
Aprelin 2-nə keçən gecədən başlayaraq Azərbaycanın bütün cəbhəboyu mövqeləri iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qalıb.
Müdafiə Nazirliyinin rəsmi məlumatlarında ordumuzun 31 şəhid verdiyi bildirilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlarda iştirakları zamanı itkin düşdüyü bildirilən hərbçilərimizin sonrakı taleyinə aydınlıq gətirilməsi üçün aidiyyəti dövlət qurumlarının və beynəlxalq təşkilatların vasitəçiliyi ilə müvafiq araşdırmalara başlanıldığını açıqlayıb.
Beynəlxalq Qırmızı Xaç Komitəsi Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova da Modern.az saytına əsir və itkinlərlə bağlı danışıqlara başlandığını bildirib:
“Beynəlxalq Qırmızı Xaç Komitəsi münaqişə tərəflərinə öz neytral vasitəçi xidmətlərini təklif edib. Hazırda tərəflərlə dialoq aparılır”.
Gülşən RAUFQIZI