Modern.az

“Nəsimi”nin diriltdiyi Rasim Balayev - Ali Sovetin sədri aktyordan ÜZR İSTƏMİŞDİ

“Nəsimi”nin diriltdiyi Rasim Balayev - Ali Sovetin sədri aktyordan ÜZR İSTƏMİŞDİ

Reportaj

Bu gün, 13:38

Azərbaycan kinosu böyük bir sənətkar itirdi... Rasim Balayev kimi tarixi filmlərdə baş rolların mahir ifaçısı olmuş sənətkarlar nadir hallarda yetişir. Rasim Balayevin sənəti pafossuz, təbii və eyni zamanda son dərəcə təsirli idi. Azərbaycan tamaşaçısı onun canlandırdığı Nəsimi və Babək obrazlarında aktyoru deyil, sanki tarixdə yaşamış insanı görürdü.

Rasim Balayevin canlandırdığı Nəsimi obrazı Azərbaycan tamaşaçısına böyük şairin fəlsəfəsini, ağrısını və üsyanını hiss etdirmişdi.

Xalq yazıçısı İsa Hüseynovun “Məhşər” romanı əsasında lentə alınmış “Nəsimi” filmi düşüncənin, inancın və insan ruhunun azadlıq uğrunda mübarizəsinin poetik manifestidir.

Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuş ekran əsərinin çəkilişinə 1972-ci başlanılıb, 1974-cü ildə isə ekranlara çıxarılıb.

Filmdə Nəsimi təkcə söz ustadı kimi deyil, öz ideyalarının arxasında sona qədər dayanan bir şəxsiyyət kimi təqdim olunur. Onun kəlmələri qılıncdan iti, inancı isə sarsılmazdır.

Rasim Balayev Nəsimini Azərbaycan tamaşaçına peşəkarlıq təqdim edə bilmişdi.

Məhz “Nəsimi” filmi Rasim Balayevin sənətə gəlməsinə, sənətdə qalmasına vəsilə olub. Məsələ burasındadır ki, “Nəsimi”yə qədər bir neçə filmin sınaq çəkilişlərinə dəvət edilən, lakin hamısında uğursuzluğa düçar olan Rasim Balayev dərin bir depressiyaya yuvarlanaraq aktyorluq sənətinin daşını atmağı qərara alıbmış. Həmin dövrdə atasını da itirən İncəsənət İnstitutunun gənc məzunu maddi və mənəvi çətinliklər məngənəsində sıxılırmış. Belə bir vaxtda o, ağır depressiya ilə xəstəxanaya yerləşdirilib.

Rasim Balayev Modern.az-a saytına verdiyi müsahibələrinin birində həmin dövrü belə xatırlamışdı:

“Təxminən 1972-ci il idi. Xəstəxanada yatırdım. Stress, əsəb məni əldən salmışdı, depressiyada idim. Özümü çox pis hiss edirdim. “Nəsimi” filminin ikinci rejissoru xəstəxanaya gəldi. Mənə bir ssenari verdi, “oxu” dedi və çıxıb getdi.

Heç oxumadım, çünki inanmırdım ki, doğurdan da məni filmə çəkmək istəyirlər. Həm də xəstəliyimlə əlaqədar inanmırdım ki, yenidən düzələrəm... O, növbəti dəfə yanıma gələndə oxumasam da, yalandan dedim “oxudum”. Sona çox gəldilər-getdilər, əl çəkmədilər. Nəhayət xəstəxandan çıxdım, məni məşqə dəvət etdilər. 2 ay məşqdən sonra kinoya çəkilmək üçün təsdiq olundum”.

“Nəsimi” filminin quruluşçu rejissor Həsən Seyidbəyli Rasim Balayevi televiziyada şeir deyəndə görüb və onu ssenari müəllifi İsa Hüseynova göstərib. Hər ikisi gənc aktyoru bəyəniblər və qərara alıblar ki, onu “Nəsimi” filmində baş rola çəksinlər.


O zaman “Nəsimi” filminin çəkiliməsi üçün göstəriş Mərkəzi Komitədən verilibmiş. Azərbaycana rəhbərlik edən Heydər Əliyev yazıçı İsa Hüseynovla kinorejissor Həsən Seyidbəylini qəbul edərək göstəriş verib ki, görkəmli şairin adına layiq yaxşı bir film çəkilməlidir. Filmin çəkilişlərinə böyük pul ayrılıb. Çəkilişə nəzarət isə o zaman Ali Sovetin Rəyasət Heyətinə rəhbərlik edən Qurban Xəlilova (Hazırda Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun atası – red.) həvalə olunub.

