2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin tam bərpası məqsədilə həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı zamanı qəhrəmancasına şəhid olan hərbçilərimizin xatirəsi hər zaman ehtiramla anılır. Həmin əməliyyatda şücaəti ilə yadda qalan qəhrəmanlardan biri şəhid Əkrəm Yunus oğlu Şadmanovdur.
Modern.az saytı “Şəhiddən qalan son foto” rubrikasının budəfəki təqdimatını cəsur zabitə həsr edir.
Şəhidin həyat yoldaşı Gülşən Rəhimovanın sözlərinə görə, Əkrəmin ona göndərdiyi son fotonun çox təsirli bir tarixçəsi var. O deyir ki, həyat yoldaşı bu fotonu çəkdirdiyi günün axşamı minaya düşüb:
“Əkrəm uzun müddət idi ki, cəbhəyə yollanımışdı, biz də onu görmürdük. Hamımız bir-birimiz üçün darıxmışdıq. Ayın 23-ü axşamı ona dedim ki, səni görmək istəyirəm, şəklini mənə at. O da “yaxşı, göndərərəm” söylədi”.
Gülşən xanım deyir ki, bir qədər sonra ürəyinə qəribə bir qorxu düşüb:
“Sonradan ona yazdım ki, şəkil atma, birdən sənin üçün təhlükəli olar. Çünki 44 günlük Vətən müharibəsində Şükür Həmidovun dronla görüntüsünü götürüb vurmuşdular. Əkrəm də onunla bir yerdə xidmət etmişdi. Səhər tezdən oyandım ki, Əkrəm şəkli göndərib. Mənim ismarıcımın altına da üç gülən smaylik qoymuşdu. Yəni “qorxma” demək istəyirdi. Şəklə baxdım, o qədər xoşuma gəldi ki… elə o şəkil Əkrəmdən bizə qalan ən son gülüş, ən son foto oldu. Yaxınlaşdıranda eynəyində dağlıq ərazilər görünür. Şəklə baxanda içim sızlayırdı ki, o, soyuqda, qarda, çöllükdə xidmət başındadır”.
Həyat yoldaşı xatırladıb ki, sentyabrın 24-ü sübh tezdən Əkrəm ona zəng edib:
“Uşaqların yatdığını düşünürdü, ona görə asta səslə danışırdı. Məndən böyük oğlumuz Arazı soruşdu. Araz yeməyi çətin yeyən uşaq idi, Əkrəm ona “Atam” deyə müraciət edərdi. Soruşdu ki, " Atam, yeməyini yemisən?" Araz da dedi ki, "Ata, sən gələcəksən deyə anamı incitmirəm, özümü ağıllı aparıram". Sonra qızımız Solmazı soruşdu. Solmaz da danışdı, dedi: "Ata, bu gün ad günümdür, gələcəksən?"
Əslində qızımızın ad günü sentyabrın 27-si idi, amma 2020-ci ildən sonra biz onu hər il bazar günü qeyd edirdik. Əkrəm də söz verdi ki, mütləq gələcək.
Hətta, hansı yeməkləri bişirməyi də tapşırdı. Telefonu götürüb mətbəxə keçdim. Dedim ki, uşaqlara fikir vermə, bəlkə gəlməyin alınmadı, narahat olma. Dedi "yox, çıxıb gələcəyəm, onsuz da əməliyyat yekunlaşıb". Mən də inanmışdım ki, gələcək… hazırlıq görürdüm. Günorta yenə danışdıq. Ən ağır və təsirlisi isə axşama doğru onun şəhid olması xəbərini internetdə yayılan məlumatlardan, şəkillərdən öyrənməyimiz oldu”.
Gülşən Rəhimovanın sözlərinə görə, Əkrəm Şadmanovun son döyüşə gedişi əvvəlkilərdən fərqli olub:
“Üç dəfə döyüşə gedib, amma heç vaxt belə getməmişdi. Elə bil Allah hiss etdirmişdi ki, bu dəfə şəhid olacaq. Sonradan düşünəndə anlayıram ki, bizə nəsə demək istəyirmiş, sadəcə biz qəbul etmək istəməmişik. Heç inana bilmirdim… inanmaq istəmirdim ki, Əkrəm şəhid olub”.
Şəhidin həyat yoldaşı Gülşən Rəhimovanın doğum günü fevralın 28-nə, Əkrəm Şadmanovun doğum günü isə martın 1-nə təsadüf edir və onlar bu günü həmişə birlikdə qeyd ediblər. Gülşən xanım deyir ki, Əkrəmi tanıyanların tez-tez dediyi bir cümlə var: “O, Xocalının qisasını aldı”.
Əkrəm Yunus oğlu Şadmanov 1 mart 1984-cü ildə Kəlbəcər rayonunun Zivel kəndində dünyaya göz açıb. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində motoatıcı ixtisası üzrə təhsil alıb və 2005-ci ildə fərqlənmə ilə məzun olaraq zabit kimi xidmətə başlayıb. Müxtəlif vəzifələrdə xidmət edən zabit 2020-ci ilin Vətən müharibəsində Qubadlı və Cəbrayıl istiqamətlərində döyüşlərdə iştirak edib, bir sıra strateji yüksəkliklərin azad olunmasında xüsusi şücaət göstərib və müharibədən sonra vaxtından əvvəl polkovnik-leytenant rütbəsinə yüksəlib.
2022-ci ildə keçirilən “Qisas” əməliyyatında Kəlbəcər rayonunun Kömürdağ yüksəkliyinin azad olunmasında iştirak edən Əkrəm Şadmanov 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri zamanı Ağdam-Xocalı istiqamətində döyüşlərin planlaşdırılması və aparılmasında da fəal rol oynayıb. O, 24 sentyabr 2023-cü ildə Ağdam rayonunun Gülablı kəndi yaxınlığında döyüş mövqelərinə baxış zamanı avtomobilinin minaya düşməsi nəticəsində şəhid olub və II Fəxri Xiyabanda dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 noyabr 2023-cü il tarixli sərəncamına əsasən, polkovnik-leytenant Əkrəm Şadmanov ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub. Xidməti dövründə isə o, “Müharibə iştirakçısı”, “Hərbi xidmətdə fərqlənməyə görə” I, II və III dərəcəli medalları, Silahlı Qüvvələrin 90, 95 və 100 illik yubiley medalları olmaqla ümumilikdə 1 orden və 13 medala layiq görülüb.