
Kənd təsərrüfatı məhsullarının istehsalını və (və ya) emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Ərzaq məhsullarının tədarükü və təchizati" Açıq Səhmdar Cəmiyyətinin yaradılması barədə sərəncam imzalanıb.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadə Modern.az saytına deyib ki, qısa müddət ərzində qurumun formalaşdırılması prosesi həyata keçirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkilatı işlərə başlanıb.
F.Fikrətzadə deyib ki, təşkilatı işləri görmək üçün müvafiq olaraq işçi qrupu yaradılıb:
“Nazir Heydər Əsədovun əmrinə əsasən, bu gündən etibarən fəaliyyət göstərən işçi qrupları yaradılıb. Xüsusilə elektron məlumat baza formalaşdırılacaq ki, burada satınalan təşkilatlar, həm də öz məhsullarını satan fermerlər barədə məlumatlar yerləşdiriləcək”.
O, qeyd edib ki, yeni yaranan Cəmiyyət fermerlər üçün geniş imkanlar açacaq:
“Cəmiyyətin yaradılması kənd təsərrüfatı məhsulları istehsalçıları üçün stabil bazardır. Belə ki, istehsalçılar hər il ilin oktyabr ayına qədər istehsal etdiyi məhsullar haqqında məlumat verəcək. Bu deməkdir ki, dövlət büdcəsi hesabına ayrılan milyonlarla vəsait hesabına satınalmalarda bizim fermerlərimiz birbaşa iştirak edəcək. Yəni fermerlərimiz üçün yaxşı şərtlərlə satış üçün geniş imkanlar yaranacaq”.
Gülşən RAUFQIZI