Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Mlli Olimpiya Komitəsində 2010-cu ilə yekunları ilə bağlı idmançılar və məşqçilərlə görüşüb, onlara mükafatlar təqdim oedib. Prezident mərasimdə nitq söyləyib.
”Mən çalışıram ki, idmanın inkişafına diqqət yetirim. İdmanın inkişafı Azərbaycanda artıq reallıqdır və çox sevindirici hal ondan ibarətdir ki, bu uğurlar ildən-ilə artır. Gənc nəsil yetişir, idmançılarımız beynəlxalq yarışlarda ölkəmizi şərəflə təmsil edirlər”-deyə İlham Əliyev bildirib.
İlham Əliyev deyib ki, Azərbaycan dünyada idman dövləti kimi tanınır, artıq bir neçə ildir ki, ölkəmizin uğurları qeyd edilir. “Azərbaycan Beynəlxalq Olimpiya hərəkatında çox fəal iştirak edir və biz böyük hörmətə malik olan ölkəyik. Ölkəmizdə beynəlxalq yarışların keçirilməsi artıq adi hala çevrilibdir. İl ərzində Bakıda dəfələrlə dünya, Avropa çempionatları, digər beynəlxalq yarışlar keçirilir və bizdə olan imkanlar bu yarışların yüksək səviyyədə təşkili üçün gözəl şərait yaradır”.
Prezident deyib ki, 2010-cu ildə idmançılarımız müxtəlif beynəlxalq yarışlarda 675 medal qazanıblar. Onlardan 206-sı Olimpiya idman növləri üzrə qazanılmış medallardır.
”Mən çox şadam ki, gənc idmançılarımız yeniyetmələrin birinci Yay Olimpiya Oyunlarında çox böyük uğura nail olublar. 204 ölkə içində idmançılarımız 11-ci yeri tutmuşlar və İslam ölkələri arasında birinci sıradadırlar. Bu, bir daha onu göstərir ki, Azərbaycanda idmanın inkişafı sistemli xarakter daşıyır”.
İ.Əliyev deyib ki, 2010-cu ildə bu uğurlarla bərabər, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi üçün ənənəvi olaraq vacib addımlar atılıb. “Bu il dörd olimpiya idman kompleksi istismara verilmişdir. Göyçay, Ağdaş, Balakən və Horadiz şəhərlərində müasir idman kompleksləri istifadəyə verilmişdir. Müşfiqabad qəsəbəsində idman-təlim mərkəzi istismara verilmişdir. Mingəçevirdə beynəlxalq avarçəkmə mərkəzi fəaliyyətini demək olar ki, daha da müasir keyfiyyətdə bərpa etmişdir. Bildiyiniz kimi, Mingəçevir Olimpiya avarçəkmə bazası Sovet İttifaqında yaşamış idmançılara xidmət göstərirdi və o bazanın nadir iqlim şəraiti avarçəkmə ilə məşğul olanların hamısını ora cəlb edirdi. Uzun illər ərzində baza yararsız vəziyyətdə qalırdı və biz onun bərpası üçün müxtəlif imkanlar axtarırdıq, o cümlədən xarici maliyyə dəstəyini cəlb etməyə çalışırdıq. Ancaq nəticədə Azərbaycan dövləti avarçəkmə bazasını dövlət büdcəsi hesabına ən müasir səviyyədə təmir etdi, onu demək olar ki, yenidən qurdu”.
Prezidentin sözlərinə görə, 2011-ci ildə tikinti-quraşdırma işləri davam etdiriləcək. 11 olimpiya mərkəzinin tikintisi nəzərdə tutulur. Onların bir hissəsinin açılışı gələn il olacaq.
”Bu proqram ardıcıl şəkildə icra edilir. Qeyd etmək istəyirəm ki, idmanla məşğul olan qurumlar - həm Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar bu il fəal işləmişlər, birgə işləmişlər. Biz hamımız vahid məqsədə xidmət edirik. Bu da ondan ibarətdir ki, Azərbaycanda idman sürətlə inkişaf etsin, idman uğurlarımız daha da artsın, idmançılara dövlət tərəfindən qayğı artsın, idman veteranları da yaddan çıxmasın”.
“Mən inanıram ki, 2011-ci il bu gözəl ənənələrin davam etdirilməsi üçün uğurlu il olacaq, o cümlədən idman sahəsində. 2011-ci il 2012-ci ilin Yay Olimpiya Oyunlarının hazırlanması üçün həlledici il olacaqdır. Çoxsaylı lisenziya turnirləri keçiriləcəkdir və Olimpiadaya hazırlıq dövrünün sonuncu ilidir. Əlbəttə, biz bu amili nəzərə almalıyıq. 2011-ci ildə səylərimizi daha da gücləndirməliyik. Halbuki 2009-cu il - Olimpiadadan sonrakı bir il bizim üçün nə qədər vacib idisə, 2011-ci il də o qədər vacibdir. Əlbəttə Olimpiya oyunları idman sahəsində müəyyən dövrün ən əsas hadisəsidir. Ancaq bununla bərabər, bütün idman qurumları gündəlik fəaliyyətlərində çalışırlar ki, biz qarşıya qoyulan məqsədə çataq.
Mən əminəm ki, gələn il də idmanımız üçün uğurlu il olacaqdır. İdmançılarımız, yeniyetmələrimiz, gənclərimiz ölkəmizi dünyada ləyaqətlə təmsil edəcəklər və biz idmançılarla görüşəcəyik, idmançıların qələbələrinə sevinəcəyik. Əminəm ki, biz 2011-ci ili də uğurla başa vuracağıq”-deyə ölkə başçısı söyləyib.
Prezident bildidb ki, 2011-ci il idman sahəsində çox əlamətdar bir il olacaq. “Çünki 2011-ci ildə Bakıda yeni, möhtəşəm, gözəl Olimpiya stadionunun təməl daşı qoyulmalıdır. Artıq layihə hazırdır, stadion üçün yer müəyyən edilib. Mən hesab edirəm ki, Azərbaycan kimi idman dövlətinin paytaxtı Bakı şəhəri üçün ən müasir texnoloji imkanlara malik olan yeni Olimpiya stadionu tikilməlidir”.
Modern.az