O zaman Qurban Xəlilova Nəsiminin yubleyinin keçirilməsi ilə bağlı yaradılmış dövlət komissiyasının sədri Heydər Əliyevin müavini vəzifəsində çalışırdı. 

Aktyorların seçimi də onun nəzarəti ilə həyata keçirilib. Qurban Xəlilov bütün aktyorların seçiminilə razılaşsa da, Rasim Balayevə gələndə etirazını bildirib.

Qurban Xəlilov Həsən Seyidbəylinin filmə yeni sima gətrimək istəyini biləndə çox hirslənib. Məsuliyyətli bir iş olduğundan “risk etmək olmaz” deyib. Təklif edib ki, tanınmış, səriştəli aktyorlardan biri dəvət olunsun. Deyib ki, Nəsimi obrazının canlandırılması kimi ciddi işi təcrübəsiz bir gəncə tapşırmaqla səhv etmiş olarlar. Çünki Rasim Balayev o vaxtadək konoya çəkilməmişdi.
Qurban Xəlilov bildirib ki, bu film şəxsən Heydər Əliyevin diqqətindədir və yol verilən hansısa səhv onları çətin vəziyyətdə qoya bilər.

Buna görə də Mərkəzi Komitədən Nəsimi obrazı üçün başqa aktyorlar təklif edilib, amma rejissor Həsən Seyidbəyli təkidlə Rasim Balayevin üzərində dayanıb.
Mübahisənin yekununda Qurban Xəlilov rejissor Həsən Seyidbəyliyə “nə baş verəcəksə, hamısının məsuliyyəti sənin boynundadır” deyib.

Beləcə, Rasim Balayevin Nəsimi obrazına çəkilməsinə razılıq verilib. Qərara alınıb ki, əvvəlcə gənc aktyoru 2 aylıq məşqdə sınasınlar.


Aktyorun saytımıza müsahibəsindən:

“O zaman mənim bir aktyor kimi nəyə qadir olduğumu bilmirdilər. 2 aylıq məşq də bundan ötrü idi ki, tam qərara gəlsinlər. Həsən müəllimin israr və xahişindən sonra mənim çəkilməyimə razılıq verdilər. Çünki, Həsən müəllim məndən başqa heç kimi bu obrazda görə bilmədiyini israrla vurğulamışdı.
Sonradan Həsən Seyidbəyli “Nəsimi”nin ən vacib səhnələrini bizə məşq elətdirdi. Rejissorda tam əminlik yarandı və beləcə Nəsimi roluna təstiq olundum”.

Rejissor Həsən Seyidbəylinin sayəsində Rasim Balayev Azərbaycan kino sənəti üçün kəşf olundu.

Filmdə Fatimə rolunu oynamış Xalq artisti Xalidə Quliyevanın Modern.az-a müsahibəsindən:

“Həsən müəllim onun ifasına çox ciddi yanaşırdı, həm də çox tələbkar idi. Çəkiliş prosesində rejissor bəzən əsəbiləşirdi, qışqırırdı. Rasimin sıxıb suyunu çıxarırdı, ta ondan istədiyini alana qədər. Nəinki, Rasimə qarşı, hamımıza qarşı belə idi. İstədiyini alanadək suyumuz çıxırdı. Həsən Seyidbəli işinin peşəkarı idi deyə, bizdən də peşəkarlıq tələb edirdi…

…Bu film Rasim Balayevin ilk böyük işi idi deyə, Həsən müəllim onunla çox məşğul olurdu. Onu o vəziyyətə kökləyirdi, yaradıcılığa çox böyük üstünlük verirdi. Hansı rolu oynamğımızdan asılı olmayaraq, hər kəs öz hisslərini ortaya qoyurdu. Çünki obraz oynayan adamın öz taixçəsi, intellekti olmalı, hardasa faciələr yaşamalı, ağrını hiss etməlidir. Onda daha təsirli obraz yaratmaq olur, belə olan təqdirə tamaşaçıda inam yaranır. Həmin dövr Rasim üçün çox ağır idi, depressiyaya düşmüşdü. Bu filmə çəkilmək üçün onu xəstəxanadan çıxarıb gətirdilər. Rasim sənətini atmaq istəyirdi. Beləcə Nəsimi filmi onu o stressdən qurtardı. Həsən Seyidbəyli onu kəşf etdi”.

Xalidə Quliyeva: “Nəsiminin edam səhnəsi o qədər inandırıcı idi ki, kütləvi səhnədəki insanlar belə, çox həyəcan keçirirdilər. Onları izləyəndə elə başa düşmək olardı ki, doğurdan adam edam olunur. Onu da deyim ki, Nəsiminin edam səhnəsinin çəkilişi birinci gün alınmadı, Həsən Seyidbəyli razı qalmadı. Rasimə bir gün yemək vermədilər ki, sönük, halsız, solğun görünsün. Amma ikinci dəfə Həsən müəllim və Rasimin səyilə çox möhtəşəm alındı. Düşünürəm ki, o film başqa bir rejissora həvalə olunsaydı, belə effektli alınmayacaqdı.
“Nəsimi”dən sonra çəkilən tarixi filmlər də, bu qədər real, inanadırıcı olmadı. Çünki, bu filmdə insan faktoru vardı. Tarixi film olmağına baxmayaraq insan ruhunun azadlığı öndə tutulmuşdu.
Film festivalında Rasim ən yaxşı kişi roluna görə ödül qazandı, “Nəsimi” isə ən yaxşı tarixi film adına layiq görüldü. O zaman Mərkəzi Komitə filmdən çox razı qaldı”.


Rasim Balayevin Modern.az-a söylədikləri: “Nəsimi yeganə tarixi filmdir ki, orda dekorasiya yoxdur. Məsələn “Babək”, “Nizami”, “Dədə Qorqud”da var, amma “Nəsimi” filmi bütünlüklə naturada çəkilib, pavilyon çəkilişləri olmayıb. Onda mənim 24 yaşım vardı. Bu mənim üçün sıradan deyildi, tale yüklü bir film idi...

Əslində bu ekran əsəri mənim üçün risk idi: ya tamaşaçılar tərəfindən qəbul olunmalı idi, ya da sənətdən çıxıb getməli idim. “Nəsimi” mənim ölüm, ya olum məsələmə çevrilmişdi.

Mənim üçün fəxr idi ki, böyük aktyorlarla birgə filmdə rol alıram. Baxmayaraq ki, bundan əvvəl Moskvada bir filmin epizodinda çəkilmişdim, “Nəsimi” mənim ilk böyük işim idi. Həyatda görmədiyim, fanatı olduğum İsmayıl Osmanlı, Məmmədrza Şeyxzamanov, Yusif Vəliyev və başqaları ilə oynamaq zövq idi mənim üçün.

Həm əsasən Həsən Seyidbəyliyə görə məsuliyyətim birə on artmışdı. Film çəkiləndə Həsən müəllimin 40-42 yaşı olub, amma o vaxt mənə qoca görünürdü. Çox tələbkar, istedadlı, sözün əsl mənasında “ləzzətli” adam idi”.
 
“Nəsimi” film uğurlu alınandan sonra Qurban Qəlilov tədbirlərin birində Rasim Balayeva yaxınlaşaraq ondan üzr istəyib. “Oğlum, mən sənin bu rola çəkilməyinə qəti şəkildə etiraz edirdim. Qorxurdum ki, gəncsən, birdən bacarmazsan. Hər şey hədər gedər”, - Ali Sovetin sədri deyib.

Rasim Balayevin yaratdığı obraz bu filmi əbədiləşdirən əsas amillərdən biridir. O, Nəsimini oynamır - sanki onu yaşayır. Baxışları, sükutu, danışıq tərzi - hər detal obrazın dərinliyini artırır.

Film həm də insanın azad düşüncəsinə qarşı dözümsüzlüyün faciəsini göstərir. Amma bu faciə ümidsizlik doğurmur - əksinə, tamaşaçıya bir sual verir: həqiqət uğrunda nə qədər irəli gedə bilərik?

“Nəsimi” filmi zaman keçdikcə köhnəlmir. Çünki o, konkret bir dövrü yox, əbədi mövzunu -  insanın öz həqiqətini qorumaq uğrunda mübarizəsini anladır. Bu filmə hər baxış yeni bir anlam qazandırır, yeni bir hiss oyadır.

Bəlkə də bu səbəbdəndir ki, “Nəsimi” düşünülən və uzun müddət unudulmayan bir sənət əsəridir.


Ə.Qafarlı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə İran üçün müharibəyə qoşulur? - ŞOK CAVAB