Azərbaycan Respublikası Prezidentinin sərəncamına görə, Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsi ucaldılacaq.
Sərəncamda bildirilib:
"Azərbaycan xalqının əfsanəvi qəhrəmanı Koroğlu milli-mənəvi dəyərlərin daşıyıcısına çevrilərək əsrlərdən bəri insanlarımızın yaddaşına vətənpərvərliyin və mübarizliyin rəmzi kimi həkk olunub.
Azərbaycanın xalq qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi və onların adlarının daim yad edilməsinin gənc nəslin mədəni-tarixi irsə bağlılıq ruhunda tərbiyə olunması baxımından müstəsna əhəmiyyətini nəzərə alaraq qərara alıram:
1. Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması üçün Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 5 (beş) milyon manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin".