğunu soruşanda dedi ki, ata-anası ölüb, eləcə icazə verdilər. Ermənilər dedilər ki, "sizi aparırıq, amma güllə atsanız hamınızı öldürərik". Xocalıdan Ağdama, oradan da Abdal-Gülablıya getdik”...

"İlk dəfə həmin hadisədən sonra ağladım"
“Ağdamda olanda yenə silah səsləri eşitdik, Salatını yanımdan kənara qoya bilmirdim. Anama da vermədim uşağı, ayaqlarım pis gündə idi, gəzə bilmirdim, silah səsi eşidəndə qorxdum, qaçmaq istəyəndə rəhmətlik qardaşım tutub məni bağrına basdı. Orada ikimiz də ağladıq, Xocalıdan çıxandan sonra ilk dəfə onda ağladım”.

"Ondan sonra başıma nə gəlirsə, mən Xocalıya görə ağlayıram"
“Hər şey yaxşılaşandan sonra dövlət bizə çox dəstək oldu, qızlarımın hamısı oxudu, hamısı işləyir. Yelmarın arzusu çin oldu, iki qızım da müəllimdir. Amma o bu günləri görmədi. Nə qızlarının müəllim olduğunu, nə Xocalının azad olduğunu bilir.
2023-cü ildə Xocalı azad olandan sonra onun qəbrini birinci tək, sonra isə nəvələrimlə ziyarət etdim. İlk dəfə gedəndə qorxdum ki, birdən qəbrini də tapmaram. Düşündüm ki, birdən bu xoşbəxtlik mənə qismət olmaz. Ora gedəndə elə bildim ki, 30 ildir həyat Xocalıda yoxdur, elə bilirdim Yelmar bir neçə ay əvvəl vəfat edib. Amma 30 ildən artıq bir vaxtda mən onsuz yaşadım. Soruşsanız ki, onun yoxluğuna öyrəşmişikmi, mənim də, qızlarımın da cavabı “yox” olardı. Baxmayaraq ki, indi mənim qızlarım atalarının şəhid olduğu yaşdan da böyükdülər. Bizim üçün təsəlli tapmaq çətin olub. Amma 2 ildir ki, özümə söz vermişəm, daha Xocalıya görə ağlamayacağam. Çünki o torpaqlar azaddır, ən azından mənim də, qızlarımın da, heç vaxt babasının üzünü görməyən nəvələrimin də ərk yeri var, ziyarət edəcəkləri qəbir var...”