Xeybər Göyyallı
Praqmatik adamların çoxunun bu dünyada ədalət adlı dəyərin olduğuna inanmadıqlarını eşidəndə onları çox vaxt qınamışam. Rastlaşdığım ultapraqmatiklərin bəziləri nümayişkaranə şəkildə deyirlər ki, bu gözəlim dünyada ədalət deyilən dəyər yoxdur. Vallahi-billahi, deyəsən elədir ki, var. İnanıram ki, sizlər də burada dediklərimi oxuduqdan sonra bir çox praqmatiklər kimi deyəcəksiniz: bu dünyada, doğrudan da, ədalət yoxdur!
Qədim əyyamlardan deyiblər: Padşahlar (yəni indiki zamanın prezidentləri) bir olan Allahın yerdəki seçilmişləridir. Hətta bu fikri bir qədər də tündləşdirib deyiblər ki, padşahları Tanrı seçib bəndələrinə göndərir. Elə isə Tanrı tərəfindən seçilmiş olan Obama və Putin cənabları Tanrının seçilmişləri olaraq niyə ədalət deyilən İLAHİ dəyərin gerçəkləşməsinə tərəfdar deyillər? Bir qədər ədalətli olan Obama deyir ki, Qarabağ məsələsinin hərbi yolla həlli yoxdur. Atəşkəs olsun! Qarabağ problemi BMT-nin nizamnamə və qətnamələri çərçivəsində həll edilsin! Ancaq dünyanın o boyda nəhəng dövlətinin başçısı birmənalı demir ki, Qarabağ Azərbaycanın suveren ərazisidir,erməni silahlı birləşmələri həmin torpaqları qeydsiz-şərtsiz tərk etməlidirlər. Dünyanın ən nəhəng dövlətinin başçısına sual edirəm: Kaliforniyada məskunlaşmış bir qrup erməni silah gücünə özlərinin müstəqilliyini elan etmələrinə ABŞ dövləti necə reaksiya verər? Mən tam məsuliyyətlə cavab verirəm ki, belə olduqda, ABŞ dövləti qanunun imkan verdiyi bütün vasitələrdən ən kəskin formada istifadə edər.
İndi gələk Rusiya prezidenti Putinə. Əsas odur. Çünki Rusiya bizə məlum səbəblərdən erməniləri çox sevir. Elə ədalət adlı dəyərin də fövt olması bu şoqərib erməni sevgisindəndir. Axı sevən tərəfin sevgidən gözü kor olur. Kor olan göz heç nəyi görə bilmir. Nəinki abstrakt sayılan ədaləti, heç ağı qaradan belə seçə bilmir. Rusiya tərəfi də ABŞ kimi deyir: Qarabağ məsələsinin hərbi yolla həlli yoxdur! Amma ermənilərə dərin sevgisi olan Rusiyanın başbilənləri Amerikadan çox-çox qabağa gedib deyir ki, Qarabağda qiyamətə qədər atəşkəs olsun. Çünki atəşkəsi tez-tez pozan ermənilər üçün qiyamətin qopacağından haylardan çox, onların arxasında duranlar qorxurlar. Əgər belə qorxursunuzsa, niyə problemin ədalətli həllinə çalışmırsınız. Əgər Qarabağ probleminin hərbi yolla həlli yoxdursa, onda niyə ermənilərə vaxtaşırı silah-sursat bəxşiş edirsiniz.
Dünənki informasiya daha məzhəkəlidir. Qarabağda hərb istəməyən Rusiya tərəf-müqabili ermənilərə 200 milyon kredit ayırır və bunun əvəzinə onlara müasir silahlar hədiyyə edir. Bunun ardınca isə özünü humanist kimi göstərən Rusiya bir gündə beş dəfə bəyanat verir: Atəşkəs kövrəkdir. Hər an müharibə başlaya bilər.
Əlbəttə, hər dəfə ermənilərə 200 milyonluq silah-sursat verəndə müharibə başlayacaq da. (Ermənilər onsuz da birtərəfli qaydada müharibəni Rusiya silahları ilə davam etdirir). Sizin verdiyiniz müftə bombaları, top mərmilərini, raketləri ermənilər gecə-gündüz Azərbaycanın mülki əhalisinin başına yağdırır. Bu necə atəşkəsdir?! Rusiya tərəfi ermənilər mərmi, raket atanda, Azərbaycanın dinc sakinləri öləndə əsla narahat olmur. Onları narahat edən erməni tərəfinin cavab atəşləri ilə susdurulmasıdır.İndi Rusiyanın bu işinə mat qalmayıb, nə edəsən?! Amma daha mat qalmaqdan keçib. Daha gizli heç nə qalmayıb. “Daha qaranlıqlar aydınlaşıb, kimin əlinin kimin cibindən çıxdığı gün kimi bəllidir”. Kimi aldadırsınız, bunlara daha heç uşaq da inanmır.
Amma unutmayın ki, bu dünyada ƏDALƏT deyilən bir nəsnə var. Deyirlər ki, ədalət gec-tez yerini tapır. İnanırıq ona. Ona da sidqi ürəkdən inanırıq ki, ədalətsizlər də gec-tez Tarı tərəfindən cəzalanacaqlar.