Ankarada Azərbaycan səfirliyinin tədbirində belə fikir səsləndirilib
Bir neçə gün öncə Azərbaycanın Türkiyədəki səfirliyində qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə geniş tərkibli tədbir təşkil olunub. Bu barədə Modern.az saytına səfirliyin mətbuat katibi Elsevər Salmanov məlumat verib.
Tədbirdə, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Mustafa Kabakçı, İqtidar Partiyasından (ƏİP) olan millət vəkili Əli Güner, TÜRKSOY-un Baş Katibi Düsen Kaseinov, Azərbaycan Mədəniyyət Dərnəyinin sədri Cəmil Ünal, Türkiyənin sabiq Dövlət Naziri İlhan Aküzüm, sabiq millət vəkilləri Şamil Ayrım və Yücel Artantaşla yanaşı, çox sayda düşüncə quruluşlarının yüksək vəzifəli şəxsləri, diaspora nümayəndələri, Türkiyədəki Azərbaycan dərnəklərinin nümayəndələri, elm adamları və Türkiyədə təhsil alan tələbələr iştirak ediblər.
“Tədbirdə Səfir Faiq Bağırov birlik və bütünlüyümüzün əhəmiyyətindən, azərbaycançılıq ideologiyasının önəmindən söz açaraq ümummilli liderimiz Heydər Əliyevin bir vəsiyyəti olaraq Azərbaycan-Türkiyə diasporlarının birgə fəaliyyət göstərmələrinin zəruriliyindən bəhs edib”-deyə mətbuat katibi Elsevər Salmanov Modern.az-a bildirib.
Onun sözlərinə görə, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Mustafa Kabakçı isə iki ölkənin və xalqın dost yox, qardaş olduqlarını, dünyada Türkiyə və Azərbaycan əlaqələrinin bənzəri olmadığını, bugünkü güclü Azərbaycanı onlara bəxş etdiyi üçün Heydər Əliyevi rəhmətlə andığını dilə gətirib.
Tədbirdə Türkiyədə təhsil alan tələbələr də öz fikirlərini irəli sürüblər.
Modern.az