Modern.az

Osmanlının ilk paytaxtı - Tarixlə yaşayan şəhər

Osmanlının ilk paytaxtı - Tarixlə yaşayan şəhər

Reportaj

Bu gün, 17:21

Bursa: keçmişin nəfəsi, bu günün ritmi

Türkiyə, yalnız tarixi və mədəni zənginliyi ilə deyil, eyni zamanda möhtəşəm təbiəti ilə də turistləri cəlb edən ölkədir. Ölkənin Mədəniyyət və Turizm Nazirliyi və Turizm Tanıtım və İnkişaf Agentliyi (TGA) bu imkanları dünya səviyyəsində tanıtmaq üçün aktiv fəaliyyət göstərir. “GoTürkiye” platformasının və rəqəmsal kampaniyalarının sayəsində turistlər Türkiyənin hər guşəsində – İstanbulun tarixi küçələrindən Kapadokiyanın səmaya qalxan qayalarına, Antalya sahillərindən Pamukkalanın ağ terrasına qədər – unudulmaz anlar yaşayırlar.

Dünyanın 4-cü körpüsü

“GoTürkiye” platformasının dəstəyi ilə İstanbula səfərimiz başa çatdıqdan sonra Osmanlının ilk paytaxtına- Bursaya yola düşürük.

Bursa Osmanlı imperiyasının ilk paytaxtı kimi həm tarix, həm də təbiət baxımından xüsusi bir cazibə mərkəzidir. Şəhər 1326-cı ildə Orxan Qazi tərəfindən fəth edilib. Əhalisi 3 milyondur.

Uludağın sərin havası, ipək karvansaraları və qədim məscidləri Bursanın ruhunu yaşadır. Bu şəhər turistlərə həm keçmişin nəfəsini hiss etdirməklə, həm də müasir həyatın ritmini göstərməklə unikal təcrübə təqdim edir.
Bursaya getmək üçün Osman Qazi körpüsündən keçməli oluruq. Körpü çox möhtəşəmdir.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Turizm Tanıtım və İnkişaf Agentliyinin (TGA) bələdçisi Berkan Taşanın sözlərinə görə, Osman Qazi körpüsü uzunluğuna görə dünyanın 4-cü körpüsüdür. Körpünün inşası
13 milyard dollara başa gəlib. Uzunluğu 2 km 60 sm, hündürlüyü isə  250 metrdir və ödənişlidir.

Altı sultanın uyuduğu torpaq - Yaşıl Bursa


Bəzi şəhərlər var ki, ora çatanda sadəcə yeni bir ünvana yox, başqa bir zamana daxil olursan. Yol boyu uzanan yamyaşıl mənzərədən Bursa göründüyü an anlayırsan ki, bu şəhər tələsmir. O, əsrlərin ağırlığını sakitliklə daşıyır.
Türkiyənin dördüncü böyük şəhəri olan Bursa təkcə sənaye mərkəzi deyil. Bura bir imperiyanın doğulduğu torpaqdır. Osmanlı dövlətinin ilk paytaxtı olan şəhər 130 il boyunca taxtın yükünü daşıyıb. Altı sultanın məzarı bu torpaqda uyuyur.
Şəhərin mərkəzində at üstündə ucalan Osman Qazinin heykəli sanki keçmişlə bu gün arasında keşik çəkir.

Osmangazi Türbəsi

Osmangazi Türbəsi — sadəcə bir məzar deyil, bir dövlətin başlanğıc nöqtəsidir.

Bursa küçələrində addımlayarkən tarix divarlardan boylanır. Ulu Caminin içində işığın mərmər üzərinə düşüşünü izləyəndə sanki zaman yavaşlayır. 1396–1399-cu illərdə inşa edilən bu möhtəşəm məscid erkən Osmanlı memarlığının ən parlaq nümunələrindəndir. Divarlardakı xəttatlıq nümunələri, geniş salonu və 20 günbəzli quruluşu insanı heyran edir.

Ulu Caminin 20 günbızli olmadının maraqlı tarixçəsi vardır. Belə ki, İldırım Beyazit növbəti döyüşlərindən birinə getməmişdən əvvəl əhd edir ki,  döyüşü qazansa, 20 cami inşa etdirsin. Amma bu qədər sayda caminin inşasına külli miqdarda vəsait tələb olunduğu üçün  Beyazit 20 qübbəli Ulu Camini tikdirməyə qərar verir.
Ulu Camidən bir az aralıda isə zərif çiniləri ilə seçilən Yaşıl Məscid və Yaşıl Türbə Osmanlı estetik düşüncəsinin sükutla danışan şah əsərləridir.

İznik -tarixin səsi

Bursanın İznik vilayəti də tarixiliyi ilə diqqət çəkir. İznikdə pandemiya dövründə qədim kilsənin qalıqları tapılıb və bu, bölgənin tarixi zənginliyini göstərir. Roma Papası Türkiyəyə səfəri zamanı Bursanın İznik vilayətinə də baş çəkib. Bu səfər həm dini, həm də mədəni əhəmiyyət daşıyır. Tarixin və müasir hadisələrin kəsişdiyi bu məkan həqiqətən diqqətəlayiqdir.

Şahzadə Mustafanın Türbəsi-tarix, sədaqət və hüzn


Bursa həm də hüznün şəhəridir. Şahzadə Mustafa Türbəsində tarix başqa cür danışır. 1553-cü ildə Konya Ereğlisində vəfat edən Şahzadə Mustafanın nəşi sonradan Bursaya gətirilərək burada dəfn edilib. Türbədə dörd məzar var — Şahzadə Mustafa, anası Mahidevran Hatun və ailə üzvləri… Digər bir tabutun kimə aid olduğu isə bu gün də müəmmalı qalır.

Burada dayananda fikrə dalırsan və anlayırsan ki, İmperiyalar yalnız zəfərlərlə yox, itkilərlə də yazılır.

İpək yolunun nəfəsi

Bursa əsrlər boyu İpək Yolunun mühüm dayanacağı olub. Koza Han hələ də o dövrün nəfəsini qoruyur. Həyətindəki fəvvarənin səsi, kölgədə çay içən insanlar, ipək şərflər satan dükanlar…
Sanki karvanlar bir az əvvəl buradan keçib.

Xanlar bölgəsində qədim daş divarlar arasında gəzərkən şəhərin ticarət ruhunu hiss edirsən. Bursa keçmişi unutmayıb, Bursa tarixdir və tarixlə yaşayır.

Uludağ-Bursanın simvolu


Şəhərin üstündə daim görünən Uludağ isə Bursanın təbii simvoludur. Osmanlı dövründə “Keşiş Dağı” adlanan bu zirvə bu gün Türkiyənin ən məşhur qış turizm mərkəzlərindən biridir. Qışda xizək həvəskarlarının, yazda isə sərin hava axtaranların ünvanıdır.

Bursa həm termal suları, həm sənayesi, həm də turizmi ilə yaşayan şəhərdir. Amma onun əsas cazibəsi başqa yerdədir — həyat ritmində. İznikdən da danışmaq istərdim.

Ramazan axşamı Bursada

Ramazan ayında Bursa tamam başqa bir libas geyinir. Gün batımına yaxın küçələrdə qəribə bir sükut dolaşır.  İftar anına saniyələr qalmış şəhər sanki nəfəsini saxlayır. Sonra azan səsi yüksəlir və hər kəs eyni anda bir ritmdə hərəkətə başlayır.
İftar sonrası küçələr yenidən canlanır. Çayxanalar dolur, ailələr gəzintiyə çıxır, uşaqlar səs-küylə ora-bura qaçırlar.

İsgəndər kababı


Şəhərin gözəllikləri, mədəni və tarixi abidələri qədər İsgəndər kababı da məni heyran etdi. Ramazan ayında bu ləziz yeməyi onun sahibi tərəfindən təqdim olunan məkanda dadmaq isə ayrıca zövq idi.  Bursaya gəlib İsgəndər kababından dadmamaq demək olar ki, günah olardı. Hər bir loxması və ətinin yumşaqlığı ilə bu təcrübə həqiqətən unudulmazdır. Bu, təam olmaqla bərabər həm də mədəni və kulinariya zənginliyini yaşamaqdır.

Nəfəsini ciyərlərimdə hiss etdiyim əziz Bursa

Bursa şəhəri ilə ilk tanışlığım 2022-ci ilə təsadüf edir. Həmin il şəhər TÜRKSOY tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdu. Budəfəki səfərimdə anladım ki, Bursa təkcə adı, titulu ilə deyil, həm də hisslərlə yadda qalır.

Deyirlər, insan eyni şəhərə ikinci dəfə turist kimi qayıtmır. Bursa bunu mənə sübut etdi. İlk dəfə görmüşdüm, bu dəfə isə hiss etdim. Havasını ciyərlərimə çəkdim, tarixini addımladım, sükutunu dinlədim.
Bəzi şəhərlər xəritədə qalır. Bursa isə insanın içində. Ayrılarkən “getdim” demək olmur. Sadəcə növbəti görüşə qədər sağollaşırsan. Hələlik, Bursa!

Sizə yeni x var
Keçid et
Prezidentdən SƏRT ÇIXIŞ - Şərəfsizlər peşman olacaq! Ordumuz hazırdır