Modern.az

Dövlət Sosial Müdafiə Fondu 49614 müraciəti cavablandırmalı olub

Dövlət Sosial Müdafiə Fondu 49614 müraciəti cavablandırmalı olub

6 Yanvar 2011, 10:57

2010-cu il ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müasir tipli "190" nömrəli telefon məlumat xidmətinə ümumilikdə 49 614 müraciət ünvanlanıb. Bu barədə Modern.az saytına Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Məlumata görə, sorğu və müraciətlərin 54 faizi canlı rejimdə, birbaşa olaraq məsləhətçi-operatorlar tərəfindən cavablandırılıb. Telefon məlumat xidmətinə daxil olan müraciətlərin 46 faizi isə qeyri-iş günlərinə təsadüf edib və bu zaman suallara avtomatik olaraq elektron operator tərəfindən standart formada cavablar verilib.         
Hesabat dövründə “190" nömrəli telefon məlumat xidmətinə canlı rejimdə daxil olan sorğuların 47,6 faizi (12 773) bilavasitə pensiya məsələlərinə aid olub. Müraciətlərin 25,8 faizini (6909) məcburi dövlət sosial sığortasına dair sorğular əhatə edib. Məlumat xidmətinə ünvanlanan müraciətlərin 26,6 fazi (7151) isə fərdi uçotun təşkili və digər məsələlərlə bağlı olub.      
Sorğuların təhlili göstərir ki, telefon məlumat xidmətinə ünvanlanan müraciətlər daha çox maarifləndirici xarakter daşıyıb. Belə ki, suallar arasında sosial sığorta şəhadətnaməsinin əldə edilməsi üçün tələb olunan sənədlər, ilk dəfə əmək fəaliyyətinə başlayan vətəndaşın sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi qaydaları, güzəştli şərtlərlə kimlərin pensiyaya çıxmaq hüququnun olduğu, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər, sosial sığorta üzrə ödəmələrin növləri, sığortaedənlərin, eləcə də sığortaolunanların hüquq və vəzifələri kimi məsələlər üstünlük təşkil edib. Müraciətlər arasında bilavasitə Fondun səlahiyyətlərinə aid olmayan məsələlər də azlıq təşkil etməyib. Bu müraciətlərlə əlaqədar vətəndaşlara lazımi izahatlar verilib, onlara müvafiq qurumlara müraciət etmək tövsiyə olunub.
Qeyd edək ki, telefon məlumat xidmətindən istifadə qaydaları barədə məlumat və xüsusi maarifləndirici videorolik DSMF-nin saytında (www.sspf.gov.az) yerləşdirilib. Məlumat xidməti canlı və avtomatik rejimdə olmaqla fasiləsiz fəaliyyət göstərir. Canlı rejim həftənin iş günləri olan dövrü əhatə edir və bu zaman sorğu və müraciətlər birbaşa olaraq məsləhətçi-operatorlar tərəfindən cavablandırılır. Canlı rejimdə göstərilən telefon xidməti iş günü ərzində fasiləsiz, saat 09.00-dan 13.00-dək və 14.00-dan 18.00-dək olmaqla iki növbəli xidmət əsasında həyata keçirilir.  13.00-dan 14.00-dək isə telefon məlumat xidməti canlı iş rejimindən avtomatik iş rejiminə keçir. Bu zaman suallar avtomatik olaraq elektron operator  tərəfindən standart formada cavablandırılır. Avtomatik iş rejimi həmçinin iş vaxtından sonrakı saatlarda, həftənin qeyri-iş günləri və bayram günlərində fəaliyyət göstərir.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə