Modern.az

"Region TV"-nin Arzusu

"Region TV"-nin Arzusu

Təhsil

7 Aprel 2016, 18:13

 

Onunla tanışlığım 1905.az saytında keçirilən "Bizim dilimiz bizim efirdə" adlı diskussiya masasından başladı. "Region TV"-ni təmsil edən bu xanım ilk başdan məndə "qayğısız televizyonçu" təəssüratı yaratdı. Amma yaranan bu təəssürat diskussiya gedişində və ondan sonrakı fərdi söhbətlərimizdə özünü doğrultmadı.

Onun bir televiziya jurnalisti, bir cəfakeş övlad və ana, bir vətəndaş, bir insan, bir fərd kimi çox-çox məsuliyyətli qayğıları varmış...

Bu qayğıların arasında bir də başqa-başqa insanların həyatını - taleyini, fəaliyyətini araşdırmaq və bu həyata efir ömrü vermək varmış. Hər həyat hekayəsini çəkdiyi insanın dərdini çəkmək varmış. "Regionun fəxri" adlı aparıcısı olduğu və çox əmək verdiyi, üzərində diqqətlə çalışdığı proqramı yayımlanır onun.

Məsuliyyət, efir mədəniyyəti və qulağayatımlı səs... Bütün bunları diskussiya gedişində anladım və bu xanıma ilk tanışlıqdan hörmətim yarandı.

Öncə qeyd edim ki, "Region TV" Azərbaycan teleməkanında artıq özünü və yerini tutmuş bir telekanaldır. "Region TV"-nin Azərbaycanın bölgələri və rayonları ilə bağlı çox sayda maraqlı və baxımlı verilişləri var. "Region TV" Azərbaycan teleməkanında adını doğruldacaq qədər fəaliyyət göstərən yeganə telekanaldır ki, Azərbaycanın bütün bölgələrinə həsr edilmiş və sırf regionlarla bağlı verilişlər hazırlayıb yayımlayır. Bu telekanalda yayımlanan “Buralar” (həftənin cümə günü saat 22:30-23:00 arası yayımlanır, movzu etibarı ilə mədəni-maarif  xarakterli olan bu verilişdə ölkəmizin regionlarının iqtisadi coğrafi mövqeyi, adət ənənələri və turizm sektorunun inkişafı öz əksini tapır), “Elin adamı”, “Regionun sualı” ( həftədə 5 gün saat 19.30-19.45 intervalında yayımlanır və movzu etibarı ilə mədəni-maarif  xarakterli olan bu velişdə ölkəmizin regionlarının iqtisadi coğrafi mövqeyi, bank-kredit məsələləri, turizm sektorunun inkişafı v s. problemləri özündə əks etdirən sualları  aidiyyati ekspertlər cavablandırır. Verilişinin redaktoru  Səfurə Çərkəzqızıdır), "Regionlayn"(4-cü günlər saat 22:00-23:05 intervalında yayımlanan bu veriliş mövzu etibarı ilə ictimai-siyasi tok şoudur), "100 yaşa" (hər həftənin bazar günü saat 17:00-da efirə gedən mədəni-maarif xarakterli verilişdir), “Elmanla gəzək görək” (həftədə 1 dəfə yayımlanır, verilişin aparıcısı ölkəmizin gəzməli-görməli yerlərindən məlumat verir), "Kəndinə dön" (şənbə günləri saat 20.00-20.30 arası yayımlanır) və sair verilişləri söylədiklərimizə örnəkdir. Bir sözlə, bir telekanalda imkan daxilində, demək olar ki, bütün Azərbaycan bölgələri və onların dəyərli insanları efirə gətirilir, işıqlandırılır.

Bu gün şou-biznes verilişlərinin geniş şəkildə ayaq açdığı bəzi telekanallardan fərqli olaraq "Region TV" bölgələrlə bağlı mədəni-maarif, hərbi-vətənpərvərlik ("Əsgər") xarakterli verilişlər yayımlamaqdadır. Və bu faktlar təqdirəlayiq haldır.   

"Region TV"-də yayımlanan mədəni-maarif xarakterli verilişlərin siyahısına “Regionun fəxri” verilişi də daxildir. Müəllifi Arzu Kəlbi, redaktoru isə Səfurə Çərkəzqızının olduğu bu veriliş həftənin şənbə günləri saat 13:00-13:30 intervalında yayımlanır. Bu verilişdə Respublikamızın regionlarından olan məşhur insanların həyat və yaradıcılığı tamaşaçı auditoriyasına çatdırlır. 

Mənim haqqında söz açdığım xanım, məhz "Region TV"-nin maraqlı və baxımlı verilişləri sırasında yer alan "Regionun fəxri" verilişinin aparıcısı Arzu Kəlbidir. Bu xanım, deyərdim ki, zərif və xırda cüssəsində böyük cəsarət daşıyır. O, ilin fəsillərinin və havanın fərqliliyindən, dəyişkənliyindən asılı olmayaraq bölgələrimizi qarış-qarış gəzir, verlişinin bölgə qəhrəmanlarını tamaşaçı auditoriyasına təqdim etmək üçün istənilən hava şəraitində uzun məsafələr qət edir. Bu uzun məsafələr onu qorxutmur,  onun böyük ürəyində qısalır uzun yollar. Bunun canlı şahidi oldum.

Səhhətindəki narahatlığa baxmayaraq, bizimlə bərabər 280 km məsafəni Füzuliyə qədər getdi. Bir dəfə də olsun, şikayətlənmədi, missiyasını başa vurmaq üçün bütün ağrı-acılarını içinə gömdü... Bu dəfəki nəticəsi, "Regionun fəxri" verilişinin 02 apreldə yayımlanan növbəti buraxılışı oldu.

 Onun qəhrəmanları həyatın bütün sferalarını əhatə edən insanlardır. Burda yazıçı da, şair də, alim də, idmançı da... var. Lakin, verilişin müəllifi üçün əsas məqsəd görünən fakt və hadisələr deyil, bu fakt və hadisələrin arxasındakı mahiyyəti, bu mahiyyəi yetişdirən səbəbi axtarmaq, göstərməkdir. Maraqlı yanaşması var müəllifin, o, hətta qəhrəmanlarının həyat hekayəsindəki emosional şərhləri də unutmur.

Bütün bunlar Arzu xanımın verilişinə bir rəng qatır, darıxdırıcılıq və sıxıcılıq məngənəsindən xilas edir. Qəhrəmanının həyat hekayəsindəki hadisələrə mənəvi meyardan qiymət verir, hekayələrin əsl kökü və dəyəri araşdırılır. Bütün bunlar isə tamaşaçıda emosional reaksiya yaratmaqla kifayətlənmir, analitik təfəkkürün inkişafı üçün də yardımçı ola bilir.

Hər birimiz televiziya vasitəsilə gündəlik qayğılardan, peşə fəaliyətimizin yeknəsəkliyindən , böyük insan ürəyinin sığmadığı mikromühitin məhdudluğundan kənara çıxaraq ölkə və dünya hadisələriylə, qlobal problemlərlə, müxtəlif xalqların və millətlərin mədəniyyəti ilə tanış oluruq. Kim belə hesab edirsə ki, eyni bir veriliş hamını cəlb etməlidir, bütün tamaşaçıların zövqünə uyğun gəlməlidir, o, yanlış düşünür. İnsanların ümumi mədəni səviyyəsi də, dərketmə qabiliyyətləri də, hadisələri dəyərləndirmək bacarıqları da, zövqləri də, maraq dairələri də, çalışma sahələri də müxtəlifdir. Axı, televiziyanın əsas funksiyalarından biri də maarifçilikdir. Televiziya seyrçilərini, kiminsə həyat və fəaliyyəti, nailiyyətləri haqqında məlumat yox, bu nailiyyətlərin koqnitiv məzmunu yox, onların ümumi insan mənəviyyatı ilə, ictimai həyatla, qlobal problemlər və gündəlik qayğılarla əlaqəsi maraqlandırır.

Aparıcı bu əlaqələndirməni verməyi bacarırsa, onun verilişi uğur qazana bilir. Aparıcı tək özü qarşısında deyil, tək təmsil olunduğu telekanal rəhbərliyi qarşısında deyil, həm də milləti qarşısında, insanlığı təmsil etməklə insanlıq qarşısında məsuliyyət daşıyır. Arzu xanımda bu göstəricilər yetərincədir. Bütün televiziya aparıcıları kaş ki, bu böyük məsuliyəti hiss etsəydilər!... İnsan oğlu, hər zaman ona edilən bir kiçik diqqət və qayğının ünvanını axtarır, öz təşəkkürünü bildirməyə çalışır. Mənə ünvan bəlli idi. Bu yazını həmin ünvana salmaq üçün yazdım. Unutmayacağım ünvan - "Region tv".

Həyat Şəmi  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı