“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai birliyi və Kəlbəcər rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 18 Aprel 2016-cı il tarixində Mingəçevir şəhərində yerləşən 87 saylı Kəlbəcər rayon tam orta məktəbində "Qələbəyə gedən yol" hərbi vətənpərvərlik mövzusunda tədbir keçirib.
Tədbirdə Kəlbəcər rayon icra hakimiyyətinin, təhsil şöbəsinin nümayəndələri və ziyalılar iştirak etmişlər. Öncə dövlət himni səsləndirildi. Torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan vətən övladlarının ruhları bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zülfiyyə Hüseynova cıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi sahəsində mütəmadi olaraq müxtəlif dövlət qurumları, birbaşa bu sahəyə cavabdeh olan orqanlar tərəfindən ictimai tədbirlər həyata keçirilir.
Məhz belə bir tədbirində bizim məktəbdə keçirilməsinin xüsusi əhəmiyyəti var. Burda oxuyan şagirdlərin mütləq əksəriyyəti doğma torpaqlarından məcburi köçkün düşmüş vətən həsrəti ilə yaşayan ailələrin övladlarıdır. Belə tədbirləri keçirməklə şagirdlərdə vətənpərvərlik hisslərini və hər an öz doğma torpaqlarımıza qayıtmaq ümidini aşılayırıq.
Məktəbin direktor müavini və tədbirin təşkilatçısı Türkan Əkbərova tədbir haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, ümumtəhsil müəssisələrində yeniyetmə gənclərə vətənpərvərlik hissləri aşılanır, onlar işğalçılara nifrət ruhunda tərbiyə alırlar. Şagirdlərin vətənpərvərlik hisslərinin yüksək olmasını və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib. Türkan Əkbərova əlavə edib ki, bu da onlara düşmənə qarşı mübarizə aparmaq üçün əlavə stimul verən amillərdəndir. Bu gün Azərbaycan gəncləri Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər. Son dövrlər cəbhədə baş verən hadisələrlə əlaqədar gənclərin vətənpərvərlik nümayiş etdirməsi, yüksək əhval-ruhiyyə sərgiləməsi Prezidentin həyata keçirdiyi uğurlu gənclər siyasətinin bariz nümunəsidir.
Digər çıxış edənlərdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai birliyinin vətənpərvərliyin və dövlətçiliyimizin təbliği ilə bağlı mütəmadi olaraq keçirdiyi tədbirləri təqdirəlayiq saydıqlarını bildirərək belə tədbirlərin əhəmiyyətindən danışdılar. Sonda şagidlər vətənpərvərliyə həsr olunmuş şeirlər söylədilər və Şəhidlər xiyabanını ziyarət etdilər.



Modern.az