
“Uşaq hüquqlarının təmin edilməsi ilə bağlı Azərbaycanda ədliyyə sistemində islahatların sürətləndirilməsinə ehtiyac var”.
Modern.az-ın xəbərinə görə, bunu aprelin 21-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Yorun Villems deyib.Onun sözlərinə görə, bu gün ümumiyyətlə, Avropada uşaqların 90 faizi yoxsulluq risqi altındadır. Eyni zamanda, onların hüquqlarının pozulması risqləri gündən-günə artır:
"Ona görə uşaq hüquqlarının təmin edilməsi, bu yöndə qanunvericiliyin təkmilləşdirilməsi və onun icrasına nəzarətin gücləndirilməsi çox aktual məsələ kimi hamının qarşısında dayanır".
O xatırladıb ki, hazırda dünya əhalisinin üçdə birini, Avropa əhalisinin beşdə birini uşaqlar təşkil edir. "Azərbaycanda da əhalinin 40 faizini uşaqlar, yeniyetmələr, 25 yaşdan aşağı olanlar təşkil edir. Bunun özü isə uşaq hüquqlarının təmin edilməsinin nə qədər vacib olduğunu bir daha göstərir"-deyə, Y. Villems bildirib.
Ağa AKİFOĞLU