İranın ali lideri Ayətullah Əli Xamenei 28 fevralda Tehranda ABŞ-İsrail birgə hava hücumu nəticəsində öldürüldü. Xamenei 1989-cu ildən bəri İrana rəhbərlik edirdi və onun ölümü ilə əlaqədar ölkədə matəm elan olunub.
Xamenei ilə yanaşı, İranda ali rəhbərliyin digər üzvləri də öldürülüb. 28 fevralda İslam İnqilabı Keşikçiləri Korpusunun SEPAH) baş komandanı Məhəmməd Pakpur və Xameneinin müşaviri, İran Müdafiə Şurasının katibi Əli Şamxani də məhv edilib.
İran rəsmiləri bəyan ediblər ki, ən qısa zamanda ölkəyə yeni rəhbər seçiləcək.
Bəs Xameneinin yerinə kim gələcək?
Xamenei, Pakpur və Şamxaninin ölümünün rəsmi elanından bir neçə saat sonra İranın müvəqqəti olaraq prezident Məsud Pezeşkian, məhkəmə sisteminin rəhbəri və Konstitusiya Keşikçiləri Şurasının nümayəndəsindən ibarət şura tərəfindən idarə olunacağı elan edilib.
Modern.az xəbər verir ki, İranda yeni ali lideri 88 ruhanidən ibarət Ekspertlər Şurası seçəcək.
Ekspertlər Şurası İran İslam Respublikasının ali rəhbərini seçən, onun hərəkətlərinə nəzarət edən və lazım gələrsə, vəzifəsindən azad edə bilən Konstitusiya orqanıdır.
İran konstitusiyasına görə, varis mümkün qədər tez seçilməlidir. Əli Xamenei özü sələfi, 1979-cu il İslam İnqilabının lideri Ayətullah Ruhullah Xomeyninin vəfat etdiyi gün təyin edilmişdi.
Konstitusiyanın 111-ci maddəsinə əsasən, liderin ölümü, istefası və ya vəzifəsindən uzaqlaşdırılması halında Ekspertlər Şurası yeni lideri mümkün qədər tez seçib elan etməyə borcludur.
Xarici KİV-lərin məlumatına görə, İran ABŞ və İsrail tərəfindən hücumlara məruz qalmağa davam etdiyi bir vaxtda bütün Ekspertlər Şurasını tez bir zamanda toplamaq təhlükəsizlik səbəblərindən çətin ola bilər.
İran İslam Respublikasının Ekspertlər Şurasına hazırda 95 yaşlı Ayətullah Məhəmməd Əli Müvəhhidi Kirmani sədrlik edir..
Xamenei rəsmi olaraq mümkün varisinin adını açıqlamadığı üçün onun yerini kimin tutacağı məlum deyil.
Türkiyə mediası yazır ki, İran hakimiyyəti dəhlizlərində dolaşan adlar arasında Xameneinin oğlu Müctəba Xamenei, parlamentin sədri və SEPAH-ın keçmiş komandiri Məhəmməd Bağır Qalibaf və ali liderin ofisində əsas rol oynayan Əli Əsgər Hecazi var.
BBC-nin məlumatına görə, ABŞ prezidenti Donald Tramp artıq bildirib ki, o, İranın yeni liderini tanıyır:
"İranın yeni lideri haqqında çox yaxşı təsəvvürüm var. Lakin indidən kim olduğunu açıqlaya bilmərəm".
Xarici ekspertlər və analitiklər isə ehtimal olunan digər beş namizədin adını açıqlayıb.
Birinci namizəd Əli Xameneinin ikinci oğlu, 56 yaşlı Müctəba Xameni - Müctəbanın hətta atasının sağlığında da əhəmiyyətli təsirə malik olduğu və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və ona bağlı “Bəsic” yarımhərbi dəstəsilə güclü əlaqələri olduğu güman edilir. Amma yerli ənənə Müctəbaya qarşıdır: hakimiyyətin atadan oğula ötürülməsi şiə müsəlman ruhaniləri tərəfindən pis qarşılanır. Əlavə bir maneə də var: Müctəba nə rəsmi vəzifə tutur, nə də yüksək vəzifəli ruhanidir.
İkinci mümkün namizəd 67 yaşlı Əlirza Ərəfidir – Müctəba Xameneidən daha az tanınan Əlirza Ərəfi Xameneinin etibarlı silahdaşı sayılır. Hazırda o, ölkənin yeni liderini təyin edəcək Ekspertlər Şurasının sədr müavini vəzifəsində çalışır və seçki namizədlərini və parlament tərəfindən qəbul edilən qanunları yoxlayan Keşikçilər Şurasının üzvüdür. O, həmçinin İranın dini icma sisteminə rəhbərlik edir. Amma Ərəfinin siyasi təsiri azdır və təhlükəsizlik qüvvələri ilə sıx əlaqəsi yoxdur.
Üçüncü namizəd təxminən 60 yaşında olan Məhəmməd Mehdi Mirbağeridir. Xarici KİV və analitiklər onu radikal ruhani kimi təsvir edir; o, həmçinin Ekspertlər Şurasında təmsil olunur və orada ruhanilərin ən mühafizəkar qanadını təmsil edir. İranın bəzi media quruluşlarının məlumatına görə, Məhəmməd Mehdi Mirbağeri Qərb əleyhinə son dərəcə sərt baxışlara malikdir və inanclılarla kafirlər arasında münaqişənin qaçılmaz olduğuna inanır. O, hazırda İranın şimalındakı əsas şiə qurumu olan Qum şəhərində İslam Elmləri Akademiyasına rəhbərlik edir.
Dördüncü namizəd təxminən 50 yaşında olan Həsən Xomeynidir. Həsən Xomeyni İslam Respublikasının qurucusu Ayətullah Ruhullah Xomeyninin nəvəsidir. Ekspertlərin fikrincə, o, dövlət vəzifələrində çalışmayıb və bu səbəbdən İranın təhlükəsizlik qüvvələri və ya hakim elitası üzərində az təsirə malikdir. Həsən Xomeyni İranda bir çoxlarından daha az radikal fiqur hesab olunur.
Nəhayət, beşinci namizəd təxminən 70 yaşında olan Haşim Hüseyni Buşeridir7. O, Ekspertlər Şurası ilə yaxın əlaqələri olan və sədrin birinci müavini vəzifəsində çalışan yüksək vəzifəli ruhanidir. Buşerinin Xameneiyə yaxın olduğu söylənilsə də, hakimiyyətdə hər hansı yüksək vəzifə tutmur və SEPAH ilə yaxın əlaqələri olduğu bilinmir.
Ə.Qafarlı