Modern.az

Gömrükçülər müsadirə etdikləri dini kitabları Bakıdakı Pravoslav Kilsəsinə bağışlayıblar

Gömrükçülər müsadirə etdikləri dini kitabları Bakıdakı Pravoslav Kilsəsinə bağışlayıblar

2 Yanvar 2011, 21:30

Gömrükçülərin müsadirə etdikləri dini məzmunlu kitablar Azərbaycandakı Rus Pravoslav Kilsəsinə bağışlanıb. Modern.az-ın məlumatına görə, Bakıdakı Müqəddəs Jen-Mironosets kilsəsində Azərbaycan gömrük orqanları tərəfindən müsadirə edilən 22 adda 79 ədəd müxtəlif məzmunlu dini kitabların ibadətgaha bağışlanma mərasimi keçirilib. Mərasimdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, Bakı və Xəzəryanı bölgənin yepiskopu Aleksandr Ata və digər şəxslər iştirak ediblər.

DGK sədri Aydın Əliyev bildirib ki, indiyədək gömrük orqanları tərəfindən müsadirə edilən müqəddəs kitabların, ikonaların və digər dini əşyaların aidiyyəti təşkilatlara bağışlanması bir ənənəyə çevrilib.

Öz növbəsində, Bakı və Xəzəryanı bölgənin yepiskopu Aleksandr Ata hədiyyələrə görə minnətdarlığını ifadə edib və bildirib ki, bu dəyərli kitabların Milad bayramı ərəfəsində təqdim olunması Müqəddəs Jen-Mironosets kilsəsi üçün misilsiz bir hədiyyədir.

Rusiya Prezidenti Dmitri Medvedevin respublikamıza son səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Rusiyanın dövlət başçısına qədim ikonaların təqdim olunduğunu məmnunluqla xatırladan Aleksandr Ata belə faktları dünya təcrübəsində nadir hadisə kimi qiymətləndirib, bu addımın  Azərbaycan-Rusiya dostluğuna dəyərli bir töhfə olduğunu diqqətə çatdırıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə