Modern.az

Nazir kollegiya iclası keçirdi - 15 mütəşəkkil dəstə zərərsizləşdirilib

Nazir kollegiya iclası keçirdi - 15 mütəşəkkil dəstə zərərsizləşdirilib

Təhsil

8 Aprel 2016, 19:12



Aprelin 8-də Daxili İşlər Nazirliyində "Uçot-qeydiyyat intizamına riayət edilməsi”nin, "Mülkiyyət əleyhinə olan, xüsusən soyğunçuluq, quldurluq və avtonəqliyyatın qaçırılması cinayətlərinin qarşısının alınması və açılması"nın, həmçinin, “Cinayətlərin profilaktikası" sahəsində görülən işlərin  vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Modern.az xəbər verir ki, respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov gündəliyə keçməzdən əvvəl, cari il aprelin 2-nə keçən gecə Ermənistanın Silahlı Qüvvələri tərəfindən təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı yaşayış məntəqələrinin və Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin bütün cəbhə boyu iriçaplı silahlardan, minaatanlardan, qumbaraatandan və artilleriya qurğularından intensiv atəşə tutulduğunu xatırladıb. O, xüsusilə vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun gördüyü cavab tədbirləri, həyata keçirdiyi döyüş əməliyyatları və endirilmiş sarsıdıcı zərbələr nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi, döyüş texnikası və hərbi infrastrukturu məhv edilib, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri tam azad olunub. Cəbhəboyu rayonlarda əhalinin təhlükəsizliyinin təmin olunmasında polis orqanları üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib.

Təəssüflə qeyd olunub ki, döyüş əməliyyatları bizim üçün də itkisiz ötüşməyib. Ramil Usubov ordumuzun göstərdiyi şücaətin, qəhrəmanlığın xalqımızda, xüsusən gənclər arasında böyük ruk yüksəkliyi yaratdığını, şəhid olmuş əsgər və zabitlərimizin böyük coşğu ilə dəfn olunmasının, minlərlə insanın qatıldığı həmin mərasimlərin xalqımızın öz dövləti, Prezidenti ilə sıx birliyinin, vətən və torpaq sevgisinin, sülh danışıqlarının heç bir nəticə verməyəcəyi təqdirdə işğal altındakı torpaqlarımızı hərb yolu ilə azad etmək əzminin növbəti əyani təzahürü olduğunu diqqətə çatdırıb.    

 Nazirin təklifi ilə şəhid olmuş hərbçilərimizin, həmçinin, mülki vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Daha sonra iclasın gündəliyinə toxunan daxili işlər naziri müzakirəyə çıxarılan hər üç məsələnin aktual olduğunu, fəaliyyətin mühüm istiqamətlərini əhatə etdiyini bildirib.

Gündəlikdəki birinci məsələ barədə məruzə ilə Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi, polis general-mayoru Elşən Kazımov çıxış edib. O deyib ki, aidiyyəti fəaliyyət sahəsi daim diqqət mərkəzində saxlanılmaqla hüquqi statistika, əməliyyat-sorğu, kriminal yönümlü məlumatların toplanılması, emalı və arxivləşdirilməsi sürətləndirilib, yeni informasiya bankları formalaşdırılıb. İstismar edilən avtomatlaşdırılmış sistemlər və proqram təminatları mütəmadi yenilənib, cinayətkarlığa qarşı mübarizədə onlardan geniş istifadə edilib.

2007-ci ildən Nazirlikdə fəaliyyət göstərən “102” xidməti - zəng mərkəzi sistemi də cinayətlərin uçotuna mərkəzləşdirilmiş nəzarətin həyata keçirilməsində özünün praktiki rolunu təsdiqləyib, latent cinayətkarlığın səviyyəsinin minimuma endirilməsində mühüm rol oynayıb. Polis orqanlarının DİN-in Vahid Məlumat-Axtarış Sisteminə (Məlumat Portalı) qoşulması lüzumsuz yazışmaları, vaxt itkisini aradan qaldırmaqla yanaşı, profilaktik, istintaq və əməliyyat-axtarış fəaliyyətinin səmərəliyinin artırılmasına şərait yaradıb.

Məruzəçi bildirib ki, bununla yanaşı, kollegiyaqabağı araşdırmalar bəzi şəhər, rayon polis orqanlarında uçot-qeydiyyat intizamına riayət olunmasına, fəaliyyətin müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkilinə lazımi diqqət yetirilmədiyini göstərib.

Mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması və açılması sahəsində görülən işlər barədə məruzə ilə çıxış edən Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski deyib ki, Baş İdarə tərəfindən keçən il və cari ilin ötən dövründə mülkiyyət əleyhinə cinayətlərlə mübarizədə geriliyə yol vermiş şəhər, rayon polis orqanlarına əməli köməkliklər göstərilib, geniş ictimai rezonans doğuran cinayətlər əməliyyat müşavirələrində müzakirə olunaraq görülən tədbirlərin gedişi nəzarətə götürülüb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə mülkiyyət əleyhinə cinayətlər törətmiş 2009 nəfərdən ibarət 742 qrup, o cümlədən 83 nəfərdən ibarət 15 mütəşəkkil dəstə zərərsizləşdirilib. Bütövlükdə, mülkiyyət əleyhinə olan 9443 cinayətin, o cümlədən 4597 şəxsi əmlak oğurluğunun, 239 soyğunçuluğun, 167 quldurluğun, 225 avtonəqliyyatın qaçırılması faktının açılması təmin olunub. Həmin cinayətlərə görə 5179 nəfər məsuliyyətə cəlb edilib, axtarışda olan 1678 təqsirləndirilən şəxs tutulub. Bilavasitə Baş İdarə əməkdaşlarının iştirakı ilə mülkiyyət əleyhinə olan 300-ə yaxın cinayət açılıb, onları törətmiş 67 nəfər müəyyən edilərək saxlanılıb.

