
Müharibə əlilləri, veteranları hər bir dövlətin və xalqın tarixində mühüm rol oynamış insanlardır.
Çünki onların lazım olan anda döyüşə girərək vuruşmaları dövlətin və xalqın gələcək müqəddəratını həll edib.
Bu baxımdan veteran və əlillərə münasibət sözün hər bir mənasında elə yaxşı olmaldır. Amma təəssüf ki, bəzən cəmiyyətdə müharbiə veteranları, əlillərə yanaşma heç də birmənalı olmur. Xüsusilə də hansısa vəzifəli şəxs tərəfindən..
Bəzən müharibə vetranı, əlil nədənsə narazı olanda, ya da haqqını tələb edəndə adi insanlardan tutumuş dövlət məmurlarına qədər kimlərsə onlara “ağlın var idi gedib döyüşməzdin”, “səni müharibəyə mən göndərmişdim?..” kimi ifadələrlə aşağılayıcı münasibət göstərblər. Bu əcaib yanaşma əvvəllər də olub, indi də var.
Müharibə əlili və veteranlarına qarşı bu cür qərəzli yanaşmaya görə ictimai qınaq necə formalaşdırılmalıdır? Yaxud belə hallara görə cinayət məsuliyyəti yarana bilərmi?
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Modern.az saytının bu mövzudakı suallarını şərh edib.
Deputat 24 il öncəyə ekskurs edib:
“Mənim yaxşı xatirimdədir ki, hələ Xalq Cəbhəsinin vaxtında İkinci Dünya Müharibəsi iştirakçılarını, Əfqanıstan veteranlarını və Çernobl əlillərini “xalq düşməni” elan etmişdilər. Onlara deyirdilər ki, “siz xalq düşmənisiniz. Axı sizin nəyinizə lazım idi ki, gedib Rusiya üçün döyüşürdünüz?”.
Amma bu gün isə tam əksinə olaraq müharibə veteranları, əlillər maşınla, evlə, maddi yardımlar təmin edilirlər. Ümumilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra əlil və veteranlara xüsusi diqqət və qayğı yaramağa başladı.
Dünya ölkələri, keçmiş sovet dövlətləri və Cənubi Qafqazı götürdükdə Azərbaycan qədər müharibə əlilləri və veteranlarına, Əfqanıstan və Çernobl əlillərinə olan diqqət və qayğı heç bir yerdə yoxdur.
Biz bir ay öncə bütün veteran və əlil təşkilatlarının rəhbərləri, üzvlərilə görüş keçirdik. Onlarla müzakirə apararaq, mövcud problemlərini öyrənməyə çalışdıq. Gördük ki, əlil və veteranların hamısı cənab prezidentin yaratdığı şəraitdən razıdırlar”.
Siyavuş Novruzov bildirib ki, bəzi insanların, yaxud dövlət orqanlarındakı məmurların müharibə veteranlarına, əlillərə qərəzli münasibəti heç də ümumiləşdirilə bilməz:
“Cəmiyyətdə bəzi insanların, dövlət orqanlarında bəzi məmurların əlillərə, müharibə veteranlarına hansısa anlaşılmaz, mənfi münasibəti bütünlükdə hamının yanaşması demək deyil. Amma bu gün belə hallar ümumilikdə müharibə veteranlarının, əlillərin adına və şərəfli xidmətlərinə heç bir xələl gətirə bilməz.
Müəyyən məsələlər var ki, onlar qanunvericilikdə, icra hakimiyyəti orqanlarında, ayrı-ayrı dövlət qurumlarında öz həllini tapmalıdır.
Bəzən elə insanlar və yaxud qurumlar olur ki, insanları başa düşmür, yaxud başa düşmək istəmir. Təbii ki, belə hallar çox deyil.
Ölkə qanunvericiliyinə görə, əgər müəssisə və təşkilatda ixtisarlar gedərsə ən axırıncı məqamda əlillər, müharibə veteranları pul kompensasiyaları ödənilməklə işdən azad edilə bilərlər.
Bəzi şirkət rəhbərləri düşünür ki, əgər müəssisədə ixtisarlar olsa, elə ilk növbədə müharibə veteranlarını, əlilləri çıxarmaq lazımdır. Amma bu kökündən yanlış düşüncədir və belə hallar yolverilməzdir.
Əlillərə, müharibə veteranlarına mənəvi baxımdan düzgün yanaşmaq və qayğı göstərmək təkcə dövlətin, dövlət orqanlarının işi deyil. Bu işi bütünlükdə cəmiyyət olaraq həyata keçirməliyik, icra etməliyik. Çünki bu bizim mənəvi borcumuzdur”.
Deputat deyib ki, müharibə veteranlarına münasibətə görə ictimai qınaq məsələsində mətbuatın rolu çox böyükdür.
“Mətbuat bu sahədə olan neqativ düşüncələrin, yanaşmaların dağılmasında mühüm rol oynaya bilər və bu gün həmin rolu oynayan media qurumları da var.
Aprel ayının əvvəlində cəbhədə vəziyyət gərginləşəndə ilk növbədə müharibə veteranları, hətta əlillər də cəbhəyə - döyüşməyə getmək istəyirdilər. Çünki onlar Azərbaycanı, vətənini çox sevirlər.
1993-cü ildə Beyləqan az qalırdı ki, tamamilə işğal olunsun. Əfqanıstan müharibəsi veteranları irəli atıldılar, Beyləqanı əldən getməyə qoymadılar. Onlar böyük şücaətlə Beyləqanı əldə saxladılar. Keçirilən əməliyyat nəticəsində Əfqanıstan veteranları Horadizdə də əsl qəhrəmanlıq göstərdilər .Onların döyüş təcrübələri var”.
Ağa AKİFOĞLU