
“Bu gün onsuz da Qarabağda döyüşən ermənilərin hamısı terrorçudur. Orada Suriyadan döyüşməyə gətirilən terrorçular da var. Bu gün ermənilər döyüşmək istəmir. Ona görə də Ermənistan silahlı qüvvələri muzdlu döyüşçülərin ümidinə qalıb”.
Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas PKK-nın Ermənistana dəstək məqsədilə 400 silahlı göndərdiyi barədə yayılan xəbərrə münasibət bildirərkən deyib:
“400 nəfər PKK terrorçusunun Qarabağa gətirilməsi və orada ermənilərə dəstək verməsi Azərbaycan üçün heç bir təhlükə törədə bilməz. Güya indiki erməni silahlı qüvvələri bizə nə edə bilir ki, hələ o 400 nəfər terrorçu da nəsə etsin?.
Onlar nə qədər qüvvə cəlb etsələr belə, yenə də Azərbaycan ordusunun gücü qarşısında hər zaman aciz qalacaqlar. Azərbaycan əsgəri düşmənin başını hər zaman əzməyə qadirdir və əzəcək də”.
Türkiyənin “Yeni Şafak” qəzetinin yaydığı məlumata görə, PKK 400 döyüşçüsünü Qarabağ bölgəsinə göndərib. Qeyd edilir ki, Kandil və Kamışlıdan gələn terrorçular Ağrı dağından Ermənistana keçib. Göyçə gölü istiqamətindən ayrılan PKK-çıların Qarabağda qaynar nöqtələrə getdiyi bildirilib.
Qəzet yazıb ki, PKK yaraqlıları Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Cəbrayıl, Zəngilan və Füzulidəki erməni mövqelərinə səpələniblər.
Ağa AKİFOĞLU