Nəzərə çatdırılıb ki, mülkiyyət əleyhinə cinayətlərin profilaktikasında Nazirliyin informasiya sistemlərinin tətbiqinin də böyük əhəmiyyəti olub. «102» xidməti və «Təhlükəsiz şəhər» sisteminin texniki imkanları ilə 69 oğurluq, 66 oğurluğa cəhd, 6 soyğunçuluq, 10 quldurluq, 9 nəqliyyat vasitəsinin qaçırılması və sair cinayətlər  «isti izlərlə» açılıb, axtarışda olan 158 avtomobil saxlanılıb.

Xüsusi mülkiyyətdə olan obyektlərdə və şəxsi mənzillərdə mühafizə-siqnalizasiya vasitələrinin quraşdırılması məqsədilə, əhali arasında təbliğatın gücləndirilməsinə dair aidiyyəti Kollegiya qərarlarının icrası üzrə görülmüş tədbirlərlə mühafizəyə götürülmüş obyektlərin sayı 1170, mənzillərin sayı isə 1233 vahid artıb. Qorunan obyektlərdə 144 oğurluq hadisəsinin qarşısı alınaraq 74 nəfər yaxalanıb.      

2015-ci ildə mülkiyyət əleyhinə olan cinayətlərin açılması 4,4 faiz yaxşılaşaraq 70,7 faiz təşkil edib. O cümlədən oğurluqların açılması 5,7 faiz, dələduzluqların açılması 1,3 faiz, hədə-qorxu ilə tələb etmələrin açılması 1,8 faiz, avtonəqliyyat qaçırmalarının açılması isə 5,8 faiz yaxşılaşıb.

Gündəlikdəki üçüncü məsələ ilə bağlı məruzə ilə Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov çıxış edib. O, bildirib ki, qəbul olunmuş yeni qanunvericilik aktları əsasında cinayətlərin qarşısının alınması, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, yol hərəkəti təhlükəsizliyinin təşkili və sair istiqamətlər üzrə 40-a yaxın informasiya sistemi istifadəyə verilib. Qabaqlayıcı iş sahəsini tənzimləyən geniş normativ baza yaradılıb.

2015-ci ildə cinayətlərin profilaktikasında müsbət nəticələri şərtləndirib. 2014-cü illə müqayisədə qəsdən adam öldürmələr 7,3 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 6,7 faiz, xuliqanlıqlar 4,5 faiz, avtonəqliyyatın qaçırılması 26,6 faiz, mal-qara oğurluqları 17,1 faiz, əzab vermələr 26,3 faiz, yetkinlik yaşına çatmayanların cinayətləri 2,4 faiz, ictimai yerlərdə baş vermiş cinayətlər 2 faiz, yol-nəqliyyat hadisələri 15,7 faiz, qəzalarda ölənlərin sayı 20,5 faiz, yaralananların sayı 15,4  faiz azalıb.

Müzakirələrdə çıxış edənlər görülmüş işlər, mövcud nöqsan və çatışmazlıqlar və onların aradan qaldırılması üzrə həyata keçiriləcək tədbirlər barədə danışıblar.

İclasa yekun vuran nazir gündəlikdəki məsələlər üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu, eyni zamanda, bəzi ərazi orqanlarında müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu da qeyd etməklə, onların dərindən təhlil edilərək aradan qaldırılması üçün adekvat tədbirlər görülməsini, müvafiq istiqamətlərdə qısa müddətdə əsaslı dönüş yaradılmasını tələb edib, əməliyyat-xidməti fəaliyyətin bir sıra vacib  istiqamətlərinə, aktual məsələlərə dair konkret tapşırıq və tövsiyələrini verib.

Daxili işlər naziri Son günlər cəbhəboyu zonada yaşanan hadisələrə bir daha toxunaraq təmas xəttində döyüş əməliyyatları zamanı polisin üzərinə müharibə dövrünün tələblərinə uyğun mühüm vəzifələr düşdüyünü, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 sentyabr tarixli müvafiq Sərəncamına, onun icrası ilə bağlı Nazirliyin tədbirlər planına uyğun olaraq cəbhəboyu rayonlarda zəruri tədbirlərin məqsədyönlü surətdə davam etdirilməsini tapşırıb.

General-polkovnik Ramil Usubov cari il fevralın 2-də ölkə Prezidenti tərəfindən imzalanmış «İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə» Fərman çərçivəsində bir sıra rayonlarda mülki işçi vəzifələrinə vətəndaşların qəbulu ilə əlaqədar sıra baxışlarının keçirildiyinə, hazırda anoloji tədbirlərin davam etdirildiyinə toxunaraq aidiyyəti xidmətlərin və ərazi polis orqanlarının rəislərindən  bu məsələnin diqqətdə saxlanılmasını tələb edib.

Cari il martın 1-dən yeni İnzibati Xətalar Məcəlləsinin qüvvəyə mindiyini xatırladan nazir xidməti fəaliyyətdə həmin qanunvericilik aktının tələblərinə ciddi riayət olunmasının, bunun üçün ilk  növbədə polisin səlahiyyətinə aid maddələrin şəxsi heyət tərəfindən dərindən öyrənilməsininin əhəmiyyətini qeyd edib.

Nazir ölkə başçısını əmin edib ki, şəxsi  heyət qanunvericilikdə nəzərdə tutulan məsul vəzifələrin və qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gələcək, ölkəmizdə sabitliyin, əmin-amanlığın, habelə dövlətin  vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün bundan sonra da qüvvə  bacarığını əsirgəməyəcək



Modern.az   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı