Dekabrın 24-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin inzibati binasının açılış mərasimi keçirilib. Mərasimində iştirak edən maliyyə naziri Samir Şərifov açılış lentini kəsərək inzibati bina və burada yaradılmış iş şəraiti ilə tanış olub.
Mərasimdə bildirilib ki, müasir standartlara uyğun təmir edilən inzibati binada normal iş fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binada bütün otaqlar kompüter və ən müasir zəruri avadanlıqlarla təmin edilib ki, bu da büdcə təşkilatlarına göstərilən xəzinə xidmətinin kefiyyətini və operativliyini artırır. Qeyd olunub ki, 1 saylı Xəzinədarlıq İdarəsi Dövlət Xəzinədarlığı Agentliyinin ən böyük idarələrindən olub yüzə yaxın iri büdcə təşkilatlarına xidmət göstərir. İdarənin xəzinə xidməti göstərilən büdcə təşkilatlarının xərcləri dövlət büdcəsinin 80-85 faizini təşkil edir. Agentliyin 2, 5 və 10 saylı xəzinədarlıq idarələri üçün də yeni inzibati binaların tikintisi üçün lazımi tədbirlər həyata keçirilir.
Açılış mərasimində çıxış edən maliyyə naziri S.Şərifov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən iqtisadi siyasət nəticəsində Azərbaycan inkişaf edir və qüdrətlənir. Ölkə miqyasında həyata keçirilən tikinti-quruculuq işləri bütün sahələri əhatə edir. Nazir qeyd edib ki, son illərdə Maliyyə Nazirliyi əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması, eyni zamanda, nazirliyin tabeliyində olan qurumların müstəqil inzibati binalarla təmin olunması istiqamətində ciddi işlər görülür.
Kollektivi yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə təbrik edən S.Şərifov əmin olduğunu bildirib ki, öz növbəsində, idarə əməkdaşları qarşıya qoyulan vəzifələri daha yüksək səviyyədə həyata keçirəcəklər.
Modern.az