Modern.az

Bakının gündə 2 min çağırış qəbul edən təcili yardım stansiyası...

Bakının gündə 2 min çağırış qəbul edən təcili yardım stansiyası...

Təhsil

21 Aprel 2016, 13:03


Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının “103” xidmətinə gündəlik ortalama 2 min çağırış daxil olur. Müraciətlərin bəziləri təcili yardıma aid olmayan çağırışlardır. Buna baxmayaraq bütün çağırışlar çeşidlənərək bölmələrin həkimlərinə ötürülür və icra edilir.

Səhiyyə Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına səbəbindən asılı olaraq daxil olan çağırışlar iki qrupa bölünür. Çox təcili çağırışlar qeydiyyata alındıqdan sonra, 4 dəqiqədən gec olmayaraq təcili tibbi yardım briqadasına ötürülür. Bu təsnifata fövqəladə hallar, zərərçəkənlərin olduğu yol nəqliyyat qəzaları, xəstənin huşunu itirməsi, uşaqlarda yüksək hərarətlə müşayiət olunan səpkilər, yenidoğulmuşlarla əlaqəli çağırışlar və s. aiddir. Təxirəsalınmaz çağırışlar isə qeydiyyata alındıqdan sonra, 60 dəqiqədən gec olmayaraq təcili tibbi yardım briqadasına ötürülməlidir. Bu çağırışlara arterial təzyiqin nəzərəçarpan dəyişiklikləri, allergiya, baş ağrısı, qarında, kürəkdə ağrı və s. çağırışlar aiddir.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası əhaliyə xidmət səviyyəsinin artırılması məqsədi ilə bir sıra işlər görür. Bölmələrin müasir və daha çox funksiyası olan yeni planşetlərlə təmin olunmasına başlanıb. Daxil olan sorğulara gedişlərə nəzarət gücləndirilib. Hazırda Stansiyanın sanitar avtomobillərinin hərəkət trayektoriyası xüsusi monitor vasitəsilə nəzarətdə saxlanılır. Gələcəkdə çağırışların hansı ünvandan daxil olmasının da monitor vasitəsilə təyini nəzərdə tutulub.

Eyni zamanda, xəstələrin stasionarlara səmərəli paylanması məqsədi ilə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat və hospital işlərin təşkili üzrə şöbəsi xəstəxanalarda, doğum evlərində və digər müalicə profilaktika idarələrində olan boş yerlərə dair sistematik məlumat alaraq, müvafiq hesabat aparır.

Stansiyanın maddi-texniki təchizatını yaxşılaşdırması məqsədi ilə zəruri addımlar atılır. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının istifadəsinə ən müasir ilk yardım tibbi avadanlıqları, o cümlədən, immobilizasiya şinaları, defibrilyator, süni tənəffüs apparatı, kardiomonitor və s. ilə təchiz olunmuş yeni sanitar avtomobillər təqdim edilib.

Stansiyanın nəzdində ən müasir tədris avadanlıqları, simulyasion mulyajlarla, təcili tibbi yardımın sanitar avtomobilində olan avadanlıqlarla təmin olunmuş Təlim tədris mərkəzi fəaliyyət göstərir.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası beynəlxalq səviyyəli tədbirlərdə təcili və təxirəsalınmaz tibbi yardım xidmətini yüksək səviyyədə təmin edir. I Avropa oyunları zamanı idmançılara və tədbir iştirakçılarına keyfiyyətli xidmət göstərmək üçün Stansiyanın həkim və orta tibb işçiləri beynəlxalq tələbatlara cavab verən ürək və ağ ciyər reanimasiyasının müasir məsələlərini əhatə edən BLS və ACLS kurslarına cəlb olunublar. Bu məqsədlə Stansiyanın bölmələrinin seçilmiş həkimləri Avropadan dəvət olunmuş mütəxəssislərin keçirdiyi məşğələlərdə iştirak edərək təlimçi sertifikatı alıblar.

Aytən ZƏHRA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı