Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Lənkəran rayonunun Vilvan kəndində şəhid zabit, 1991-ci il təvəllüdlü Zülfüqarlı Qalib Mayıl oğlunun məzarını ziyarətə gedib. Deputatın yaxın qohumları, Bakı və Lənkəran “Qarabağ və veteranları” cəmiyyətinin üzvləri, QMİ-nin cənub bölgəsi üzrə nümayəndəsi, Vilvan kənd icra nümayəndəsi və şəhidin ailə üzvləri də Hadı Rəcəblini müşayət ediblər.
Şəhidin yaxınlarının və kənd ağsaqqallarının iştirakı ilə qəbrin üzərində yasin oxunduqdan sonra millət vəkili şəhidin ailəsinin sosial durumu ilə maraqlanıb. Şəhidin atası özü də 2-ci qrup Qarabağ əlilidir. Qəbri ziyarət edənlər ilk öncə Hadı Rəcəbliyə gəldiyinə görə təşəkkürünü bildirib, şəhidin qısa və şərəfli həyat yolundan, hərbi məktəbi bitirdikdən sonra cəmi 5 ay müddətində cəbhədəki şərəfli xidmətlərindən söz açıblar. 1994-cü ildə Qalibin əmisi oğlunu şəhid kimi torpağa tapşırıblar.
Hadı Rəcəbli şəhidin atasına Allahdan səbr diləyib, son zamanlar cəbhədə gedən hərbi əməliyyatlardan, ölkə prezidenti Ali Baş komandan İlham Əliyevin apardığı düzgün və ardıcıl siyasətdən, orduda və gənclər arasındakı yüksək əzmkatlığdan söhbət açıb. Şəhidin babası 82 yaşlı Məhəmməd kişi qeyd edib ki, gənclərdə prezidentə və dövlətə inam hec vaxt belə yüksək və fanatik olmayıb. Lazım gələrsə o özü də torpaqlarımızın azad olunması üçün döyüşə getməyə hazırdır.
Millət vəkili belə insanlarla fəxr etdiyini bildirib, şəhidin ailəsinə çatacaq sığorta pulu, zabit olduğu üçün veriləcək müavinətlərın sənədləşmə işlərində köməklik göstərəcəyinə söz verib.


Modern.az