Modern.az

“Arxivimi açmaqda məqsədim kimisə ifşa etmək deyil" - MÜSAHİBƏ

“Arxivimi açmaqda məqsədim kimisə ifşa etmək deyil" - MÜSAHİBƏ

Təhsil

20 Aprel 2016, 17:54

Milli azadlıq hərəkatının iştirakçısı olmuş Nemət Pənahlı musavat.com-a açıqlamasında meydan hərəkatı və 20 yanvar hadisələri ilə bağlı özündə olan arxiv sənədləri açacağını və videogörüntülər yayacağını söyləyib.

Nemət Pənahlı Modern.az saytının bu məsələ ilə bağlı suallarını ətraflı cavablandırıb.

-Açıqlayacağınız arxiv sənədlər, videogörüntülər hansısa siyasi qüvvələrə, yaxud kimlərəsə zərbə vura bilərmi?

-Mən arxivləri kimlərəsə, hansısa qüvvələrə zərbə vurmaq məqsədilə açmıram. Sadəcə olaraq məndə olan sənədləri, videogörüntüləri xalqa çatdırmaq istəyirəm. Bu millətə ən böyük xəyanət onun tarixini təhrif etməkdir.

Bu xalq hələ də milli azadlıq hərəkatı haqda tam məlumatlı deyil. Gənclər sual verirlər və görürəm ki, heç nədən məlumatları yoxdur.

Bəziləri milli azadlıq hərəkatını hansı formada istəyiblərsə, millətə o formada çatdırıblar. Mənim məqsədim kimisə ifşa etmək deyil. Mənim məqsədim reallıqları millətimin gənclərinə çatdırmaqdır.

-Bəs bu günə kimi, 20-30  il ərzində sizdə olan arxivlər haqqında niyə danışmamısınız? Niyə məhz bu arxivləri indi açmaq istəyirsiniz?

-Mən 20-30 il ərzində danışmışam da, bildiyim hər şeyi də xalqa çatdırmışam. Sadəcə olaraq o zaman məndə olan videoları bütün televiziyalara vermişdim. Ancaq televiziya kanalları həmin o videoları göstərməyiblər. Məndə olan videomaterialları yükləmək üçün o zamanlar texniki imkanlar yox idi ki, onları cəmiyyətə çatdıram. Amma indi texniki şərait imkan verir ki, məndə olan həmin sənədləri və videoları sosial şəbəkə vasitəsilə xalqa çatdırım.

-Deyirsiniz ki, 20 Yanvar hadisəsindən keçən bu müddət ərzində sizi daim ittiham ediblər, əleyhinizə şayiə-böhtan yayıblar. Bu fikirlərinizdə konkret olaraq nələri və ya kimləri nəzərdə tutursunuz? 

- 1990-cı ildən bu yana bütün antitəbliğat kampaniyası mənə qarşı yönəlib. Bütün sovet “KQB”si, sovet imperiyasının rəsmi təbliğatı ancaq və ancaq Nemət Pənahlıya qarşı işləyib.

Mitinqlərin sənədlərini, o zaman çəkilən “Meydan” filmini, 1988-ci ilin azadlıq hərəkatını, o dövrün rəsmi kinostudiyası lentə alıb. O filmi heç bir özəl studiya çəkməyib.

Amma nədənsə bu film xalqa göstərilməyib. Bu film bu gün ona görə göstərilməlidir ki, ən azı xalq Milli Dirçəliş Günü ilə bağlı məlumatlı olsun. Amma nədənsə hələ də buna maneə olan qüvvələr var.

-Açacağınız arxivlər sonradan sizi hansısa məqamlara görə narahat edə bilər?

-Məni həyatda narahat edəcək heç bir məqam yoxdur. Qəti şəkildə də ola bilməz. Məni narahat edən nəsə olsaydı, bu yoldan geri dönərdim. 1988-90-cı illərdən bu günə qədər mübarizə aparıram ki, “KQB”nin arxivləri açılsın. Yeganə siyasətçiyəm ki, bu yolda təkidlə mübarizə aparıram. Mən də başqaları kimi qorxsaydım, “KQB”nin arxivlərini açılmasını istəməzdim.

-Azərbaycanı tərk etmək fikriniz varmı?

-Azərbaycanı heç vaxt tərk etmək fikrim olmayıb və yoxdur. Niyə tərk etməliyəm ki?..

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı