“Sosial mənzillərin tikintisi proqramı yaxın zamanlarda ictimaiyyətə təqdim ediləcəkdir. Bu, yeni təşəbbüsdür. Bəzi ölkələrdə bu praktika var. Biz müsbət praktikanı öyrənirik, öyrənmişik. Buna böyük ehtiyac və tələbat var. Sosial mənzillərin tikintisi prosesi yaxın zamanlarda başlanacaqdır”. Modern.az saytı xəbər verir ki, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Prezident vurğulayıb ki, regionlarda işsizliyin azaldılması və maddi imkanları aşağı olan aztəminatlı əhalinin mənzil probleminin həlli üçün bütün şəhərlərdə, rayon mərkəzlərində sosial mənzillərin tikintisinə başlanacaq: “Xüsusilə qeyd etmək istəyirəm ki, nəinki Bakıda və böyük şəhərlərdə, bütün şəhərlərdə, bütün rayon mərkəzlərində. Dünya təcrübəsindən istifadə etməklə, vətəndaşların belə evlərə sahib olma qaydaları və həmin mənzillərdə yerləşdirilən insanlara mülkiyyət hüququnun verilmə prosedurları müəyyən ediləcəkdir. Sosial Mənzil Fondunun yaradılmasında əsas məqsəd belə mənzilləri aztəminatlı əhaliyə aşağı qiymətlərlə və uzun müddətə kreditlə təqdim etməklə onların mənzil problemlərinin həllindən və sosial rifah hallarının yaxşılaşdırılmasından ibarətdir. Bu tipli mənzillərin tikintisi həm Bakı şəhərində, həm də bütün digər rayon və şəhərlərdə geniş şəkildə aparılacaqdır. Sosial mənzillərin tikintisi əlavə iş yerlərinin yaradılması, mənzilə ehtiyacı olan əhali qrupunun belə ehtiyaclarının ödənilməsi ilə yanaşı, bu mənzillərin əhaliyə təqdim edilməsi nəticəsində yeni zəruri istehlak ehtiyaclarının yaranacağı nəzərə alınmaqla, paralel şəkildə iqtisadiyyatın 20-dək digər sahələrinin də inkişafına səbəb olacaqdır. Təbii ki, bu, inşaat sektoruna çox böyük təkan verəcək. İnşaat sektorunda vaxtilə işləmiş, ancaq indi işlərini itirmiş insanlar yenə də işlə təmin ediləcək və bunun çox geniş multiplikativ səmərəsi olacaqdır”.
Dövlət başçısı qeyd edib ki, ünvanlı dövlət sosial yardımı ilə bağlı məsələlər də öz həllini tapır: “Ancaq biz elə şərait yaratmalıyıq ki, insanlar işlə təmin olunsunlar. Düzdür, ünvanlı dövlət sosial yardımı çox mühüm sosial təşəbbüsdür və biz bunu icra edirik. Ancaq bəzi hallarda bu, ələbaxımlıq meyillərini də gücləndirir. Ona görə də biz burada çox ciddi və düşünülmüş siyasət aparmalıyıq ki, insanlar işləyib pul qazansınlar. Bu məqsədlə biz rayonlarda, Bakı şəhərində, böyük şəhərlərdə ictimai işlər açırıq. Bu məqsədlə dövlət şirkətlərinə göstəriş verilmişdir ki, minlərlə yeni iş yeri açsınlar. Ancaq bəzi hallarda biz görürük ki, vətəndaşlar o iş yerlərindən istifadə etmək istəmirlər, daha çox dövlətdən ünvanlı yardım almaq istəyirlər. Ona görə, burada çox dəqiq siyasət aparılmalıdır. Doğrudan da kimin ehtiyacı varsa ona dövlət daim diqqət göstərəcəkdir. Amma əmək qabiliyyətli vətəndaşlar, gənc vətəndaşlar əgər iş varsa getsinlər o işlərdə işləsinlər, maaş qazansınlar və beləliklə, gələcəkdə öz həyatlarını qursunlar. Çünki ələbaxımlıq, ümumiyyətlə, yaxşı hal deyil. Azərbaycan artıq yoxsulluğa qarşı mübarizədə böyük uğurlar əldə edibdir. Azərbaycanda yoxsulluq aşağı səviyyədədir.
Əlbəttə ki, işləmək üçün iş yerləri olmalıdır, bunlar da yaradılır. Həm dövlət, həm özəl sektorlarda özünəməşğulluğun təmin olunması üçün vəsait ayrılıb. Ona görə, bu, çox ciddi məsələdir və öz həllini tapmalıdır”.
Modern.az