Modern.az

Həkimlər sertifikasiya imtahanı verdilər, uğur qazananları hansı üstünlük gözləyir?

Həkimlər sertifikasiya imtahanı verdilər, uğur qazananları hansı üstünlük gözləyir?

5 Yanvar 2011, 17:12

Yanvarın 5-də Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin ilk imtahanları keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bugünkü imtahanlar Ginekologiya və Terapiya üzrə ixtisasları keçirilib.
İmtahanın şərtlərinə görə, 3 saat ərzində verilmiş 100 sualdan ən azı 60 suala düzgün cavab verən həkimlər növbəti mərhələyə, müsahibəyə buraxılacaqlar.

Modern.az xəbər verir ki, sertifikasiya prosesi Prezidentin 2009-cu il 21 dekabr tarixli fərmanı və Nazirlər Kabinetinin 2010-cu il 08 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”na uyğun həyata keçirilir.
“Sertifikasiyanın məqsədi əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və ölkədə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılmasıdır. Sertifikasiya prosesinə beş ildə bir dəfə ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri cəlb edilirlər”-deyə nazirlikdən bildirilib.
Səhiyyə mütəxəssislərinin sertifikasiyası 2 mərhələdə - test və müsahibə yolu ilə reallaşdırılır. Test imtahanı 100 sualdan ibarətdir və 3 saat ərzində cavablandırılmalıdır. Test imtahanının yekununa görə 60 və ya daha çox bal toplamış şəxslər müsahibəyə buraxılacaqlar.

Nazirlik test imtahanının nəticələrini imtahan keçirilən tarixdən 3 gün müddətində bəyan edəcək.

Müsahibəyə buraxılanlara ixtisasına aid, habelə onun praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən suallar veriləcək. Müsahibə açıq, hər bir şəxslə fərdi qaydada, ixtisas komissiyasının üzvləri ilə söhbət formasında 30 dəqiqəyədək müddətdə aparılacaq.  
Test imtahanının və müsahibənin nəticələri əsasında sertifikasiyadan keçən şəxslərə sertifikasiya şəhadətnaməsi veriləcək və onlar 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edəcəklər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə