Bəzən bir şəkil təkcə bir anı deyil, bütöv bir ömrü danışır. Bəzən isə illərlə yaddaşlarda yaşayan ən qiymətli xatirəyə çevrilir. Ailə içində, səmimi bir gündə çəkilən belə fotolar zaman keçdikcə, daha dərin məna qazanır. Bir vaxtlar sevinc dolu anı əks etdirən o kadr illər sonra bir az həsrətə, bir qədər isə qürura çevrilir.
Modern.az saytı “Şəhiddən qalan son foto” rubrikasını davam etdirir. Bu dəfəki təqdimatımız Hərbi Hava Qüvvələrinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevə həsr olunur.
Şəhidin həyat yoldaşı Könül Atakişiyevanın sözlərinə görə, həyat yoldaşının ən son fotosu oğlu Turqutun doğum günündə lentə alınıb:
“Onun həlak olmasından 1 ay öncə oğlumuzun 7 yaşını qeyd edirdik və bunu səmimi bir ortamda keçirmişdik. Onun sevgi dolu baxışları, övladları ilə birlikdə həmin anları böyük ruh yüksəkliyi ilə yaşaması, eyni zamanda gələcəyə ümid dolu nəzərləri bu fotoda aydın əks olunub. Həmin günün xatirəsi bizim üçün həm də ona görə dəyərlidir ki, ilk övladımızın ad gününü qeyd edirdik. Rəşadın böyük oğlumuz Turqutla bağlı fikirləri, gələcəyə dair ümidləri isə tamam başqa idi. Turqut böyüdüyü üçün onunla fikir mübadiləsinə qoşula, öz duyğu və istəklərini bölüşə bilirdi. Həmin gün isə bu hisslər birə min artmışdı”.
Könül xanım deyir ki, valideynləri, yaxınları da o gün onların yanında idilər və bu şad günün şahidi olublar:
“Rəşadın mehribanlığı, uşaqlara olan böyük məhəbbəti hər zaman hiss olunurdu. Biz onun ətrafında olanda özünü dünyanın ən xoşbəxt insanı hesab edirdi. Həmişə də vurğulayırdı ki, “mənim qolum-qanadım, həyatım sizsiniz”.
1985-ci ildə Samux rayonunda anadan olan Rəşad Atakişiyev Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini bitirib. O, Hərbi Hava Qüvvələrinin ən peşəkar pilotlarından biri kimi yadda qalıb.
2019-cu il iyulun 24-də gecə saatlarında keçirilən təlim-məşq uçuşu zamanı Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəfil rabitə kəsilib və təyyarə radarlardan itib. Bir müddət sonra məlum olub ki, polkovnik-leytenant Rəşad Atakişiyevin idarə etdiyi təyyarə Xəzər dənizinə düşüb. Geniş ərazini əhatə edən axtarışlara xarici mütəxəssislər də cəlb olunmaqla, avqustun 19-da təyyarənin qara qutusu, bir gün sonra isə şəhid pilotun nəşi tapılıb və o, avqustun 21-də II Fəxri Xiyabanda torpağa tapşırılıb.
Rəşad Atakişiyev xidmət etdiyi illər ərzində peşəkarlığı, vətənə bağlılığı və nümunəvi zabit kimi tanınıb. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən göstərdiyi xidmətlərə görə ölümündən sonra Azərbaycan Respublikasının “Şücaətə görə” medalı təltif olunub və mükafat ailəsinə təqdim edilib. Şəhidin iki oğul övladı yadigar qalıb.
