
Aprelin 2-dən başlayaraq cəbhə xəttində başlayan döyüş sonda atəşkəslə bitsə də, ordumuz qələbələrə imza atdı, 23 ildir dəyişməyən sərhədlər yeniləndi. Əhalimizin təhlükəsizliyi üçün vacib yüksəkliklər ələ keçirildi. Artıq bir neçə gündür işğaldan azad olunan bölgəyə jurnalistlər səfər edir, reportajlar, sujetlər hazırlayır. Həmçinin sənət adamları da artıq cəbhə bölgəsində görünməyə başlayıblar. Ordumuzun qələbəsini yaxından izləməyə gələnlər əsgərlərimizə mənəvi dəstək olur, onlara ruh yükəkliyi bəxş edirlər.
Modern.az sənətçilərdən cəbhə xəttinə gedib-getməyəcəklərini öyrənməyə çalışıb.
Xalq artisti Mənsum İbrahimov sabah Ağdama gedəcəyini bildirib.
“Hadisələr başlamazdan 3 gün öncə Ağdamda idim. Sabah yenə Ağdama gedəcəm və orada yaralılarla görüşəcəyik, şəhid ailələrini ziyarət edəcəyik, dağılan evlərə baş çəkəcəyik. Mənəvi dəstək üçün orada olacağıq. Özüm də Qarabağlıyam, orada böyümüşəm, bu, hər birimizin borcudur. Güclü ordumuz var və bir daha sübut etdik ki, kənar müdaxilə olmadan torpaqlarımızı işğaldan azad etməyə hazırıq. Hər bir vətəndaş və biz sənətçilər ordumuza dəstək olmalıyıq. Mənimlə birlikdə Arif Babayev, Təyyar Bayramov və əslən o bölgədən olan digər sənətçilər öz təşəbbüsümüzlə bölgəyə səfər edəcəyik”.
Xalq artisti Flora Kərimova bildirib ki, əgər belə bir təşəbbüs olarsa, iştirak edər.
“Bu gün ünvanımla əsgərlərimizə borcluyam. Təbii ki, gedərdim. 75 yaşıma, 4 mikroinsult keçirməyimə baxmayaraq, cəbhə xəttinə gedərəm”.
Xalq artisti Mübariz Tağıyev bildirib ki, yaxın günlərdə o da cəbhə bölgəsinə gedəcək.
“Plan var. Hazırda AzTV və İTV-dən təklif var, yaxın günlərdə cəbhə bölgəsinə səfər təşkil edəcəklər və biz də orada olacağıq”.
Əməkdar artist Tünzalə Ağayeva isə cəbhə bölgəsində konsert proqramı ilə çıxış etmək istəyir. Bunun üçün isə Müdafiə Nazirliyindən cavab gözləyir.
“Arzumuz var ki orada konsert proqramı ilə iştirak edək, əsgərlərimizlə görüşək. Artıq müraciət etmişik və Müdafiə Nazirliyindən razılıq aldıqdan sonra cəbhə xəttinə yaxın rayonlardan birində konsert proqramı ilə çıxış edəcəyik”.
Aytən ZƏHRA