Vergilər Nazirliyi Bakıdakı iri market şəbəkələrində yoxlamalara başlayıb. Yoxlamaların vergi ödəyicilərinin böyük əksəriyyətinin vergidən yayınması ilə bağlı olduğu bildirilir.
Yoxlama aparan nazirlik əməkdaşları əsasən kassa əməliyyatlarına, satıcıların işinə nəzarət edirlər. Fotodan da göründüyü kimi “Grand” marketlər şəbəkəsinin “Həzi Aslanov” filialında nəzarət aparan nazirlik işçilərinə marketdə çay süfrəsi açılıb. Onlar kassaların yanında mürəbbəli, limonlu çaydan içərək, müşahidələrini davam etdirirdilər. Həmin əməkdaşların nazirlik tərəfindən cəzalandırılacağı istisna edilmir...Məsələ ilə bağlı Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Modern.az saytının sorğusuna verilən cavabda fakt təsdiq edilib. Bildirilib ki, bu, bir çox vergi ödəyicilərinin vergini ödəməkdən yayınması ilə bağlıdır:
“Məlum olduğu kimi, Vergi Məcəlləsində xronometraj metodu ilə müşahidə aparmaq vergi orqanlarının hüquqlarına aid edilib. Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla vergi ödəyicilərinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə mütəmadi olaraq aparılır.
Bu zaman onların normal fəaliyyəti üçün heç bir maneə yaratmır”.
Qeyd edilib ki, “Neptun” və “Grand” marketlər şəbəkəsinin bəzi mağazalarında da dövriyyənin müəyyənləşdirilməsi məqsədilə xronemetraj müşahidəsi təyin edilib.
Gülşən RAUFQIZI