Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu şəkil bizi ötən əsrin 70-ci illərinə aparır. Ağ-qara fotonun içində üç insan oturub – amma əslində orada yalnız üç sənətkar yox, bir dövrün davranış qaydaları və sənətə olan məsuliyyət də əks olunub.
Zaman 1975-ci il… Məkan “Firəngiz” filminin çəkiliş meydançası – “Azərbaycanfilm” Kinostudiyasının pavilyonu...
Kameralar iki böyük aktyora tuşlanıb - Rasim Balayevlə Vəfa Fətullayevaya. Onlar ekranda ər-arvadı canlandırırlar: Vəfa Fətullayeva Raykom katibi Firəngiz, Rasim Balayev isə onun həyat yoldaşı Murad obrazını oynayır.
Ssenaridəki epizodlardan birində Murad həyat yoldaşı Firəngizi qucaqlamalıdır. Dubl başlayır… və bitir. Sonra yenə. Bir də… Lakin hər üç cəhd uğursuzluqla nəticələnir - Rasim Balayev Vəfa Fətullayevanı qucaqlamağa tərəddüd edir, utanır…
O dövrün tərbiyəsi, ictimai baxışı, “görənlər nə deyər?” düşüncəsi aktyorun peşəkar instinktlərinə mane olur.
Bu şəkildə üçüncü şəxs də var – filmin rejissoru Əbdül Mahmudov… Qucaqlaşma səhnəsi alınmayanda gənc rejissor hövsələdən çıxır və hirslənir. Daha sonra Rasim Balayevi dilə tutmağa çalışaraq deyir:
"Alə, Firəngiz sənin arvadındır e, qonşun deyil, onu elə qucaqlamalısan ki, təbii alınsın".
Uzun-uzadı izahat, dilətutma, bir az da “psixoloji hazırlıqdan” sonra nəhayət o səhnə çəkilir. Bəlkə də o qucaqlaşma texniki baxımdan ideal deyildi, amma içində bir həqiqət var idi – aktyorun öz qorxusunu aşması.
Bu foto məhz o anların arasındakı fasiləni göstərir. Fotoda gülüş var, səmimiyyət var. Sanki bir az əvvəlki gərginlik heç yaşanmayıb. Vəfa Fətullayevanın üzündəki təbəssüm, Rasim Balayevin bir qədər çəkingən duruşu və ümumi ab-hava bizə bir şeyi xatırladır:
Böyük sənətkarlar da insandır. Onlar da utanır, tərəddüd edir, bəzən sadə bir hərəkət qarşısında belə çətinlik çəkirlər. Amma fərq ondadır ki, onlar bu hissləri aşaraq sənətə çevirə bilirlər.
1975-ci ildə ekranlara çıxan “Firəngiz” filmi məsul vəzifədə çalışan bir xanımın ailəsinə münasibətini və kütlə ilə ünsiyyətini göstərir. Raykom katibi Firəngiz qayğıkeş, tələbkar olduğu qədər də sərt və barışmazdır. O, nəinki təkcə həmyerlilərini, hətta sevimli əri, tədqiqatçı Muradın və onun dostlarının nöqsanlarına dözmür, güzəştə getmir. Muradın yalan faktlar əsasında yazılmış elmi işinin yararsız olduğunu sübut edir, ərinin əliəyri dostlarının cinayət törətdiklərini üzə çıxarır.
Film yazıçı Bayram Bayramovun "Sərinlik" povestinin motivləri əsasında çəkilib.
A.Qorxmaz