Bu gün bir qrup Vətəndaş Cəmiyyəti nüamyəndələri Avronest Parlament Assambleyasının həmprezidenti, Avropa Parlamentinin Finlandiyadan olan üzvü Heidi Hautala ilə görüşüblər. Avropa Şərq Tərəfdaşlığı Forumunun Azərbaycan üzrə Milli Koordinatoru Əvəz Həsənov Modern.az saytına bildirib ki, görüşdə İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Qubad İbadoğlu, German Marşal Fondunun Azərbaycan üzrə direktoru Mehriban Rəhimli, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov və Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mirvari Gəhramanlı iştirak ediblər.
Görüşdə vətəndaş cəmiyyəti nümayəndələri Avronest ilə əməkdaşlığın ölkəmiz üçün əhəmiyyətli olduğunu qeyd ediblər.
Azərbaycanın avrointeqrasiya istiqamətində səylərinin dəstəklənməsi, ölkənin Ümumdünya Ticarət Təşkilatına üzv olunması, ölkənin iqtisadi qanunvericiliyi və siyasətinin Avropa qanunvericiliyi ilə uyğunlaşdırılması, insan haqqlarının qorunması və Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılmasında Avronestlə əməkdaşlığa ciddi ehtiyacın olduğunu bildiriblər.
Eyni zamanda beynəlxalq donorların Azərbaycanda qeydiyyatı və QHT-lərin son illərdə xaricdən maliyə alınması ilə bağlı problemlərinə toxunulub.
Xanım Hautala müzakirələr zamanı təmsil etdiyi qrumun Azərbaycanla əməkdaşlığına önəm verdiyini vurğulayıb.
Bu əməkdaşlıqdan ən çox ölkə vətəndaşlarının bəhrələnəcəyinə diqqəti yönəldib.
Modern.az