Modern.az

Dövlət Komitəsində kollegiya iclası keçirilib

Dövlət Komitəsində kollegiya iclası keçirilib

28 Dekabr 2010, 15:26


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2010-cu ilin yekunları müzakirə olunub. Komitədən Modern.az saytına verilən məlumata görə, ilin nəticələrinə həsr olunmuş geniş kollegiya iclasında ölkəmizdə dövlət-din münasibətlərinin getdikcə daha da tənzimlənməsi, dini etiqad azadlığının təmin olunması, İslam və qeyri-İslam təmayüllü bayram və tədbirlərin keçirilməsi, dindarlar üçün yaradılmış münasib şərait ətraflı müzakirə edilib.

Ötən illərlə müqayisədə bəzi zərərli yad dini mərasim elementlərinin tətbiqi və icrasında nəzərə çarpan azalma ardıcıl aparılan müdrik din siyasətinin nəticəsi kimi dəyərləndirilib.

Dini Qurumlarla İş Dövlət Komitəsinin sədri Hidayət Orucov hesabat ilində respublikamızda yüksək səviyyədə keçirilən dini liderlərin ümumdünya Bakı sammitinin böyük ictimai rezonans doğurduğunu bildirərək qeyd edib ki, həmin beynəlxalq tədbir ölkə Prezidenti İlham Əliyevin xüsusi dəstəyi ilə keçirilib. Çıxışda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin, Moskva və Bütün Rusiyanın patriarxı Kirillin Bakı sammitinin keçirilməsindəki rolu da diqqətə çatdırılıb.

“Müvəffəqiyyətlə başa vurduğumuz  ilin yekunları bir daha sübut etdi ki, dövlətin  sosial - siyasi xətti müdriklik və varislik prinsiplərilə davamlı aparıldıqda uğur qazanılır”.

Hidayət Orucov bildirib ki, “Dini etiqad azadlığı haqqında” Qanuna edilmiş əlavə və dəyişikliklərdən sonra dini icmaların yenidən qeydiyyata alınmasına başlanmış və bu istiqamətdə işlər davam etdirilməkdədir. Həmçinin, Qanuna edilmiş əlavə və dəyişikliklərə müvafiq olaraq, dini ibadət yerlərinin tikintisinin və mövcud dini ibadət yerlərinin yenidən qurulmasının (bərpasının, əsaslı təmirinin) məqsədəuyğunluğunun müəyyənləşdirilməsi, dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı ilə bağlı təlimatlar, dini tədris müəssisələrinin fəaliyyətinin tənzimlənməsi qaydaları hazırlanıb.

Toplantı iştirakçılarının nəzərinə çatdırılıb ki, dövlət-din münasibətləri vətəndaşların vicdan azadlığının təmin olunmasının əsas tərkib hissəsi, dövlətin təhlükəsizliyinin və onun idarə olunmasının proqnozlaşdırılmasında prioritet istiqamətlərdən olduğundan Dövlət Komitəsinin bütün əməkdaşları, xüsusilə də bölgələrdə çalışan əməkdaşlar analitik müşahidələr aparmalı, cəmiyyətdə sağlam mənəvi mühitin formalaşmasında həm nəzəri-metodoloji, həm də praktik iş formalarına əsaslanmalıdırlar. Xüsusilə qeyd edildi ki, ölkədəki dini durumun daim sağlam və sivil olması üçün respublika ərazisində fəaliyyət göstərən həm İslam, həm də qeyri-İslam dini icmaları ilə işgüzar münasibətlər ancaq hüquq müstəvisində qurulmalıdır.

Tədbirdə çıxış edən Dövlət Komitəsinin Mərkəzi aparatının və bölgələr üzrə şöbələrinin müdirləri ölkəmizin din sferasında vəziyyətin sabit olduğunu vurğulayıblar. Respublikamızın bütün regionlarındakı dini durum müzakirə olunub və belə bir fikir səsləndirilib ki, hər dindar öncə ölkə vətəndaşıdır, onun sağlam mövqedən dini maarifləndirilməsi, vətəndaşlarımızda yad dini təsirlərə milli-mənəvi dəyərlərlə müqavimət göstərmək qabiliyyətinin aşılanması üçün yerlərdə işin obyektiv dini maarifçilik və sosioloji araşdırmalar mövqeyindən aparılması daim gücləndirilməlidir. Çünki məhz bu format çərçivəsində əvvəlki illərlə müqayisədə bu il dini tədbirlərdə, xüsusilə Aşurada və digər mərasimlərdə yad təsirlərin zəifləməsi müşahidə olunub.
Tədbir iştirakçıları, həmçinin yeni ildə qarşıda duran vəzifələr barədə də fikir və təkliflərini bildiriblər.

Hidayət Orucov iclasa yekun vuraraq 2010-cu ilin qurumun fəaliyyətində uğurlu olduğunu vurğulayıb və  bildirib ki, Dövlət Komitəsinin əməkdaşları gələcək işlərində ölkəmizdə aparılan dövlət və din siyasətinin həyata keçirilməsində öz bacarıqlarını əsirgəməyəcəklər.

Hidayət Orucov Dövlət Komitəsinin bütün  əməkdaşları adından ölkə Prezidentimiz İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə