
Bir qrup həkim nəcib bir təşəbbüs irəli sürüb. Belə ki, onlar illik toplantılarından birini Füzuli rayonu Böyük Bəhmənli kəndində keçirməyə qərar veriblər.
Modern.az-ın məlumatına görə, millət vəkili Rəşad Mahmudov, həkimlər Əli Quliyev, İkram Rustəmov və Nəsimi Cabbarovun bu təşəbbüsü digər həmkarları tərəfindən də yüksək dəyərləndirilib. Nəticədə “II Anadangəlmə ürək qüsurlarında yenilik konfransı" adlı tədbir "Uşaq ürəkləri Qarabağda döyünür" şüarı ilə keçirilib.
Deputat, doktor Rəşad Mahmudov bildirib ki, “Uşaq ürəkləri Qarabağda döyünür” şüarı ilə yola çıxdıqları bir həftəlik aksiya çərçivəsində ürək-damar xəstəliklərindən əziyyət çəkən məcburi köçkün və ətraf rayonlardakı vətandaşlar üçün yüksək ixtisaslı kadrlar tərəfindən ambulator müayinə və müalicələr təşkil olunacaq, bununla yanaşı uşaqlar başda olmaqla ağır ürək qüsuru olan xəstələr üzərində açıq ürək əməliyyatları icra ediləcək.
“Açıq ürək əməliyyatları ilə birlikdə keçiriləcək elmi-təcrübi konfransda Füzuli və ətraf rayonlarda fəaliyyət göstərən həkimlərimizlə anadangəlmə ürək xəstəlikləri sahəsində dünyada qazanılmış yeniliklər müzakirə olunacaq, təcrübə mübadiləsi aparılacaq”.
Həmkarlarına müraciətində R.Mahmudov deyib ki, son illər dünyada hökm sürən böhran nəticəsində Avropaya üz tutmuş qaçqın-köçkünlərlə əlaqəli problemlər hamıya məlumdur.
“Əlbəttə, 24 ildən bəri doğma yurdlarından didərgin düşmüş həmyerlilərimizin bütün sosial problemləri kimi, səhiyyə problemlərinin də həlli dövlətimiz üçün həmişə prioritet istiqamət olub. Amma biz həkimlər bu işlərin təşkilinin və xalqa düzgün xidmətin çatdırılmasının mövcud şəraitdə nə qədər çətin olduğunun fərqindəyik. Bütün çətinliklərə baxmayaraq, dövlətimiz və Səhiyyə Nazirliyimiz üzərinə düşən məsuliyyətin öhdəsindən layiqincə gəlməkdədir. Buna ən gözəl nümunə, Böyük Bəhmənli kimi ucqar kəndlərimizdə yüksək texnoloji əməliyyatların tətbiq oluna biləcəyi səhiyyə ocaqlarının olmasıdır”.
Deputat bildirib ki, vətəndaşlara keyfiyyətli səhiyyə xidmətləri göstərilməsi üçün hər bir Azərbaycan həkiminin üzərinə böyük məsuliyyət düşür.
“Həyatını gecə-gündüz insanların sağlamlığına həsr edən hər bir səhiyyə işçisinin arzusu qan tökülmədən, insan itkisi olmadan, sülh şəraitində torpaqların geri qaytarılmasıdır. Dövlətimiz və səhiyyəmiz milliyətindən və dinindən asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşına doğma Qarabağımızda ən yüksək tibbi xidməti göstərməyə hazırdır”.

Modern.az