Modern.az

”Qarşıya qoyulan bütün məsələləri həll edəcəyik" - Prezident

”Qarşıya qoyulan bütün məsələləri həll edəcəyik" - Prezident

Təhsil

9 Aprel 2016, 22:38

 

“İlin birinci rübündə iqtisadi islahatlar daha da sürətlə aparılıb. Ümumiyyətlə, mən bildirməliyəm ki, 2016-cı il dərin iqtisadi islahatlar ili olacaqdır. İlin əvvəlindən biz bu istiqamətdə çox fəal işləyirik. Bir çox sərəncamlar, qanunlar imzalanmış və qəbul edilib. Biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialımızın artırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması - bütün bu istiqamətlər üzrə çox ciddi qərarlar qəbul edilib. Maliyyə nizam-intizamı, şəffaflıq - demək istəyirəm ki, bundan sonra da bu istiqamətdə əlavə tədbirlər görüləcək”. Modern.az saytı xəbər verir ki, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Prezident vurğulayıb ki, birinci rübün iqtisadi göstəriciləri o qədər də müsbət deyil: “Ümumi daxili məhsul aşağı düşübdür. Bu da təbiidir. Biz bunu gözləyirdik. Ancaq hesab edirəm ki, il ərzində ümumi daxili məhsul artmalıdır. Hər halda biz buna çalışırıq və çalışacağıq. Bunu deməyə əsas verən odur ki, ilin birinci rübündə Azərbaycanda qeyri-neft sənayesi beş faizdən çox artıb. Bu, onu göstərir ki, ümumi daxili məhsulun azalması, ilk növbədə, neftin qiymətinin aşağı düşməsi və ondan yaranan vəziyyət ilə bağlıdır. Əlbəttə ki, bizim gəlirlərimiz azalıbdır. Dövlət tərəfindən yatırılan investisiyalar azalıbdır. Əlbəttə, biz bu vəziyyəti nəzərə alırıq. Ancaq qeyri-neft sənayesinin beş faizdən çox artması, əlbəttə, həm göstəricidir, həm də yaxşı ümidlər verir ki, Azərbaycanda qeyri-neft sektoru daha da sürətlə inkişaf edəcək. Qeyri-neft sektoru bu gün Azərbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edir. Biz buna nail olmuşuq və gələcəkdə əlbəttə, çalışmalıyıq ki, qeyri-neft sektoru bizim ixrac strukturumuzda da daha böyük çəkiyə malik olsun”.

Dövlət başçısı birinci rübdə 37 min yeni iş yeri yaradılıb: “Onlardan 31 mini daimi iş yeridir, 13 min iş yeri bağlanıb. Biz burada da müsbət balans görürük. Onu da qeyd etməliyəm ki, yeni iş yerlərinin yaradılması daha çox dövlət sektorunda baş verib. Bu da mənim göstərişimlə öz həllini tapan məsələdir. Çünki tikinti sektorunda, digər sektorlarda bəzi işlər ixtisara düşüb. Belə olan halda işsizlik səviyyəsini aşağı səviyyədə saxlamaq üçün mən qərar qəbul etdim ki, dövlət şirkətləri, dövlət qurumları yeni iş yerlərini açsınlar. İctimai işlər açılır və birinci rüb ərzində bu qədər iş yerlərinin açılması, əlbəttə ki, insanların sosial müdafiəsinə hesablanıb.   Sosial siyasət həmişə prioritet olmuşdur və olacaq. Birinci rübdə atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Bütün iqtisadi islahatlar, bizim uğurlu neft-qaz siyasətimiz də bu məqsədi güdür ki, insanlar daha da yaxşı yaşasınlar.

İndi dünyada böhran yaşanır. İqtisadi və maliyyə böhranı hələ ki, başa çatmayıb. Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır, ancaq bu böhrandan ən az itkilərlə çıxan ölkələrdən biridir. Bir misal da gətirə bilərəm ki, neftin qiymətinin 3-4 dəfə düşməsinə baxmayaraq, bu il Azərbaycanda maaşlar və pensiyalar artırılıb, 10 faiz artım var. Bu da nadir hadisələrdən biridir. Adətən hətta neft və qazla zəngin olmayan ölkələr ya maaşları dondururlar, ya kəsirlər, ya maaşların verilməsində problemlər yaşanır. Ancaq biz dünyada hökm sürən bu böhrana baxmayaraq, maaşları və pensiyaları artırmışıq. Digər sosialyönümlü addımlar atılır, o cümlədən yeni təşəbbüslər, iş yerlərinin yaradılmasının yeni formaları artıq işə düşür. Əminəm ki, Azərbaycanda işsizliyin səviyyəsi həmişə olduğu kimi, çox aşağı səviyyədə olacaqdır.  

Beləliklə, ciddi dərin iqtisadi islahatlar aparılır və bu islahatlar dərinləşməlidir. Çox güclü sosial siyasət aparılır ki, iqtisadi islahatlar həyata keçirilərkən insanlar bundan əziyyət çəkməsinlər. İnsanların rifah halının yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılacaqdır”.  

Prezident qeyd edib ki, bu il regional inkişaf istiqamətində də çox böyük layihələr icra edilməlidir: “Nəzərdə tutduğumuz layihələrin icrası üçün təqribən 2 milyard manata qədər vəsait lazım olacaqdır. Onun bir hissəsi dövlətin güzəştli kreditləri, bir hissəsi isə sahibkarların hesabına təmin edilməlidir. Hər halda biz qarşıya bu hədəfi qoymuşuq. Çalışmalıyıq ki, bu hədəfə çata bilək. Beləliklə, ölkə iqtisadiyyatına, qeyri-neft sektoruna qoyulacaq investisiyalar özlüyündə daha da böyük canlanmaya, yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq və yeni ixrac məhsullarımız da olacaqdır.

Birinci rübdə əlbəttə ki, digər önəmli hadisələr baş vermişdir. İndi onların hamısı haqqında danışmağa sadəcə olaraq vaxt yoxdur. Bir sözlə, baxmayaraq ki, bu gün dünyada iqtisadi-maliyyə böhranı davam edir, gəlirlərimiz azalıbdır, ancaq çox operativ addımlar, dərin iqtisadi islahatlar və düşünülmüş müdrik xarici siyasət nəticəsində biz bütün riskləri minimum səviyyəyə endirdik. Mən ümid edirəm ki, müsbət dinamika 2016-cı ildə davam edəcək. İkinci rübdə iqtisadiyyat daha da sürətlə inkişaf edəcək və biz ilin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələləri həll edəcəyik".

Modern.az

 
Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı